Rumıniyanın
"Prosport.ro” saytının məlumatına görə, vətənində olan və bir sıra klub rəhbərləri
ilə görüşən "Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik "Qloriya” klubunun prezidenti,
Jan Padureanu ilə də görüşüb. Görüşün məqsədi, "Qloriya” klubunun 25 yaşlı
yarımmüdafiəçisi Andrey Mureşanın "Xəzər lənkərana” keçidini həll etmək olub.
"Qloriya”
rəhbərliyi və futbolçunun özü ilə də görüşdüyünü deyən Mirça Rednik, hər iki tərəflə
görüşün anlaşıqla bitdiyini qeyd edib. "Prosport.ro” saytına verdiyi
açıqlamasında Mirça Rednik artıq Andrey Mureşanın komandamıza keçidinin
prinsipial olaraq həll olunduğunu deyib. Mirça Rednik həmçinin 10.01.2011-ci il
tarixində Türkiyənin Antalya şəhərində başlanacaq "Xəzər Lənkəran”ın təlim-məşq
toplanışı ilə əlaqədar komandasının yanında olacağını qeyd edib. Andrey
Mureşanın da həmin tarixdə komandanın düşərgəsində olacağını jurnalistlərin nəzərinə
çatdırıb. Mirça Rednik, Andrey Mureşanla iki il yarımlıq müqavilə
imzalayacaqlarını deməklə bərabər, həmçinin onun Rumıniyanın digər klubu olan "Rapid”
tərəfindən də istənildiyini vurğulayıb. Belə bir futbolçunun əldən çıxa biləcəyini
deyən Mirça Rednik, Andrey Mureşanın ciddi oğlan olduğunu və həyatda nə istədiyini
yaxşı bildiyini vurğulayıb.
Eyni
zamanda "Qloriya” klubunun prezidenti Jan Padureanu da bu məsələyə münasibətini
bildirib. Andrey Mureşanın Mirça Rednikin komandasına keçəcəyini əminliklə
bildirən Jan Padureanu təkcə incə maliyyə detallarının dəqiqləşdiriləcəyinin
qaldığını qeyd edib. Lakin onun yeni komandasında tibbi müayinədən keçməsinin
lazım olduğunu bildirib.
Bu
isə bəlkə də Andrey Mureşanın zədəli olduğuna bir işarədir. Əgər belə olsa onda
yəqin ki, təcrübəli Mirça Rednik bütün bunları nəzərə almamış deyil. Elə isə
belə istedadlı futbolçunun "Xəzər Lənkəran”a keçidinin həm komandamıza və həm də
onun özünə düşərli olmasını arzulayırıq. Qeyd edək ki, Andrey Mureşanın 25 yaşı var, boyu 1.90 m olan futbolçunun ampluası yarımmüdafiəçidir.
|