Həyatda təsadüf çox
nadir hallarda olur. Baş verən hər hansı bir hadisə ondan əvvəlkinin davamı və
ya növbəti bir olayın başlanğıcıdı. Bu yazıya başlayanda təqvimdə yeni gün
başlamışdı -22 iyun. Yəni tarixi bir gün. Düz 72 il öncə almanlar çıxdıqları
yerdən sovetlərə hücuma başladılar. Hələ o zaman çox gənc olan babalarımız dava
paltarlarını geyinib getdilər nemeslərlə vuruşmağa. Çoxu heç geri qayıda
bilmədi. Ailəsinin yanına dönənlərin çoxu yaralanıb gəldi. Böyük şairimiz Ramiz
Rövşən demişkən
Oğul
gəlib dizinəcən
Hanı
dizdən aşağısı…
Nemeslərin üzündən
babalarımızı doyunca görə bilmədik. Babalarımdan birini heç görmədim. Davadan
dönmədi ki… O biri babam müharibə gedən yerlərdə ayaq barmaqlarını qoyub gəldi.
Həyatda təsadüf çox
nadir hallarda olur. Böyük Vətən Müharibəsi deyilən bu böyük savaşın başlaması
qeyd olunan günlərdə hansısa bir hiss məni dünya şöhrətli yazıçı Çingiz
Aytmatovun evimizdəki kitabına tərəf çəkirdi. Və bu günlərdə yazıçının "Erkən
gələn durnalar” povestini oxumağa başladım. Müharibə dövründə min bir əziyyətə
qatlaşan qırğız uşaqları Almaniyadan şad xəbər gözləyirlər. Müharibənin
bitəcəyinə, atalarının davadan sağ-salamat qayıdacaqlarına inanırlar.
Tarixin sonrakı
gedişi bütün dünyaya məlumdu. Babalarımız nemesləri çıxdıqları yerə qədər qovub
qələbə qazandılar. Almaniyadan şad xəbər gəldi. Düzdü, indi həmin o tarixi,
dünyanın xəritəsini dəyişən qələbəyə münasibət birmənalı deyil. Bu mühakiməni
zamanın öhdəsinə buraxıb keçək futbola…
Həyatda təsadüf çox
nadir hallarda olur. Bu arda "Xəzər Lənkəran” futbol klubu yeni mövsümə
hazırlıqlarına nemeslərin çıxdığı yerdə başlayıb. Klubun minlərlə azarkeşi yenə
Almaniyadan şad xəbər gözləyir. Hamı orada baş verənləri diqqətlə izləyir,
xırdaca detalı belə gözdən qaçırmamağa çalışır.
Babalarımız demişkən,
başına gələn başmaqçı olar. Əvvəlki toplanışlarda buraxılan səhvlər,
qeyri-ciddi addımlar "ağ-yaşıl” gəmini içindən yedi. Bu üzdən ən möhtəşəm
tərəfdar ordusuna malik "Xəzər Lənkəran” milli çempionatda layiq olmadığı yerə
gəldi. Cənublu fanatların Almaniyada başlayan hazırlıq prosesinə belə həssas
yanaşmaları başa düşüləndi. "Xəzər Lənkəran” bu dəfə ötən mövsümün ağrı-acısını
unutdurmalı, dostları sevindirməli, düşmənləri kədərləndirməlidi. Ona qarşı
yumruq uzadanlar, şıllaq atanlar, yuxarıdan aşağı baxmaq istəyənlər yerlərini
bilməlidi. "Ağ-yaşıl” gəmi elə sürətlə irəliləməlidi ki, rəqiblər ona çata
bilməsinlər. Bütün bu işlərin də təməli toplanış dövründə qoyulmalıdı.
Cənublu fanatların
bir öz özəlliyi də var. Onlar nə yaxşılığı unudur, nə də pisliyi. Ötən
toplanışlar kimin yadında deyil ki? Azarkeşlər göyə baxmaqdan yorulmuşdu. Klub
rəhbərliyi, məşqçilər transfer etmək bir yana, heç məşqə başlamağa futbolçu
tapa bilmirdi. Elə hey deyirdilər ki, klub ulduz futbolçu transfer edəcək. Amma
sonda məlum olurdu ki, ulduz nədi, heç "kitayski” fənər də tapılmır.
Bir neçə gündü
nemeslərin çıxan yerindən yaxşı xəbərlər gəlir. Klubun məskunlaşdığı oteldə
"Xəzər Lənkəran” futbolçularının əlindən tərpənmək olmur. Dünya şöhrətli baş
məşqçi Toşakın ürəyinə yol tapmaq üçün futbolçular tər tökür, dəridən-qabıqdan
çıxırlar. Təbii ki, bu hələ yetərli deyil. Klub Toşakla birgə Avropadan tutmuş
bizim Azərbaycana qədər hər yerə adından söz etdirmək istəyirsə, hələ bir xeyli
güclənməlidi.
Klub rəsmiləri indi
Almaniyada ora-bura qaçan heyətin sayına baxıb aldanmamalıdı. "Xəzər
Lənkəran”ın qapılarını daha səviyyəli futbolçular üçün bağlamaq hələ tezdi.
Klub rəhbərliyinin
əlinə tarixi bir şans düşüb. Çəkişmələri, intriqaları bir kənara qoyub
komandanı daha da gücləndirmək yolunda baş məşqçi Toşaka imkan yaratmaq
lazımdı. Azarkeşlərə ötən mövsümdən qalan borcdan yalınız bu yolla qurtulmaq
olar.
Görək klub rəhbərliyi
bu tarixi şansdan necə yararlanacaq. Dostların yanında olacaq, yoxsa düşmənlərin?
Həyatda təsadüf çox
nadir hallarda olur. Biz yenə Almaniyadan şad xəbər gözləyirik...
|