Cümə Axşamı, 28/Mar/2024, 13:17
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » İyun » 25 » Etibar Cəbrayıloğlu: “Finalda “Xəzər Lənkəran”, “Qarabağ”la oynamalı idi” (MÜSAHİBƏ)
17:26
Etibar Cəbrayıloğlu: “Finalda “Xəzər Lənkəran”, “Qarabağ”la oynamalı idi” (MÜSAHİBƏ)


                               

                                      "Neftçi”nin əvvəlki 2 Çempionluğuna şübhə ilə yanaşıram”

Hər il iyulun 22-i Azərbaycanda Mətbuat günü kimi qeyd olunur. Məhz bu gün, amma düz 138 il əvvəl Həsən bəy Zərdabi "Əkinçi” qəzetinin ilk sayını çapdan buraxıb. Bu gün də Həsən bəyin davamçıları az deyil. Onlardan biri də "Ədalət” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğludu. Etibar Azərbaycan mətbuatının müstəqillik dönəmində yetişdirdiyi ən istedadlı jurnalistlərdən biridi. Oxucular onu daha çox "Yasamaldan məktub”lar rubrikası ilə tanıyıblar. Jurnalistlərin bayramına bir ay qalmış daha çox siyasi mətbuatdakı çıxışları ilə tanınan bir neçə yazarın Azərbaycan və Dünya futboluna baxışlarını, idman mətbuatı haqda fikirlərini və s. öyrənmək istədim. İlk müsahibim də elə bayaq adını çəkdiyim şəxsdi.

Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. "Elin səsi”, "Lənkəran”, "Press-fakt”, "Bu gün”, "Yeni Müsavat”, "Yeni yüzil”, "Cümhuriyyət”, "Politika”, "Gün səhər” qəzetlərində, "Hesabat” jurnalında çalışıb. Hazırda "Ədalət” qəzetinin yazarıdı. "Avrofutbol.com” saytında köşə yazıları ilə çıxış edir. ABŞ- Azərbaycan Təhsil Şurası Mübadilə Proqramının məzunudur. Publisistik yazılarına görə 2012-ci ildə Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi” mükafatına layiq görülüb.

Ailəlidir. Turan və Fatimə adlı iki övladı var.

 

– Futbol sənin üçün nədir? Əyləncə, yoxsa...

– Əyləncə deməzdim, futbol həyatımın bir hissəsidi. Gözümü açandan futbolla nəfəs almışam. Babamgildə balaca bir televizor var idi. Qonşular hamısı yığışıb futbola bizdə baxırdılar. Mən də onlara qoşulurdum. Babam əlimdən tutub o zaman "Xəzər” adlanan komandanın oyunlarına aparardı. Lənkəran futbolunun təxminən 40 illik mənzərəsi bu dəqiqə də gözlərimin önündədir. "Xəzər”in heyətində Nikolay Smolnikovun, Sergey Kramarenkonun, Aleksandr Jidkovun oyunlarını görmüşəm. SSRİ yığmasına cəlb olunan Revaz Çelebadzenin, Moskva "Torpedo”suna dəvət alan Sergey Aqaşkovun "Xəzər”ə qarşı oyunlarına tamaşa etmişəm.

"Xəzər”in heyətində həmişə güclü futbolçular olub. Rafiq Səmədov, Fərman İsmayılov, Elxan Əliyev, Əlihüseyn Rəhimov, Daşdəmir Babayev, Talıb İbrahimov, Nadir Vahidov, Hafiz Əliyev, Elşad Rzayev, Mircəlal Əliyev, Elxan Həmidov, Fazil Əsədov, Rövşən İbadullayev, Bəxtiyar Mirsadıqov... Beləcə futbola həvəsim yaranıb.

– Bəs nəyə görə futbolçu olmadın?

