Keş ki,
"Xəzər Lənkəran” "Lex” səddini keçib Avroliqada daha bir mərhələ adlayaydı.
Heyf lənətə gəlmiş "Lex” yenə yolumuzu
kəsdi. Bu dəfə də minlərlə "Xəzər Lənkəran” azarkeşi qəmə batdı. Yenə rəhbərlik
deyən oldu. Estoniyanın sınıq-salxaq "Nomme Kalyu”su üzərində səfər qələbəsi sayəsinə
klub tarixində ilk dəfə mərhələ keçdi. Vəssalam. İndi nə teleyayım üçün pul
tələb edən olacaq, nə də bahalı transferlər istəyən. Ümummilli məhsulumuz olan
xiyar barəsindəki məşhur deyimdəki kimi-yesəniz də budu, yeməsəniz də... Və
yaxud da ən kəsəsi- Gediniz hoppanınız!
Yarandığı
gündən bəri cəmi bir dəfə Avropa miqyaslı turnirdə mərhələ keçən "Xəzər
Lənkəran” bu işi bacaran Yunis Hüseynova stadionun böyür-başında heykəl də qoya
bilər. Səmədzadə küçəsini də bundan sonra Hüseynov küçəsi kimi təqdim etmək
mümkündü. Niyə də olmasın?
Əgər baş
məşqçinin "Lex”lə cavab oyununda meydana buraxdığı futbolçular 90 dəqiqə
ərzində qapıya bircə dənə də olsun düz zərbə vurmurlarsa, rəqib qapıçı
təhlükəni dəf etmək üçün bircə dəfə də yerə yıxılmırsa, "Xəzər Lənkəran” yalnız
əlavə olunmuş dəqiqələrdə cərimə meydançasına girə bilirsə və oyunun sonunda
Yunis Hüseynov "Komandam yaxşı oynadı” deyirsə, bu adam həqiqətən də
heykəlləşməyə layiqdi. Gəncəli Del Boskenin transfer bacarığı isə tamam ayrı
bir yazının mövzusudu. Bu barədə növbəti yazıda inşallah.
Rəhmətlik
Ağabəy Sultanovdan sonra məmləkətdə ən güclü psixoloq kimi tanınan Yunis
Hüseynovun komandanı "Lex”lə cavab oyununa necə hazırlayacağı mənim üçün çox maraqlı
idi. Bu prosesi yaxından izləmək yaxşı olardı. Lakin klub yüksək peşəkarlıqla
idarə olunduğundan taktiki hazırlığın stenoqramın aparır və söhbətin stenoqramı
mətbuat üçün qapalı saxlanılır. Güc-bəla ilə çıxış yolu tapdım. Klubun texniki
heyətində çalışanlardan biri ilə bazarlıq yapdıq. Əvvəlcə həmin adama
stenoqramı mənə verəcəyi təqdirdə 4 Paldad dondurması boyun oldum. Adam
razılaşmadı. Xeyli çənə-boğazdan sonra 6 Paldad dondurmasına "Allah xeyir
versin” dedik. 12 dəqiqədən sonra stenoqram məndə idi. Bu vacib sənəd mənə 6
dondurmaya başa gəldiyindən artıq şəxsi mülkiyyətim sayılır. Xasiyyətcə xəsis
olmadığımdan onu dəyərli oxucuların da malı edirəm.
Deməli belə,
Poznan şəhərinin Böyük Bazar ərazisindəki bahalı otellərdən biri. 13-cü qatda
"Xəzər Lənkəran”ın toplantısı. Baş məşqçi oyunçuları psixoloji cəhətdən "Lex”lə
oyuna hazırlamalıdı. Futbolçular oturub baş məşqçini gözləyirlər. Yunis bəy
içəri daxil olur.
Yunis bəy: -
Salam uşaqlar!
Futbolçular
xorla: - Salam müəllim!
Yunis bəy: -
Sizə uşaqlar deyəndə xətrinizə dəyməsin. Mən klub tarixində mərhələ keçən ilk
məşqçiyəm. Mənim yanımda uşaq-muşaqsız. Nə isə. Deməli belənçik işlər. Sabah
"Lex”lə oyuna çıxacağıq. Qorxub-eləməyin. Onların baş məşqçisi loxun biridi.
Kamran
hazırsan?
İki-üç gündən
sonra hörmətsiz şəkildə qovulub transferə çıxarılacağından xəbərsiz qapıçı
Kamran Ağayev ayağa qalxır.
