İndi ən çətin iş oyunçu
tapmaqdı. FİFA-nın dəyər cədvəlində geri qalsaq da bəzi məsələlərdə öndə gedənlərdənik.
Klublarımızın az qala hamısı xaricdə təlim-məşq keçir. Ona görə də gözəlim Azərbaycanda
futbolçu gözə dəymir. Türkiyənin Antalya bölgəsi isə… Bu başqa məsələ…
Dəli şeytan adamın qulağına pıçıldayır ki, boş
durma, böyük Səməd Vurğunun məşhur beytini dəyişdir
Antalya çölündə qatar düz gedir,
"Xəzər Lənkəran”dan xəbərsiz gedir.
"Xəzər Lənkəran”da digər bərk yürüyən klublarımız
kimi toplanışı Antalyada davam etdirir. Klubdan maaş alan futbolçular orada tər
tökür, buradakı azarkeşlərin fikir çəkməkdən saç-saqqalı ağarıb.
Qış fasiləsi ərəfəsində cənub
klubunun rəsmiləri hər fürsətdə biz azarkeşləri arxayın edirdilər ki, narahat
olmayın, əvvəlki səhvlərdən nəticə çıxarmışıq. Bu dəfə transfer məsələsi tam fərqli
qurulub. Menecerlərimiz neçə aylardı dəmir çarıq geyinib dünyanı gəziblər. Yeni
Zelandiya, Avstraliya, Qvineya, daha nə bilim haralarda oyunçu bəyəniblər.
Deyirdilər yanvarın 15-dən sonra düşərgəyə o qədər oyunçu gələcək ki, bir
otaqda 8 nəfər qalası olacaq.
İnsafən, ilk günlər klub rəsmiləri
haqlı görünürdü. Fasilə yaranan kimi, futbolçularımızın təri soyumamış bir neçə
yeni oyunçu transfer olundu. Amma və lakin günlər ötdükcə məlum oldu ki, 8
futbolçumuz bir otaqda yatası olmayacaq. Vəssalam. Yəni Yeni Zelandiya,
Avstraliya, Qvineya… nağılı elə oralarda ilişib. Necə deyərlər, yenə köhnə
hamam, köhnə tasın "Yeni köhnə sauna, köhnə vedrə” versiyası…
İş o yerə çatıb ki, bizim
ispan məşqçisi Bakes də həyəcan təbili səsləndirib. Baş məşqçi transfer məsələlərində
gecikdiyimizi açıq mətnlə dilə gətirib. Əsas idman portalları da bu mesajı
el-aləmə yayıb.
"Xəzər Lənkəran” Antalyadadı.
Klubun minlərlə çılğın azarkeşi kimi mənim də ürəyimin tən yarısı bu dəqiqə
Türkiyənin bu əsrarəngiz bölgəsində döyünür. Ürəyimin o tərəfdə qalan tən
yarısının verdiyi məlumata görə son dəqiqələrdə klubun düşərgəsinə xeyli yeni
sima gəlib. Onlardan biri Con Bekman çox təcrübəli və məşhur personadı. Uzun
müddət NASA-da çalışıb. Uğurlu fəaliyyətindən sonra Pentaqona dəvət olunub. Son
illər orada silahlanma və ətraf mühit məsələlərinə cavabdehdi.
Riçard Harer də Amerikadandı.
8 il Texas ştatında gənc ailələrə yardım şurasının əsas rəhbərlərindən olub.
Bir neçə ildir ki, ABŞ Konqresində qlobal iqlim məsələlərini araşdıran elmi mərkəzdə
icraçı direktordu. İndoneziyada, Malidə, Hondurasda balinaların yemlənməsi üzrə
ekspert kimi mühazirələr oxuyub.
Yeni gələnlərdən İvan
Topmasski də "Xəzər Lənkəran” üçün tapıntı sayıla bilər. Polşada doğulsa da
Bolqarıstanda yaşayıb. Fikir Müxtəlifliyi və İnsan Haqları üzrə Ümumavropa Təşkilatının
Baş ofisində kreativ direktor kimi fəaliyyəti ilə bütün MDB məkanında tanınır.
İki ildir ki, ATƏT-in təbiətin qorunması üzrə Belçika iqamətgahında baş
ekspertdi.
Mənə elə gəlir ki, düşərgəyə
bu təzə qoşulanlar klubun gücünə güc qata biləcək.
Daha iki yeni transfer isə hələ
göydə olduqları üçün adlarını açıqlamaq istəmirəm. Düşər düşməzi olar...
|