Premyer Liqanın dekabrın 10-da, XVI tur çərçivəsində Zaqatalada keçirilən
"Simurq"-"Xəzər Lənkəran" matçı arxada qalsa da oyunun necə
gərgin və dramatik keçdiyinin hamı şahidi oldu. Belə ki, 2:0 öndə olan və
Ruslan Abışovun qırmızı vərəqə alaraq komandamızı bir nəfər azlıqda qoymasına
baxmayaraq, "Xəzər Lənkəran” xarakter nümayiş etdirərək, sonacan vuruşmağın nə
demək olduğunu sübut edə bildi. Oyunun sonlarına yaxın hesab arasındakı fərqi minimum
endirən komandamız artırılan 4 dəqiqənin ən son dəqiqəsində bərabərliyə nail
ola bildi, 2:2. Bu hesab həm də oyunun gedişinə görə, əsl ədalətli hesab idi ki,
matçı izləyənlərin demək olar hamısı bu fikri təsdiqləyirdi. Futbol dilində
desək, dostluq qalib gəldi və hər komanda aktivinə bir xal yazdıra bildi.
Dostluq demişkən, bu oyunda bu nümunə azarkeşlər
arasında da həm oyundan öncə, həm oyun zamanı və matç bitdikdən sonar da hökm sürdü. Belə ki, "Simurq” azarkeşləri oyundan
qabaq "Xəzər Lənkəran” azarkeşlərini bizə zəng edərək dekabrın 10-da Zaqatalaya
dəvət etmişdilər. Oyun zamanı da bir-birinin ünvanına xoş sözlər səsləndirən
fanatlar, matç bitdikdən sonar da bir araya gəlib, şarflarını və bayraqlarını dəyişdirərək
fotoşəkil də çəkdirməyi unutmadılar. Bu barədə bizə sadiq "Simurq”
azarkeşlərindən olan Maqsud Xəlil müfəssəl məlumat Verdi və həmin fotoşəkli
təqdim etdi.
Bununla bir dostluq nümunəsi göstərən hər iki fanat
qurumuna təşəkkür edib, dünyada dostluq qalib gələcək, deyirik. Bu dostluğun
uzunömürlü olmasını arzulayırıq. Biz daim buna çalışacağıq deyirik. Halal
olsun!