– Əslində futbola məşğul olmuşam. İlk məşqçim Lənkəran rusu Saşa Slavaqorodski olub. O vaxt Lənkəranda məktəblilər arasında keçirilən çempionatın qalibi olmuşam. Yeri gəlmişkən, oxuduğum 3 saylı orta məktəbin komandası yarımfinalda oynayırdı. Hesab 1:1 olanda mənə ötürülən topu saxlamadan qapıya vurdum. Top dirəyə dəyəndən sonra qapıdan keçdi və biz 2:1 hesabı ilə qələbə qazanaraq finala çıxdıq. Final oyununda da qalib gəlib çempion olduq. İdman müəllimimiz olan məşqçimiz Mirsəyad müəllim təəssüf ki, final oyununda məni meydana buraxmadı.

İnsan gərək həmişə bacardığı işin qulpundan yapışsın, həyatda yerini bilsin. Bir müddət sonra hiss etdim ki, məndən yaxşı futbolçu yox, yaxşı azarkeş çıxar. İkincini seçdim.

Hətta bir gün "Xəzər”in heyətində məşq də etmişəm. Smolnikov futbolçu kimi karyerasını başa vurduqdan sonra "Xəzər”də baş məşqçi işləyirdi. Boş vaxtlarımı futbolçularla birgə keçirdiyimdən Smolnikov məni tanıyırdı. Ondan xahiş etdim və bir dəfə komanda ilə birgə məşq etməyimə icazə verdi.

– Hansı mövqedə oynayırdın?

– Boyuma görə müdafiəçi idim. Amma uşaq vaxtı hamı qol vurmaq istəyir. Tez-tez qabağa qaçırdım. Hücumameylli müdafiəçi desəm, daha düz olar.

– Hazırda Azərbaycan çempionatında çıxış edən futbolçuların neçə faizindən özünü yaxşı hesab edirsən?

– Gəlin çox şişirtməyək (gülür). Onlar hamısı yaxşı futbolçulardı, müqayisə eləmək təvazökarlıqdan uzaq olardı.

– İndi necə, futbolla məşğul olursan?

– Çox istəyərdim. Əvvəllər elə sənin də iştirak etdiyin jurnalistlər arasında keçirilən bir neçə turnirdə oynamışam. Amma indi buna vaxt yoxdu. Nadir hallarda dost-tanışla bir yerə yığışıb futbol oynayırıq. Ürəyim qalıb futbolun yanında. Bir ayağım stadiona dartır... Vaxt yoxdu.

– Azərbaycan çempionatını nə vaxtdan mütəmadi izləyirsən? "Xəzər-Lənkəran” yaranandan, kiçik qardaşın klubun mətbuat xidmətinə rəhbər təyin olunandan, yoxsa bu daha əvvələ təsadüf edir?

– Lap əvvəldən deməzdim. Düzü, "Xəzər Lənkəran” yaranandan daha da həvəslənmişəm.

Bir hadisəni danışım. 1992 və ya 93-cü il idi. Lənkəranda çempionatın açılış turunda AFFA prezidenti Fuad Musayev də iştirak edirdi. Mən həmin vaxt "Lənkəran” qəzetində redaktor müavini işləyirdim. Stadionda elan verdirdim ki, bu oyunda ilk qolu vuran futbolçuya pul mükafatı veriləcək. Öz adımın çəkilməsini istəmədim. Mükafatın "Lənkəran” qəzetinin redaksiyası tərəfindən veriləcəyini bildirdim. "Xəzər”in oyunçusu, sonralar özünü istedadlı məşqçi kimi də sübut edən Fazil Əsədov həmin oyunda stadionda ilk qolu vurdu. Oyun bitən kimi "Xəzər”in geyinib-soyunma otağına keçib zərfin içərisindəki 500 manat pulu Fazil Əsədova təqdim etdim. Həmin gün komandanın rəhbərliyi Fuad Musayevi Lənkəran mətbəxinə qonaq etdi. Həmin qonaqlıqda mən də iştirak edirdim. Fuad müəllim ilk qolu vuran futbolçu üçün mükafatın ayrılmasını yüksək qiymətləndirdi. Elə o vaxtdan Fuad Ənvəroviçlə münasibətimiz yarandı. Aramızdakı qarşılıqlı hörmət bu gün də davam edir. Fuad müəllim Azərbaycan futbol üçün çox işlər görüb.

– Ailədə neçə uşaq olmusunuz?

