"Kimlər gəldi, kimlər getdi bu klubdan, bu klubdan” mahnısının sədaları
altında yazı
Ölənin və vəzifədən gedənin arxasınca danışmaq yaxşı əməl sayılmır.
Bu üzdən Yunis Hüseynovdan heç nə yazmaq istəmirəm. Yunis bəy ölməyib, şükür
Allaha, sağ-salamatdı. "Xəzər Lənkəran”a etdiyi bütün pisliklərə rəğmən, ona
uzun ömür arzulayıram. Qoy o qədər yaşasın ki, bir zamanlar çalışdırdığı
"Karvan”ın Çempionlar Liqasında, "Standart”ın isə Avroliqada oyunlarını stadiondan
izləsin.
"Xəzər Lənkəran” baş məşqçi Yunis Hüseynov üçün
sonuncu iş yeri oldu. Bir yerli məşqçi də belə "öldü”. Bundan sonra hansı
prezident Yunis bəyə öz klubunu etibar etsə, həmin adamın ağıllı olmasına məndə
möhkəm şübhə yaranacaq.
İndi
"Xəzər Lənkəran”da yeni bir dönəm başlayıb. Baş məşqçi postuna hər kəs üçün
"sirli qutu” sayılan ispan Bakes gətirilib. Özü də "Barselona”dan. Düzdü, gənc
ispan bizim tərəflərə gələnə qədər heç bir klubda baş məşqçi maaşını almayıb,
necə deyərlər, rəqib komandanın toyuğuna "kişşş” deməyib. Həmişə "Xəzər Lənkəran”a
ya bəh-bəhlə baş məşqçi gətirəndə, ya da onu zurna-qavalla qovanda yanlış addım
atan klub rəhbərliyini qalanın açarlarını təcrübəsiz Bakesə təhvil verdikləri
üçün topa tutmağa dəyərmi? Yanlış və doğru olmasının fərqinə varmadan hər
addımlarına bərbəzəkli don geydirməyi ustaca bacaran klub başbilənləri "Made in
Spain” yarlıqlı "Sirli qutu”ya da asanca söz tapacaqlar. Götürək elə Bakesin öz
ölkəsində Pro kateqoriyası almasını. FİFA reytinqində lap başda gedən
İspaniyada bu dərəcəni alması, üstəlik xarici məmləkətlərdə baş məşqçilərin
başına ağıl qoyması onu göstərir ki, Bakesin başında nəsə var.
Amma və lakin yazının bu yerində şappadan kimsə
künc zərbəsi vurulan yerdən çıxıb deyə bilər ki, Yunis Hüseynov da Pro
kateqoriyası almışdı özü də Ukraynada. Bəli, məhz almışdı. Rus və ukrayn dillərini
bilməyə-bilməyə. Bu mübahisəni uzatmaq istəmirəm. Bayaq ötəri də olsa dedim
axı, ölənlərlə gedənlərdən yazmaq istəmirəm.
"Ağ-yaşıllara” cani-dildən könül verən birisi kimi
şəxsən mən Barselonalı balası Bakesə və onun Lənkərana gəlməsi üçün aviabilet
alan klub rəhbərliyinə zaman tanınmasının tərəfdarıyam. Ən azından baş məşqçi
qış fasiləsindən yararlanıb normal bir komanda formalaşdırsın. Bunu bacarsa nə
yaxşı. Onun özü də, arxasında duran klub yönətiçiləri də azarkeşlərin ürəyinə
pulsuz bilet qazanar. Allah eləməsin, bacarmasa... İspanlar demişkən, ağa da
durur, ağacan da. Tənqidin biri bizim pulla havayı olacaq.
İndi isə hər kəs üçün yox, Bakes üçün bəzi deyəcəklərim
var.
Sayğıdəyər Karles Martorell Bakes bəy əfəndi. "Xəzər Lənkəran” gəmisinə
yeni qədəm basdığın üçün sənə uğurlar arzulamaqla yanaşı bəzi mətləbləri də
anlatmaq istəyindəyəm. İspaniyalı bir dəliqanlıya futbol dərsi keçmək fikrim
yoxdu. Amma və lakin burası Azərbaycan. Bəzi vacib məsələləri bilmədən burlarda
çalışmaq zor.
