Ölkə
çempionatının IV turundan təxirə salınmış "Xəzər lənkəran” – "Simurq” oyununun
sentyabrın 20-də keçiriləcəyi məlum olsa da məkan məsələsi qeyri müəyyən olaraq
qalırdı. Belə ki, 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatının
oyunlarının bir qisminin Lənkəran şəhər stadionunda baş tutacağı
planlaşdırıldığından, bu ərəfədə "Xəzər Lənkəran”ın ev oyunlarının taleyi açıq
olaraq qalırdı. Bir müddət əvvəl, bu arada "Xəzər Lənkəran"ın Yevlaxa köçəcəyi
səsləndirilsə də azarkeşlərimiz heç də bu seçimi bəyənməmişdi. Deyəsən elə buna
görə də klub rəhbərliyi daha başqa variantlar üzərində işləməyə başlamışdı. Bu
variantlardan biri isə sözügedən dünya çempionatı oyunları ərəfəsində "Xəzər Lənkəran” birinci
dövrəyə düşən ev oyunlarının rəqib meydançasında keçirilməsi təklifi ilə çıxış
etmişdi ki, əvəzində ikinci dövrədə bunun əksini istəmişdi. İndiyə qədər ölkə
futbolu praktikasında belə hallara rast gəlsək də bu dəfə oyunların təşkilinə
məsul olan PFL nədənsə tərəddüd edirdi. Deyəsən bunun üçün rəqib komandanın
razılığının alınması məsələsi PFL-i çətin vəziyyətdə qoymuşdu.
Nəhayət
bu məsələnin müəyyən hisəsinə aydınlıq gəlmiş sayılır. Belə ki, daim dost
əlaqədə olduğumuz "Simurq” azarkeşləri bu gün bizimlə iki dəfə əlaqə
saxladılar. Birinci telefon əlaqəsində onlar da bizdən oyunun harada
keçiriləcəyi haqqında məlumat öyrənmək istəsələr də, cavab məlum olmadığından
sual açıq qalmışdı. Cəmi 10-15 dəqiqə sonra "Simurq” azarkeşlərindən Maqsud bəy
təkrarən əlaqə saxlayıb artıq bu məsələyə aydınlıq gətirildiyini dedi. Onun
sözlərinə görə "Simurq” rəhbərliyindən aldıqları məlumata görə bu təxirə
salınmış oyun Sentyabr ayının 20-də saat 18:00-da Zaqatala şəhər stadionunda
baş tutacaq. Biz onlardan məlumatın nə dərəcədə dəqiq olduğunu soruşduqda,
Maqsud bəy xəbərin klub rəsmilərindən alındığını bir daha söylədi və artıq
oyunun hazırlıqlarına start verdiklərini də diqqətimizə çatdırdı. Həmçinin,
sizi ayın 20-də Zaqatalada gözləyirik, fikrini də çox qonaqpərvərliklə söylədi.
Biz də onların klubları naminə belə operativ hərəkətlərini alqışladıq və
təşəkkür etdik.
|