Millinin dünya çempionatının
seçmə mərhələsi çərçivəsində keçirəcəyi rəsmi oyunlarla bağlı premyer liqamızda
verilən fasilə ən çox " Xəzər Lənkəran”ın işinə yaradı. Məşhur mütəxəssis Con
Toşak komandanı təhvil aldıqdan sonra yaranmış fasilə zamanı keçirdiyi
məşqlərdə futbolçuları tanımaq imkanından maksimum istifadə edir. Daha fərqli
və maraqlı məşqlərdə futbolçuların əzmkarlıqla çalışması və Toşakın gözünə
girmək istəyi açıq-aşkar hiss olunur. Daha bir maraqlı məqam elə Toşakın özü
ilə bağlıdır. Belə ki, klub rəhbərliyi mütəxəssis üçün ayrıca avtomobil və
sürücü ayırsa da uelsli çalışdırıcı rəhbərlikdən velosiped istəyib. Bu istəyi
dərhal yerinə yetirilən çalışdırıcı artıq üç gündür ki, məşqlərə qaldığı "
Palmalife” otelindən bazaya qədər olan 2 km yolu velosipedlə gedib gəlir.
Günortalar isə Toşak bazadan ayrı inzibati binada onun üçün ayrılan otaqdan
istifadə edir. Maraqlıdır ki, dünən gündüz məşqi nəzərdə tutulmasa da bəzi
legioner futbolçular fitnes salonda fərdi hazırlıqla məşğul idilər. " Xəzər
Lənkəran”ın ən tənbəl futbolçusu Dimitrios Sialmas Toşak gələndən bəri gecə və
gündüz bilmədən fərdi məşqlərə vaxt ayırırsa, ilk gün Toşakdan xəbərdarlıq alan
Radomir Todorov da onunla birgə salonda fərdi qaydada müxtəlif trenajorlarda
hazırlıq keçirdi. Azərbaycan yığmasının Lüksemburqla oyununu izləyən Toşak
millimizin heyətində iki futbolçunu bəyənib. Bu futbolçular isə eks " Xəzər
Lənkəran”lılar Ruslan Abışov və Kamran Ağayevdir. Uelsli mütəxəssis hər iki
futbolçunun göstərdiyi oyundan razı qalıb. Matç sonrası Berti Foqtsun
azərbaycanlı futbolçuların haqqında dediyi fikirlərlə tanış olan Toşak Foqtsun
düşüncəsindən razı qalmayaraq maraqlı ifadələr işlədib:
-" Mən, Foqtsun dedikləri ilə
razı deyiləm. Əgər azərbaycanlı futbolçular az çalışırsa, onlara texnika
öyrətmək olmursa bəs biz bura niyə gəlmişik? Bu gün Toşakı, illər öncə isə
Berti Foqtsu ona görə Azərbaycana dəvət ediblər ki, bu problemləri həll edək.
Məgər hansı isə yerli mütəxəssisi Azərbaycandan Almaniyaya, yaxud Uelsə işləməyə
dəvət ediblərmi? Xeyr! Demək bizə inanıb, bizdən kömək istəyiblər ki, bu
ölkənin futbolunu inkişaf etdirək, bilmədiklərini öyrədək.”
Martın 30-da öz meydanında "
Azal”ı qəbul edəcək " Xəzər Lənkəran” Toşakla ilk sınağına çıxacaq. Klub
rəhbərliyi fan-klublarla birgə aparılan iş sayəsində " Fırtınalar meydanı”nı
doldurmaq fikrindədir. Elə matç saatının 18-ə keçirilməsi də buna xidmət edir.
Belə ki, son vaxtlar cənublu azarkeşlər matçların erkən saatlara salınmasına
kütləvi etiraz edərək işdən çıxa bilmədikləri üçün oyuna gələ bilmədiklərini
qeyd edirdilər.
Mənbə: "Futbol+”
qəzeti
|