Deməli belə, "Xəzər Lənkəran”ın sükanı arxasına keçən
nə birinci futbol adamısan, yəqin ki, nə də sonuncu. Bizlərdə özünü dünya
estradasında sübut edə biləcək Mirzə Babayev adınada bir müğənni vardı. Tam 90
yaşına qədər oxudu. Nə oxudusa hamısını düz "doqquzluğa” vurdu. Repertuarındakı
mahnılardan birini Soltan Hacıbəyov, Zeynal Xəlilin sözlərinə yazmışdı:
Kimlər gəldi,
kimlər getdi,
Bu
dünyadan, bu dünyadan...
"Xəzər Lənkəran”a kimlər gəldi, kimlər getdi. Hələ
kimlər gələcək və gedəcək. Sənə dostyana məsləhətim odur ki, klub rəhbərliyindən
özünü qoru və işində möhkəm ol. Bir də ayılıb görəcəksən ki, ayaqların göydədi,
İspaniyaya uçursan. Arxanca da min cür söz-söhbət buraxmısan. "İçirdi, çəkirdi,
rüşvət alırdı, filan futbolçunun nişanlısı ilə lətifə danışırdı, Bəşər Əsədə
mesaj yazırdı” və sairə və sairə bu kimi söhbətlər.
Klubun futbolçuları ilə üsulluca davran. Kamran
Ağayevdən söhbət düşəndə özünü eşitməzliyə vur. Ruslan Abışovu çox ora-bura
qaçırma. Saç düzümü pozular, Sevda Yəhyayevanın klipinə çəkilə bilməz. Elnur
Allahverdiyev NATO hərbi qüvvələri tərkibində Bosniyadakı əməliyyatların ön cərgəsində
getdiyindən bir az əsəbidi. Subaşiçdən yazmıram. Təxminən səninlə yaşıddı, Alla
Puqaçovanı taxtda görüb, Validə Abbasovanı qundaqda.
"Böyük oyun”a -"Neftçi”ilə qarşılaşmaya çıxanda başına papaq qoyma və
hakimin hansısa səhvindən sonra o papağı yerə çırpma. AFFA prezidentinin
tapşırığı ilə səni elə qavalıyarlar ki, nöyüt iyi verərsən. Qış transfer "pəncərəsi”
açılanda ətrafa diqqətlə bax. Nə badə kluba İspaniyadan oyunçu gətirəsən. Bir də
gördün ki, PFL prezidenti "Qovun bu ispan qaraçılarını”-deyib iki ayağını yarım
qaloşa dirədi. Onun bu işarəsindən sonra "Xan Lənkəran” fanklubu başlayacaq
"Böyük bazar”da qaraçı axtarmağa, bəzi idman nəşrləri, saytlar səndən elə şeylər
yazacaq ki, gələcəkdə heç Nikaraquada da çalışa bilməyəcəksən.
Bakes abi, Gəncədə, Tovuzda stadionlarımızı gördün.
Tanrı heç düşmənimə də göstərməsin. Hansısa oyunda tamaşaçıların arenalara az gəldiyini
görsən təəccüblənib eləmə, bizdə AFFA nümayəndələri oyuna gələn azarkeşləri
barmaqla saymağa öyrəşiblər.
Əfəndi, lənkəranlı
azarkeşlər tamam başqa aləmdi. İnşallah bazar günü ilk dəfə "Fırtınalar
meydanı”nda çılğın və tələbkar fanatlar önündə imtahan verəcəksən. Sənə uğurlar
arzulayıram. Yuxarıda dediklərimə önəm versən yaxşı olar. Hər halda özün bilərsən.
Bizdə qonağa məcburiyyət yoxdu. İspaniyadan xüsusi ilə də "Barselona”dan gələnə
"tem bole...”
|