"Futbol +” qəzetinin məlumatı (11 iyun 2010
N: 107 (2040)):
Denis
Silva "Xəzər Lənkəran”la anlaşdı
Ötən saylarımızdan birində eksklüziv olaraq
"Xəzər Lənkəran”ın sabiq braziliyalı futbolçusu Denis Silvanın yenidən ölkəmizə
qayıdacağını və sabiq klubunda çıxış edəcəyini bildirmişdik. Həmin vaxt Lənkəran
təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov xəbəri təsdiqləməsə də təkzib də
etməmişdi.
Ancaq dünən Braziliya KİV-i bizim əldə
etdiyimiz informasiyanı qismən də olsa təsdiqləyib. Bu ölkə mətbuatının yaydığı
xəbərdə 25-yaşlı müdafiəçinin karyerasını ölkəmizdə davam etdirəcəyi
bildirilib. Lakin Denisin Lənkəranda yox, Bakıda çıxış edəcəyi yazılıb.
Silvanın ölkəmizdən təklif aldığını yazan həmkarlarımız idda edirlər ki, Azərbaycandan
Braziliyaya gəlmiş nümayəndələrin Denisin transferi ilə bağlı danışıqları olub.
Bu zaman Denisin ölkəmizdə
karyerasını davam etdirəcəyi klub kimi ağıla öncə flaqman gəlir. Məlum olduğu
kimi, "Neftçi”nin məşqçisi Bəxtiyar Musayev və klubun vitse-prezidenti Tahir
Süleymanov Braziliyaya biraylıq seleksiya xarakterli səfərə yollanmışdı. Üstəlik,
Denisin Musayevə yaxşı tanış olduğunu vurğulayaq. Belə ki, Silvanı 2008-ci ilin
qışında "Xəzər Lənkəran”a məhz Musayev gətirib. Qeyd edək ki, o həmin vaxt cənub
təmsilçisinin seleksiyaçı-məşqçisi kimi Braziliyaya getmişdi.
Maraqlıdı ki, "Neftçi” rəsmisi Silva
ilə bağlı suallara cavab vermək istəmədiyini bildirdi: "Bu haqda danışmaq istəmirəm.
Xahiş edirəm bununla bağlı sualları mənə ünvanlamayın. Bir həftədən sonra hər
şeyi deyəcəyəm. Braziliyada bəyəndiyimiz futbolçuların adını sizə bildirəcəyəm.
Dəqiqləşməmiş bir şey deyə bilmərəm. Mən çalışdığım "Neftçi”yə xəyanət etmərəm”.
Gördüyünüz kimi Bəxtiyar bəy nədənsə
Denislə əlaqədə olduqlarını gizlətməyə çalışır. Son sözləri isə onu ifadə edir
ki, Musayev "Neftçi”də işləyə-işləyə sabiq
klubu "Xəzər Lənkəran”a heç vaxt gizlincə futbolçu gətirməyə çalışmaz.
Hər halda dünən qəzetimizə də
açıqlama verən "Xəzər Lənkəran”ın
çalışdırıcısı Ağasəlim Mircavadov Denisin cənublularda oynayacağını bildirdi. O
artıq bir neçə günə müdafiəçinin sənədlərinin Brazikiya Futbol Federasiyasından
göndəriləcəyini dedi. Mircavadov Denisin menecerinin türk olduğunu və o vaxt "Xəzər Lənkəran”a transfer olunarkən Türkiyədə
komandaya qoşulduğunu da nəzərimizə çatdırdı.
Gördüyünüz kimi, qəzetimizin əldə
etdiyi informasiya tam etibarlı çıxdı və Silvanın "Xəzər Lənkəran”a qayıdışı təsdiqləndi. Bununla belə
braziliyalı həmkarlarımızın yaydığı xəbərlərin də səhv olduğunu deməyə
çalışmırıq. Çünki tam təbii olaraq "Neftçi” tərəfi də bu futbolçunun özü və ya
meneceri ilə danışıq apara bilərdi.
Sonda bir daha onu da xatırladaq ki,
"Xəzər Lənkəran” la qışda müqaviləsinin
müddəti bitəndən sonra Braziliyaya qayıdan Denis "Qremio Prudente” klubuna
keçib və 12 görüşdə (671 dəqiqə, 2 sarı) forma geyib. 7 matçda start heyətində
meydana çıxıb və bunun beşinin əvəzedilmədən keçirib. Həmin 12-görüşdən beşi
Braziliya çempionatinin A seriyasına təsədüf edir. Hələlik 7 tur keçirilən
çempionatda Silvanın komandası 15-ci yerdədi. Denisin əvəzedilmədən keçirdiyi
oyunlardan biri çempionatın lideri "Korintians”a qarşı olub. O həmin görüşdə
dünya şöhrətli həmyerlisi Roberto Karlosla qarşılaşıb. Qeyd edək ki, Denis "Xəzər Lənkəran”ın heyətində (53 oyun, 3 qol, 6
sarı) Azərbaycan kuboku və "Birlik kuboku”nu qazanıb.
|