18-ci Azərbaycan kubokunun finalından əvvəl
saytımızda belə bir yazı getmişdi : "Odla oynamaq istəyən Bakı”. Finalda "Xəzər Lənkəran”la qarşılaşmalı olan
"Bakı”nın futbolçuları və bəzi rəsmi şəxsləri özlərini "Xəzər lənkəran”dan
güclü saydıqlarını, mütləq qələbə çalacaqlarını, etik normalara sığmayan
formalarda bəyan edirdilər. Hətta "Fanat.az” saytında ""Skuliç, "Xəzər
Lənkəran”a barmaq silkələdi” kimi müsahibələr vermişdilər. 32-ci turda komandamızı
çempionluqdan edən "Bakı” ğörünür, özündənrazı və başgicəllənmə içində nə
dediyinin fərqində deyildi.
Bütün bunlar da biz "Xəzər Lənkəran”
azarkeşlərini hiddətləndirdi ki, nəticədə yadınıza saldığımız yazı ilə çıxış
etdik. Hadisələrin sonrakı axarı da göstərdi ki, "Bakı” nəyin bahasına olursa
olsun , bütün insani və futbol centlmenliyinin ziddinə olsa belə qələbə
istəyində imiş. "Xəzər Lənkəran” hücumda olduğu an sənin oyun epizodundan xeyli
uzaqda olan oyunçun hücuma əngəl törətmək üçün yalandan özünü yerə atıb hücumun
dayandırılmasına səbəb olursa ("Bakı”nın tarixi belə hallarla zəngindir,
xüsusən "Xəzər Lənkəran”a qarşı), "Fair Play” qaydalarına əsasən "Xəzər
Lənkəran”lı futbolçular oyunu saxlayırsa və sonra top oyuna daxil edilərkən
qapıçının önə çıxdığını görüb "Fair Play” qaydalarına zidd, namərdcəsinə toppu
onun üzərindən boş qalmış qapıya göndərirsənsə, sonra da meydanda bir-birinizin
üstünə uzanaraq qol sevincini yaşayırsınızsa, onda sənin ləyaqətinmi var?
Bütün bunlar bir yana hələ bunun "Fair Play”
qaydalarının pozulmadığını müxtəlif səviyyələrdə iddia etmələri, onların
ümumiyyətlə sivil futbolun nə olduğunu bilməmələrini göstərir. Hətta bugünki
"Çempion” (26-27 may 2010 N0:057 (867)) qəzetində müxbirin bu qolla bağlı,-
Bəlkə siz də öz qapınızdan bir top buraxıb, bir centlmen kimi tarixə
düşərdiniz? deyə verdiyi suala baş
məşqçiləri Cünet Biçər "35 yaşım var və 28 ildir futbolun içindəyəm. Amma heç
kimin xoşluqla topu öz qapısına vurduğunu hələ görməmişəm” deyə cavablaması, 35
illik ömrünün ən azı 28 ilini boşa vermiş olduğunu özü təsdiqləyir. Futbol
tarixinin belə hallarla zəngin olduğunu bilməyən bu "məşqçi”, futbolda tam
təsadüfi bir adam olduğunu göstərmiş olur.
Yuxarıda xatırlatdığımız yazıda belə bir
cümlə işlətmişdik: "Ey "Xəzər Lənkəran” azarkeşi indi deyin bunlara dözək?
Yoxsa komandamıza final oyununda güclü dəstək verib qələbə çalmaqla onlara öz
yerlərini göstərək? Bizə hansı yaraşır? Onlar unudurlar ki, "Xəzər
Lənkəran”la oynamaq "odla oynamaq” kimi bir şeydir. Çünki belə bir deyim
var: "Azərbaycanda Futbolun Günəşi Cənubdan Doğur!” Bəli, "Xəzər
Lənkəran” Futbolumuzun Günəşidir! Günəş isə od yağdırır! "Xəzər
Lənkəran”la oynamaq odla oynamaq kimidir. Odla rəftarı bacarmayanlar isə yanıb
kül olmağa məhkumdur. Gəlin finalda bunu sübut edək!"
Bu fikirlər müəyyən mənada özünü doğrultmuş
oldu. Ləkəli yolla kuboku qazanıb başı üzərinə qaldırmaqla bir neçə dəqiqə o
"Günəşin” istisinə qızınan "Bakı”, Centlmenliyin nə olduğunu bilmədiyi üçün,
elə o "Günəşin” yağdırdığı odda yanıb kül olaraq tarixin yaddaşında belə də
qaldı.
|