Kamran: - Mən
həmişə hazıram.
Yunis bəy: -
Onda de gəlsin.
Kamran:
Kəpəz dağda azalmırsa qırov,
Cıdır düzündə çəkilmirsə cilov,
Pul qazanmırsa Tuyqun Nadirov,
Mən belə Avroliqanı neynirəm?
Yunis bəy: -
Əla. Keç otur, bir dənəsən də. Səni heç kim bağlaya bilməz.
Oyuna ciddi köklənmək lazımdı. Uşaqlar
mən "Neftçi”də oynayanda çox qəribə işlər başıma gəlirdi. Deməli belə, bir dəfə
mən, Vidadi Rzayev və Nazim Süleymanov bazadan qaçdıq. İndiyə baxmayın, o
zamanlar bazanın yerləşdiyi küçə Leninin adını daşıyırdı. Hər oğul o küçədə qaça
bilməzdi. Gəldik "Beşmərtəbə”nin yanına peraşki yeməyə.
Oyuna ciddi
köklənmək lazımdı. Kim maraqlı lətifə danışa bilər? Amma çox gülməli olmasın,
yoxsa ciddi köklənməyə mane olar.
Subaşiç: -
Məni danışer?
Yunis bəy: -
Buyur. Day özümüzküsən də.
Subaşiç: -
"Lex”lə oyun qurtarır və biz mərhələ keçer.
Yunis bəy: -
Dedim axı çox gülməli olmasın, psixoloji cəhətdən köklənə bilməzsiz. Branamir,
özünü yaxşı apar. Bura sənin üçün model Validə Abbasovanın evi deyil. Elə eləmə
ki, səni kluba soxuşduran day-dayına zəng edim.
Uşaqlar,
oyuna Yaxşı köklənmək lazımdı.
İki gündən
sonra qovulacağından bixəbər Rikardo Qomeş ayağa qalxır: - Nəyi var kökəlmişəm.
Yunis bəy: -
Səməd, sən bilərsən, oteldəki televizor Yumurcaq TV-ni tutur? Tutursa tut saxla,
gedib bir az baxım. Dağılışın, axşam stadionda oyunöncəsi son məşqdi.
Axşam
futbolçular oyunun keçiriləcəyi stadionda son məşqə çıxıblar. Baş məşqçi onları
meydanın mərkəzinə toplayır.
Yunis bəy:
Dağ başında durmuşam,
Küsmüşəm, barışmıram.
Hamıdan güclü mənəm,
Lakin heç danışmıram.
Uşaqlar,
"Lex”in azarkeşləri oyun zamanı çox qışqırırlar. Köpəy uşaqlarının səsi başıma
düşür. Topu hər dəfə onların üstünə vurun ki, səslərini kəssinlər. Yoxsa oyunun
sonuna kimi başım ağrıyacaq.
Kamran əlcəyi
mikrofon kimi tutaraq irəli çıxır və Rəhim Rəhimlinin mahnısını oxuyur:
Başım ağrıyor,
Başım ağrıyor.
Yunis bəy ona
tərs-tərs baxır.
Yunis bəy: -
Məşqə hazırsız?
Futbolçular
xorla: - Bəli müəllim!
Yunis bəy: -
Başlayın!
Futbolçular
üzlərini məşqi meydançanın kənarından izləyən Tuyqun Nadirova tərəf çevirib
xorla deyirlər
Həkim baba sağ olsun,
Dörd tərəfi bağ olsun!
Yunis bəy: -
Afərin aslanlarım. Sizlə "Lex”i lox etmək su içmək kimi bir şeydi. Siz davam
edin, mən gedim su içim.
Yunis bəy
gedir. Məşqi klubun avtobusunu fırladan sürücü davam etdirir.
Sürücü: -
Uşaqlar, tormozu basmayın. Deməli belə, müdafiəçilər "Yevlaxı”, yarımmüdafiəçilər
"Qazaxı”, hücumçular isə "Ay lolo” rəqsini oynayın.
Futbolçular
oynayır. Yalnız Subaşiç verilən tapşırığa əməl etməyib arada gürcü rəqsinə
keçir.
Belə məşqin
nə ilə nəticələndiyini bütün Avropa gördüyündən stenoqramın ardını yazmıram.
Mənbə:
"Avrofutbol” saytı
|