– Üç qardaş, bir bacı olmuşuq. Böyük qardaşım rəhmətə gedib. O da futbolu bilən adam idi. Yenə də uşaqlıq dövrünə qayıdacam – o vaxtlar hamımız "Neftçi”nin azarkeşi idik. Yadımdadı, böyük qardaşımla hər mövsüm başlayanda 48 vərəq dəftər alırdıq, "Neftçi”nin bütün oyunlarının statistikalarını həmin dəftərə qeyd edirdik. Kim oynayıb, kim qol vurub, oyunu nə qədər tamaşaçı izləyib və s. Babam da , atam da futbol azarkeşi olublar. Evimizdə xeyli futbol haqda maraqlı kitablar var idi. Bir sözlə azarkeş ailəsində böyümüşəm.

– Hüseynlə aranızda yaş fərqi böyükdü?

– 8 yaş. Hüseyn sonbeşiyimizdi.

– Onda, yəqin ki, ərköyün böyüyüb?

– Yox, yox. Qardaşım olduğuna görə demirəm, Hüseyn ədəb-ərkanlı, böyük-kiçik yeri bilən adamdı. Bir qədər ağırtəbiətlidi.

– Səndən tez-tez məsləhət istəyir?

– Arada olur. Onun mətbuata gəlişində mənim heç bir rolum olmayıb. Bir də gördüm ki, artıq "Futbol+”ə yazılar yazır. Elə köşə yazıları olub ki, çox xoşuma gəlib. Birinci mən zəng eləyib təbrik etmişəm. Təbii ki, həm də fəxr etmişəm ki, belə qardaşım var.

– "Xəzər-Lənkəran”ın son illər zəif çıxışının səbəblərini nədə görürsən?

– Tez-tez məşqçi dəyişikliyində və qismən işin düzgün qurulmamasında. Yəqin ki, müvəqqətidi. Bu il 10 yaşı tamam olur. Çox istərdik ki, uğursuz çıxışlar çempionluqla əvəzlənsin. Çempion olmasa da... Lənkəran azarkeşləri futbolu bilən azarkeşlərdi. Yaxşı oyuna görə hər bir günahı bağışlaya bilirlər.

– Səncə kubokun finalındakı dava-dalaşda günah kimdə idi – "Neftçi”də, "Xəzər Lənkəran”da, yoxsa PFL-də?

– PFL-də günah görmürəm. Finalı çox gözəl təşkil eləmişdilər. Günahı nominal meydan sahibi olan "Neftçi”də görürəm. Rəhbərlik bu hadisələrin böyüməsinin qarşısını vaxtında ala bilərdi, dava-dalaşsız da keçinmək olardı. Finaldan sonra bir yazı yazmaq istəyirdim. İmkan eləyə bilmədim. Həmin yazı bir cümlə üzərində qurulacaqdı – finalda "Xəzər Lənkəran” "Qarabağ”la oynamalı idi. Vəssalam. Yarımfinaldakı "Qarabağ” – "Neftçi” qarşılaşmasında hakimin bilərəkdən verdiyi səhv penalti qərarı ağdamlıları finaldan kənarda qoydu.

– Belə çıxır ki, "Neftçi” kuboku hakimlərin köməyi ilə qazandı.

– Yarımfinalda hə. Amma finalda təmiz hakimlik oldu. Ümumiyyətlə, son illər hamı gördü ki, hakimlər "Neftçi”nin çempion olması üçün hansı hoqqalardan çıxdılar. Bu mövsümü çıxmaq şərtilə, "Neftçi”nin əvvəlki 2 çempionluğuna şübhə ilə yanaşıram.

– Azərbaycanda başqa hansı komandaya simpatiyan var?

– Vaqif Sadıqovun AZAL-ına. Vaqif müəllim həm yaxşı məşqçi, həm də gözəl insandı. Çox istərdim ki, onun başçılıq etdiyi komanda həmişə yaxşı nəticələr qazansın, çoxlu azarkeşi olsun.

– Birdən Vaqif müəllimi bir neçə il əvvəl olduğu kimi əzəli rəqib "Neftçi”yə baş məşqçi gətirdilər. Yenə fikrində qalacaqsınız?

