Aradan neçə gün
ötməsinə baxmayaraq, hələ də özümə gələ bilmirəm. Telekanalların birində
göstərilən Malta mənzərələri gözümün önündən getmir. Qəribə bir təbiət mənzərəsi.
Yaxınlıqda nə bir göydələn var, nə yeraltı, yerüstü keçid, nə bir körpü-filan.
Uzanıb gedən çöldə avtomobil tıxacı da yoxdu. Tıxac hardan olsun, heç maşın
görünür ki? Dahi Mirzə Ələkbər Sabir sanki elə maltalılardan yazıb:
Əcnəbi seyrə
balonlarla çıxır,
Biz hələ avtomobil
minməyiriz...
Yazıq Malta camaatı
görən necə yaşayır? Cırtdan ölkədə yaşamaq da bir şey deyilmiş. Politoloqlar
elə ona görə yeri gələndə deyirlər ki, Çin ol, ABŞ ol, Rusiya ol, amma Malta
olma.
O gün bu cırtdan
ölkədə keçirilən Avroliqa oyunu barədə özüm yazmıram. Oyun oldu ki, yazım?
Olmayan bir şey barədə yazmağı öyrənə bilməmişəm. Göydələnlər, körpülər,
tunellər ölkəsindən gələn "Xəzər Lənkəran” bu, çölün düzündə mağmın-mağmın
qalan Maltanın təqribən "Slima” adlı klubunu uda bilmədi.
"Xəzər Lənkəran”
düşərgəsində çeşidli bəhanələr səslənməkdədi. Bizim belə bəhanələrə qarnımız
toxdu. Ortabab oyun göstərə bilmirsənsə ya sus, ya da elə sus!
Təqribən "Slima” adlı
komanda ilə cavab oyununa da bir şey qalmayıb. "Xəzər Lənkəran”a dəli kimi
bağlandığımdan kluba bir yaxşılıq etmək fikrindəyəm. Qoy onlar cavab oyununa
ciddi hazırlaşsınlar. Futbolçulara meydanda qaçmağı, topla ağıllıca davranmağı,
düz-əməlli ötürmə verməyi, andıra qalmış qapıya tərəf zərbə vurmağı rahat
öyrətsinlər. Canımın canı çıxar, bəhanələri mən düzüb-qoşaram.
Deməli belə,
canım-gözüm azarkeşlər. Təxminən "Slima” adlı komanda ilə Maltadakı oyunda zəif
təsir bağışlamağımızın səbəbləri bunlardı: Misirdə hərbi çevrilişin baş
verməsi, İlhamə Quliyeva ilə Aygün Kazımovanın dalaşmasına millət vəkillərinin
də qoşulması, Çində doğuşun artması, Obamanın qızlarının güllü don geymələri, Rusiya
OMON-un bazarlara qəfil hücumu, İndoneziyada təbii fəlakət, Norveçdə ən uzun
kilkə balığının ovlanması, Danimarkada dünyanın ən yaşlı adamının öskürməsi, Aktrisa
Monika Belluccinin bədəninin hansı yerindəsə qəfil çıxan sızanaq, Hindistanda
fillərin "Maral, Maral, eşqinə düşdüm, Maral” mahnısının ritmləri altında rəqs
etməkdən imtinaları, Son günlər bütün dünyada təyyarələrin göylə uçması,
gəmilərin üzməsi...
Deməli belə,
canım-gözüm azarkeşlər. Belə bəhanələrdən o qədər bilirəm ki, yazmaqla bitməz.
Amma və lakin, bilmədiyim bir şey var. "Xəzər Lənkəran” bu heyət və belə oyunla
nə etmək istəyir? Avropaya gəzməyə gedirlər, yoxsa qrup mərhələsinə düşüb köhnə
qitədə daha çox qalmaq fikirləri var....
|