Bojidar Bandoviçə
qapını göstərdilər. Serb mütəxəssis "Bakı”ya gələndə də ona qapını
göstərmişdilər. Həmin vaxt "Bakı”nın qapısından içəri daxil olmuşdu. İndi isə
həmin o qapını çöldən bağlamalıdı. Çünki başqa yol qalmadı.
Yola saldığımız
futbol mövsümündə "Bakı” klubunu baş məşqçi kimi oyunlara çıxaran Bandoviç
işdən çıxarıldı. Yəqin şəxsi əşyalarını toplayıb "Bakı”dan və Bakıdan getməyə
hazırlaşır.
Con Benjamin Toşak
görən çamadanlarını hazırlamır ki? Birdən birə "Bakı”dan "Xəzər Lənkəran”a
keçid etməyim sizə qəribə gəlməsin. Futbola böyük pullar yatıran, Azərbaycanın
tanıdılması, gənc oyunçuların hazırlanması yolunda uğurlu işlər görən "Bakı”
klubu əsas komanda ilə uğur qazana bilmir. Hər dəfə baş məşqçi seçimi klub
rəhbərliyini "yandırır”. Boşa verilən mövsüm sonunda istefa məsələsi qaçılmaz
olur.
"Bakı” klubundan "Baş
məşqçimizi istefaya göndərdik” xəbəri yayılınca canıma vicvicə düşür. Dərhal
"Xəzər Lənkəran” klubunun ofisi tərəfə boylanıram. Deyirəm birdən...
Yəqin ki,
yadınızdadı. "Bakı” Biçərə də qapını göstərmişdi. Klubdan demişdilər ki,
əfəndi, zəhmət olmasa, qapını çöldən bağla. Elə o ərəfədə "Xəzər Lənkəran”da
türkiyəli üçün qapı açılmışdı. Özü də geniş qapı. Cənub klubunun rəhbərliyi
qapını açıb demişdi ki, abi, buyur, yuxarı başa. Biçər də Mirça Redniki
yolasalma mərasimində iştirak edib keçmişdi lap yuxarı başa. Ömründə görə
bilməyəcəyi günləri görmüşdü. Düşmüşdü cənnətə. Ye-iç, kef elə.
Düzdü, bu proses çox
uzun çəkmədi. Biçər də qapını o üzdən bağlayıb kəndinə qayıtdı. İndi də idman
sahəsində fəaliyyətini davam etdirir. Deyilənə görə, Türkiyənin hansısa
rayonunun hansısa kəndindəki idman malları mağazasında satıcı köməkçisi kimi
çalışır.
Mağaza müdiri deyib
ki, Biçər əfəndi, çalışmaqda belə davam etsən, 2 ildən sonra səni satıcının baş
köməkçisi görəvinə alacaq, maaşına da zam yapacam.
Bojidar Bandoviçin
"Bakı”dakı qapısı bağlanandan sonra yaman narahatlıq keçirirəm. Deyirəm
birdən...
Deyirəm birdən,
"Xəzər Lənkəran” rəhbərliyi yenə səhv edib serb məşqçini bazanın qapısından
içəri buraxalar. Con Toşak da qapını çırpıb gedə. Toşak da elə-belə adam deyil,
yaşlı-başlı, ağır çəkili birisidi. Allah eləməmiş, Allah eləməmiş, qapını
çırpıb getsə, "Xəzər Lənkəran”ın bazası bir neçə ay silkələnər.
İndi oturub
narahatlıqla "Bakı”ya tərəf boylanıram. Görən Bandoviç bilet aldımı? Biletdə nə
yazılıb? Təsadüfən Lənkəran olmaya?
|