– Aha... Onda, yəqin ki fikirlərimdə korrekturalar eləməli olacam.

– Səncə AFFA-da rəhbərlik dəyişəndən sonra futbolumuz irəli gedib, yoxsa geri sayıb?

– Deyəsən məni provakasiyaya çəkirsən. İrəli getməkdən danışmaq yersizdi. Bunu statistikaya nəzər salsaq, aydın görərik. Geridə qalan illər ərzində nə düz-əməlli bir yığma düzəldə, nə azarkeşləri stadiona gətirə bildik. Bizdə futbola baxış kökündən dəyişməlidi. Klub rəhbərləri futbola biznes kimi baxmalıdılar, futbola yanaşma peşəkar olmalıdı. Nə vaxta kimi tapşırıqla, xahişlə komanda saxlanılacaq?

– Sənlik olsa, futbolumuzdan kimlərivə nələri birdəfəlik silib atardın?

– Real olmayan məsələdi. Amma cavabdeh mən olsam, futbolu bilən adamlarla iş qurardım. Belələri ilə çalışanda özün də onlardan nəsə öyrənə bilərsən. Futbol təsərrüfatına futboldan anlayışı olan adamlar rəhbərlik eləməlidilər. Təəssüf ki, Azərbaycanda belələri azdı.

Məni futbolumuzda qane etməyən bir neçə nüans var. Necə ola bilər ki, bir təşkilat bir neçə komandanın sponsoru olur? Özləri çempionat keçirirlər, həm də birincilikdə çıxış edən klublara maliyyə yardımı göstərirlər. Futbolumuzda təmiz rəqabət yoxdu, şəffaflaq yoxdu. AFFA ilə "Neftçi” eyni yerdən maliyyələşir. Bundan başqa AFFA "Sumqayıt”, "Turan” kimi klubların himayəçisi kimi də tanınır. Bunlar hamısı faktdı və mətbuatda da bu haqda xeyli yazılar gedib. Bu təqdirdə, futbolun inkişafından danışmaq nə dərəcədə düzgündü?

– Bildiyimə görə, millinin sonuncu oyununa baxa bilməmisən...

– Heç təəssüflənmirəm də. Elə oyuna baxmaqdansa, baxmamaq yaxşı idi.

– Berti Foqts haqda fikirlərini bilmək maraqlı olardı...

– Berti Foqts tanınmış simadı. Onun kimisinin yığmaya gətirilməsi yaxşı hal idi. Amma faydasını görmədik. Ümid edirdik ki, millimizə xeyiri dəyəcək. Ancaq əksini gördük. 90 dəqiqə müdafiədə oturan komanda nəyimizə lazımdı?

– Öz mütəxəssislərimiz dura-dura əcnəbi məşqçilərin Azərbaycana axınının arxasında səncə nələr dayanır?

– Ola bilsin ki, reklam, Azərbaycanı tanıtmaq dayanır. Birbaşa hökm vermək olmaz ki, bütün klublarda yerli məşqçilər işləsin. Əcnəbilər də olmalıdı. Amma bu qədər yox. Bizim o qədər səviyyəli məşqçilərimiz var ki. Onlara etibar etmək, vaxt vermək lazımdı. Çox istərdim ki. Ağasəlim müəllim yığmanın baş məşqçisi olsun.

– Səncə, Toşakın Azərbaycan futboluna xeyri dəyəcəkmi?

–  Toşak zamanında öz sözünü demiş mütəxəssisdi. Toşak komandaya elə bir vaxtda gəldi ki, çempionatda komandaya nəticə qazandıra bilməzdi. Amma bu müddətdə azından yerli mühitlə tanış olmaq imkanı əldə etdi. Ötən mövsümün ikinci yarısındakı nəticələri ona bağışlamaq olar. Nəyə qadir olduğunu yeni mövsüm görəcəyik. Həm də komanda Avroliqada çıxış edəcək. Düşünürəm ki, Foqtsdan fərqli olaraq, üzərinə düşən işin öhdəsindən gələ biləcək. Toşakın məşq prosesini dəfələrlə izləmişəm. Necə tələbkar, peşəkar bir məşqçi olduğunun şahidi olmuşam. İstərdim ki, uzun müddət Lənkəranda işləsin, uğurlar qazansın. Buna inanıram da.

