Son illər
Azərbaycan futbolunda baş verən neqativ hallar 28-may 2013 tarixində keçirilən
kubokun final oyununda özünün kulminasiya nöqtəsinə çatmışdı ki, bu da ölkənin
futbol ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılandı. Final matçı bitdikdən sonra baş verən biabırçı hadisələr Azərbaycan
futbolundakı özbaşınalığın məntiqi nəticəsi idi. Belə ki, finala qədər
keçirilən istər çempionat istərsə də kubok oyunlarında hakimlərin tapşırıqlara
riayət etməsi ucbatından birtərəfli idarəçiliyi, həmçinin dəfələrlə
futbolçuların meydanlarda döyülməsinə göz yumulması finalda baş verənlərin
yaşanmasına zəmin yaradırdı. Bu vaxta qədər hakimlərin bir komandaya canla
başla qulluq etmələrinə müxtəlif formalarda don geydirilir, bir klubun
əməkdaşlarının bütün qeyri insani və zorakı hərəkətləri ört basdır edilirdi.
Final qarşılaşmasında təhlükəsizliyin təmin olunmaması isə bunacan ört basdır
edilən hərəkətlərin qabarıq şəkildə görünməsinə gətirib çıxartdı. 28-may
tarixində baş verən hadisələrin video görüntüləri internet saytları və sosial
şəbəkələr vasitəsi ilə bütün dünyaya yayıldı. Həmin görüntülərdəki biabırçı
mənzərə isə əlbəttə ölkəmizin beynəlxalq nüfuzuna zərbə kimi
dəyərləndirilməlidir. Məhz bu səbəbdən də "Xəzər Lənkəran” klubunun veteranları
və fan klubları Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq Azərbaycan futbolunda
baş verən özbaşınalıqların yaranmasında günahkar olan şəxslərin vəzifələrindən
kənarlaşdırılmasını və cəzalanmasını xahiş etmişlər. Veteran futbolçularımız və
azarkeşlərimiz inanırlar ki, dövlət başçısının müdaxiləsi nəticəsində ölkə
futbolunda cəzasız qalan özbaşınalığa son qoyulacaq. Müraciəti "Xəzər
Lənkəran” veteranları klubu, "Bosman” və
"Caspian Ultras” fan klublarının eləcə də "12-ci oyunçu” azarkeş qrupunun
rəhbərləri imzalayıblar.
Qeyd edək ki, müraciət
bu gün ölkə başçısına göndərilib.
|