Bilirəm ki,
ilin-günün bu vaxtında sizlərə müraciətim heç yerinə düşmədi. Hamımızın başı
qarışıqdı. Gözümüz Ukraynadadı, qulağımız Polşada. Futbol üzrə Avropa
Çempionatının ən ürək yanan vaxtında nəsə başqa bir şey barəsində düşünmək heç
ağlımızdan keçmir. Milli komandalar ələndikcə həyəcan daha da artır.
Çempionatdan canlı yayımları izləyəndə barmağımızı kəssələr xəbərimiz olmaz.
Ronaldo, Xavi,
Fabreqas, Kasilyas, Özil, Benzema, Şevçenko, Arşavin, Podolski, Robin van
Persi, Runi, Balotelli, Çex, Modriç, İbrahimoviç... ulduzların meydançada
yaratdıqlarını izləmək adrenalindi. Biz kişilər televizora baxıb böyük futbol bayramının
dadını çıxarırıq, xanımlarımız isə futbolu kəşf edənə qarğış göndərməklə
əsəblərini soyudurlar.
Şərikli Avropa Çempionatı bizi bütün
iş-gücdən ayırıb. Biri elə mən özüm. Ukrayna və Polşanın stadionlarına baxdıqca
kitab-dəftərdən, yazı-pozudan uzaq düşmüşəm. Neçə gündü ki, Aleksandr
Bestujev-Marlinskinin "Molla Nur” povestini oxuyub başa çatdıra bilmirəm. Rəhmətlik
Tofiq Rüstəmovun tərcümə etdiyi kitabı əlimə alıb bir az oxuyan kimi elə
bilirəm Ronaldo mənə tərs-tərs baxır. Özil əks-hücumu yarımçıq saxlayıb yan
xətt hakiminə "Fatmagülün suçu nə?” serialının özətini danışır. Kasilyas
qapısını tərk edərək topdaşıyan cocuqları başına toplayıb və onlara mahnı
oxuyur:
Yarın baxçasında üç gül bitirdim,
Ağ gül, qırmızı gül, bir də Dərnəgül.
Ona görə də
tez kitabı bağlayıb gözümü futbol reportajına zilləyirəm. Gözüm gözüm olasan. O
gün futbol oyununda yaranan 15 dəqiqəlik fasilədən istifadə edib internet
saytlarına göz atdım. Rastlaşdığım xəbər məni ildırım kimi vurdu. Rəngim bizim
Yasamaldakı Şərifzadə küçəsinə yeni döşənən asfalt kimi qaraldı.
Xəbərdən
məlum oldu ki, müğənni Rəqsanə məhkəməyə verilib. Kirayə qaldığı mənzilin
pulunu ödəyə bilmədiyinə görə ev sahibi müğənnidən şikayətçidi. Ev yiyəsi
deyir, tez ol, ya pulu ödə, ya da mənzili boşalt. Uzun illərdi ki, kirayə
qaldığımdan bu mənzərə mənə tanış gəlir.
Diqqətimi Avropa Çempionatının
oyunlarından ayıran, ildırım kimi vuran və üzümün rəngini küçəmizin yeni asfaltı
kimi qaraldan bu xəbərdən sonra əlim-ayağım titrəyir. Mən indi "Ədalət”in
yazarı yox, futbolçu olsaydım, yəqin ki, bu vəziyyətdə topu öz qapımızdan
keçirərdim. Və yaxud, topu rəqibin boş qapısından 15 metr aralı vurardım.
Necə yəni Rəqsanə kirayədə yaşayır və
üstəlik, kirayə pulunu ödəyə bilmədiyinə görə məhkəməyə verilir... Kişilər, bəs
siz hara baxırsız? Biz hara baxırıq? Vaxt vardı ki, Rəqsanə "Q” deyəndə ona ən
bahalı avtomobil, "A” deyəndə qır-qızıl almaq üçün növbəyə dayanan kişilər
vardı. Hələ mən Rəqsanənin plastik əməliyyatlarına kisə-kisə pul xərcləyənləri,
müğənninin itinə ingilis dili öyrədən müəllimə bağ evi alanları demirəm. İndi niyə bir kişi irəli çıxıb
səxavətini göstərmir?
Futbol üzrə
Avropa Çempionatı gedir deyə Rəqsanə kimi ünlü sənətçi gül kimi vaxtını məhkəmə
proseslərində keçirməlidi? Rəqsanənin oxuduğu bir-birindən hit mahnılar bir
topa da dəymədi?
Kişilər, 5-10
dəqiqə gözünüzü bir topun arxasınca qaçan 22 kişidən ayırmaqla dünya dağılmaz.
Həmin müddətdə futbola baxmasanız, bütün fikrinizi musiqi mədəniyyətimizin xalq
artisti Səməd Səmədovdan sonra ikinci nəhəng siması Rəqsanənin probleminə ayırsanız
nə Ronaldo Ronaldoluğundan qalacaq, nə İbrahimoviç qiymətdən düşəcək, nə də
qapıçı Çex papağını başından çıxaracaq, nə Kasilyas qapını tərk edib mikrorayon
tikməyə gedəcək. Nə də Özil Türkiyə yığmasına çağırılacaq.
Kişilər,
futbolçular qaçsa da futbol özü qaçmır. Gəlin əl-ələ verib birləşək. Musiqimizə
dəyərli sənət əsərləri bəxş edən Rəqsanənin ev kirayəsinə olan borcunu son
qəpiyinə qədər ödəyək, sənətçini növbəti məhkəmə təhlükəsindən xilas edək. Axı
biz nəhəng Mirzə Ələkbər Sabiri vərəmlədən, milli mətbuatımızın banisi Həsən
bəy Zərdabini acından öldürən, "Molla Nəsrəddin”i yaradan Cəlil
Məmmədquluzadəni soyuqdan donduran, əlyazmalarını sobada yandırmağa məcbur edən
babalarımızın davamçılarıyıq. Axı biz
Rəqsanəyə ən son model xarici avtomobil almaq üçün yarışan, müğənninin itinə
ingilis dili öyrədən müəllimə pul xərcləyən kişilərin qohum-qardaşı, dostuyuq. Bir
vaxtlar Rəqsanəyə vaqon-vaqon para xərcləyən kişilər, haralardasız ki, sizi
görə bilmirəm. Yenidən irəli çıxıb səxavət göstərməyin tam zamanıdı. Əks halda
bu gün belə çətin və həssas məqamda irəli çıxa bilməyənləri, futbol
çempionatını bəhanə edib evdə oturanları tarix bağışlamayacaq.
Rəqsanənin
sponsorları, bahalı avtomobillərinə, plastik əməliyyatlarına, itinə-pişiyinə
əcnəbi dil öyrədən müəllimlərinə pul xərcləyən kişilər, birləşin! Birləşin,
atışaq, müğənninin kirayə borcunu ödəyək.
Elə etməyin
ki, Rəqsanəyə sponsorluğu öz boynuma götürüm. Məni buna vadar etməyin...
|