– İmkanınız olsa, hansı yerli futbolçunu "Xəzər Lənkəran”a gətirərdiniz?

– Rəşad Sadıqovu. Onun oyununu həm "Qarabağ”da, həm də yığmanın heyətində dəfələrlə müşahidə eləmişəm. Çox soyuqqanlı, təcrübəli futbolçudu. Həm də avtoritetdi. Komanda yoldaşları onun fikri ilə hesablaşır. Şəxsi tanışlığımız olmasa da bilirəm ki, həm də yaxşı insani keyfiyyətlərə malikdi.

– Bəs "Xəzər Lənkəran”dan kimləri qovardın?

– Düzü, heç kimi. Amma bəzi futbolçuların meydanda bir qədər diqqətli olmalarını istərdim. Məsələn, Elnur Allahverdiyev. Dəliqanlıdı, hərdən komandanı pis vəziyyətdə qoyur. Amma çox istedadlı, etibarlı müdafiəçidi. İstərdim ki, onun adaşı Elnur Abdullayev əvvəlki səviyyəsində olsun, yığmaya çağırılsın. Son zamanlar bir qədər "axsayır”.

– Klublarımızdan Avrokuboklarda hansı nəticəni gözləyirsən?

– İstərdik ki, daha yaxşı nəticələr göstərsinlər. Son illər həm "Qarabağ”, həm də "Neftçi” sübut elədi ki, Avropada uğur qazanmağın vaxtı çoxdan yetişib.

– "Xəzər Lənkəran”ın Avrokubokdakı oyunlarını stadiondan izləyəcəksən?

– Təbii ki.

– Səfər oyunlarını necə?

– Xarici ölkələrə getməyi, səfərlərdə olmağı xoşlayıram. Bir neçə mərhələ adlasınlar, sonrasına baxarıq. Birinci mərhələdə rəqiblər bir qədər zəif olur, ləzzət eləmir. Qoy, güclü komandalar düşsün. Onda getməyə dəyər.

– Bəlkə, Hüseynə görə getmək istəmirsən? Deyəcəklər ki, kluba gələn kimi qardaşını xaricə apardı.

– Düz deyirsən. Bu amil də bir qədər qarşımı kəsir. Əslində, səfərə hər evdən bir nəfər getsə yaxşıdı.

– Keçək xarici futbola. Hansı klubun azarkeşisən?

– "Qalatasaray”ın. Fatih Terim gələndən sonra axır ki, komanda əvvəlki əzəmətini geri qaytara bildi. "Barselona”nın oyunlarını da həmişə izləməyə çalışmışam.

– Bəs hansı futbolçunu bəyənirsən? Messidən başqa.

– Messini hesaba almasaq, onda gərək ümumiyyətlə futboldan danışmayaq. Elə ulduz futbolçular var ki, yanından keçən kimi yerə yıxılır. Messi isə həmişə ayaq üstə qalmağı bacaran birisidi. Güclü xarakterə malikdi. Dahilərdən biri deyib ki, Motsartın musiqisinə qulaq asanda Allahın varlığına bir daha əmin oluram. Çünki Allah vergisi olmadan adi insan belə əsərlər yarada bilməz. Məncə bu fikri Messi barədə də demək olar.  Messidən başqa, son dövrlər Luka Modriç və Anhel di Mariyanın oyunlarından xüsusi zövq alıram.

– Deyirlər ki, Messi vergidən yayındığına görə həbs oluna bilər.

– Bunlar Ronaldonun işidi. Bilən kimi, polisə xəbər verib. Messini dayandırmağın başqa yolu yoxdu. Bəlkə Messini həbs eləyələr ki, Ronaldo da ağ günə çıxa. Kriştianodan şübhələnirəm.

– Səncə Konfederasiyalar Kubokunu kim qazanacaq?

