Tanınmış
jurnalist həm də "Bosman” fanklubunun üzvü Etibar Cəbrayıloğlu yenə futbol
mövzusunda yazısı ilə diqqət çəkib. Bu dəfə Etibar bəyin hədəfi Azərbaycan
Milli Futbol Komandası və onun Alman baş məşqçisi Berti Foqts mövzusudur. Yetərincə
səviyyəli alınan yazı "Ədalət” qəzetində və başqa idman saytlarında təqdim
olunub. Biz də "Bosman” fanklubunun üzvü olan Etibar Cəbrayıloğlunun həmin
yazısını diqqətinizə çatdırırıq.
FİFA
üzvü olan ölkələr qədər bəhanə haqqında
Əlindəki
qələmlə bacarıqlı futbolçu topla davranan kimi davranan Məzahir Əhmədoğlu mən
də daxil olmaqla xeyli oxucusunun israrlı xahişlərindən sonra bəzən futbolla
bağlı yazılar yazır. Nostalji dolu həmin yazıları oxuyanda elə bil maraqlı
futbol oyununa baxırsan. Məzahir bəy həmin yazılarında detalları ustalıqla
incələyir. Dostumuzun bəxti var da... Lev Yaşini qapıda görüb, Peleni hücumda.
Bəzən
mən özüm də qələmimi stadion ətrafında qaçırdır, futbol mövzusunda məşq edirəm.
Bilirəm, Məzahir Əhmədoğlu özünəməxsus şəkildə gülümsəyib deyəcək ki, dostum,
elə sən özün də çoxlarını stadionda top qovan görmüsən. Sənin zamanında Çanov
qardaşları, Dassayev, Qabeliya qapını göz bəbəyi kimi qoruyub, Çivadze,
Demyanenko müdafiənin qeyrətini çəkib, Kipyani, Qutsayev, Buryak meydanboyu at
oynadıb, rəqib qapıçılar Bloxinin vurduğu topları qapıdan çıxarmaqdan beziblər.
Dünya çempionu Torresi, Dünya və Avropa çempionu Foqtsu Azərbaycan millisinin
baş məşqçisi kimi əl-qol atan görmüsən. Sənə hələ bu da azdı...
Məzahir
bəyi başa düşürəm, indi bəzi müvəqqəti problemlər üzündən millimizin oyunlarını
diqqətlə izləyə bilmir. Amma mən hər oyuna baxıram və hər dəfə də möcüzə gözləyirəm.
Mən uğur gözləməkdən, futbolçularımız da məğlub olmaqdan bezmir. Düzdü,
arada-barada alman Berti Foqtsun Azərbaycan yığması sensasiyaya imza atır. Onda
yenə zərbə mənə dəyir - yığmamız Türkiyə millisini məğlub edir.
O
gün yenə hamı öz işindəydi. Mən qələbə həsrəti çəkdim, Berti Foqtsun başçılıq
etdiyi dəstə isə iki top götürüb Çernoqoriyadan geri döndü.
Artıq
bir neçə gündü ki, millimizin növbəti məğlubiyyəti barədə ilə yazılara,
şərhlərə gözümün ucu ilə belə baxmıram, baş məşqçinin nə dediyi məni heç
ilgiləndirmir. Bəzi müğənnilər toyda bütün günü eyni mahnı oxuduqları kimi
alman məşqçi də hər dəfə uduzandan sonra eyni sözləri deyir. Sadəcə, rəqiblərin
adını dəyişir. Yəqin elə bu dəfə də belə olub. Yığmamız ona görə Çernoqoriyada
uduzub ki...
Əvvəla
millimiz Çernoqoriyaya yola düşəndə hava dumanlı olub, üstəlik futbolçuları
hava limanına aparan avtobus metronun hələlik "Əzizbəyov" adlanan
stansiyasının yaxınlığından keçəndə 24 saylı marşrutu gözləyən 36 yaşlı bir
subay kişi tək səbir gətirib. Problem bununla bitsəydi nə vardı ki...
Komandamızı və Azərbaycandan gedən nümayəndə heyətini Podqoritsa şəhərində
qarşılayan şəxslərdən biri mənasız bir lətifə danışıb. Bu da yığma üzvlərinin
kefinə sarımsaq doğrayıb, ovqatına çox pis təsir edib. Bu da məğlubiyyətə əsas
səbəb deyil. Alman baş məşqçinin azərbaycanlı komandasının üzvləri
Yuqoslaviyanın parçalanması xəbərindən az qala şoka düşüblər. Otelə çatanda
məlum olub ki, Yuqoslaviya artıq yoxdu. Bu ölkəni 4-5 yerə bölüblər, bir
hissəsi də Çernoqoriyanın payına düşüb. Bu siyasi-ictimai xəbər
futbolçularımıza vaxtından bir qədər gec çatdırıldığından inciyiblər və oyuna
yaxşı köklənə bilməyiblər.
Bu
azmış kimi Podqoritsa şəhərinin ağacları da millimizə mane olub. İnanmırsız?
Çernoqoriyadan reportajı canlı izləyənlər gördü ki, millimizlə baş tutan oyun
səfalı bir məkanda keçirilirdi. "Pod Qoritsom" stadionu meşə ilə
əhatə olunmuşdu. Başı göylərə millənən ağaclar oyunçularımızda lirik ovqat
yaradıb. Oyun gedə-gedə şeir yazan, bədahətən meyxana deyən kim... Bir-iki
nəfər də mənzərə üçün etüdlər çəkib. Bir də ayılıb görüblər ki, rəqib yığmanın
oyunçuları qapımızdan iki top keçirib.
Bunlar
da uduzmağın əsas səbəbi sayılmır. Baş hakimin günahını unutmaq lazım deyil.
Birincisi, baş hakim və onun yardımçılarının adları gec açıqlanıb. Üstəlik də
oyun Makedoniyadan olan hakimlər briqadasına həvalə olunub. Makedoniya sözü
hansı hərflə başlayır? Tərslikdən M hərfi ilə başlayan Makedoniya, manat,
metro, Manana, məktub, məktəb, münasib kimi sözlər bizim yığmanın rəhbərliyini həmişə
qıcıqlandırır. Baş hakim P hərfi ilə başlayan dövlətlərin birindən təyin
edilsəydi, Çernoqoriyanı böyük hesabla yenmək bir içim su kimi olardı...
Dostum
Məzahir bəy də artıq Azərbaycan yığmasının son məğlubiyyətindən xəbərdardı.
Sadəcə, qanını qaraltmağa zamanı yoxdu. Onu bilmirəm, mən ümidimi gələn ildəki
oyunlara bağlamışam. Türkiyə millisi ilə cavab oyununda sürpriz edəcəyik. Alman
Berti Foqts bizim qardaş ölkənin A takımına zərbə vurmağı yaxşı bacarır. Digər
oyunların isə qələbəsi olmasa da bəhanəsi indidən hazırdı. Foqtsun bəhanələri
FİFA üzvü olan ölkələr qədərdi...
Mənbə:
"Ədalət" qəzeti
|