– Məncə Braziliya. Görəsən, heç olmasa bu dəfə İspaniyanı məğlub edən tapılacaqmı? Deyəsən, gələn ilki Dünya çempionatında əməlli-başlı problemlərlə üzləşəcəyik. Oyunlar çox gec başlayacaq. Gecə 3-də də futbol olar?

– "Yasamaldan məktublar” niyə gəlmir? Problem poçtalyonla bağlıdı?

– İnternet çıxandan sonra poçtalyonlara etibar qalmayıb (gülür). Həyatda heç nə daimi deyil. O cümlədən rubrikalar da. Leonid Yakuboviçin proyektlərini çıxmaq şərtilə. Davam etdirsəydim, bəlkə də oxunaqlı olmazdı, əvvəlki hörmətini xərcləyərdi. Düşünürəm ki, vaxtında dayandım. Həm də "Yasamaldan məktublar”ı hazırda dərc etdirməyə elə bir mətbu orqan görmürəm.  Bu barədə mənə tez-tez sual verirlər. Bəziləri günahı məndə görürlər. Amma mənlik bir şey yoxdu. Əvvəllər bu rubrikaya ürəklə yer ayıran qəzetlər var idi... İndi isə elələri var ki, sənin imzandan istifadə edib nəsə qazanmaq istəyirlər. Uşaq deyiləm ki kimsə imzamdan istifadə eləsin, mənsə kənarda qalım.

– Avrofutbol.az saytında köşə yazıların dərc olunur. Yaxşı qonorar verirlər?

– Həmin saytın işçisi Elmidarın qardaşı Vəfadarla yaxın dostam. İstədim ki, həmin sayta nəsə bir köməyim dəysin. Arada yazılar verirəm. Amma heç bir qonorardan söhbət gedə bilməz.

– İdman mətbuatının hazırki durumu səni qane edirmi?

– Birmənalı cavab verə bilməyəcəm. Siyasi mətbuatdan fərqli olaraq, idman mətbuatında həmrəylik var. Arada maraqlı mövzular, sensasiya doğura biləcək materiallar dərc olunur. Son illər idman mətbuatında irəliləyişlər nəzərə çarpır. İstərdim ki, bu sahədə bir qədər tərəfkeşlik az olsun. Daha obyektiv olsunlar.

– Səncə tərəfkeşlik nədən irəli gəlir?

– Konkret olaraq, Azərbaycandakı reallıqdan.

– Hansı idman saytlarını, qəzetləri və yazarları izləyirsən?

– Qəzet olaraq neçə ildi ki, ancaq "Futbol+”i izləyirəm. Jurnalistlərə gəlincə isə Mahir Rüstəmlinin yazılarından zövq alıram. Onunla bir müddət birgə çalışmışıq. İstedadlı və yaxşı insandı. Mahir bu sahəyə siyasi mətbuatdan gəlib və sübut edə bildi ki, uzun illər sahə qəzeti, idman qəzeti çıxarmaq olar. Onun əldə etdiyi bütün uğurlara ürəkdən sevinirəm. Çünki, Mahir buna layiqdi. Ondan başqa Natiq Muxtarlı və Mirağanın yazılarını izləməyə çalışıram. Saytlara gəlincə gündəlik olaraq, bir neçə sayta baxıram.

– Bəs kimlərin imzasını görəndə tez başqa səhifəyə keçirsən?

– Gəl, boş yerə vaxt itirməyək. Sabaha kimi burada oturmaq istəyirsən? O qədərdi ki.

– Qəzet oxumaq daha xoşdu, yoxsa saytları izləmək?

– Mən köhnə sovet adamıyam. Qəzetin tamam başqa ovqatı var. Səhifəsini çevirmək, barmağının qəzetin rənginə bulaşması özü insana xüsusi zövq verir. İri həcmli materialları heç vaxt saytlarda oxumuram. Amma qəzetdə bu tip yazıları oxumaq xoşdu.

– Nə əcəb oğlun Turan futbolçu olmayıb?

– Həvəsi olmayıb. Amma yaxşı azarkeşdi. Yaxınlarda "Bosman” fan-klubuna üzv yazdıracağıma söz vermişəm.

 

Söhbətləşdi: İlqar TAĞIYEV

"Het-trik news”

Views: 7970 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz