"Xəzər Lənkəran”ın Topaz premyer liqasının
28-ci turu çərçivəsində Azalla keçirəcəyi matçdan bir gün öncə, komandamızın
paytaxtda məskunlaşdığı oteldə baş məşqçimiz Con Bencamin Toşak klubumuzun
rəsmi saytına açıqlama verib.
Con Toşak rəsmi saytımıza danışarkən "Bakı” ilə ölkə
kubokunun cavab qarşılaşmasına və qarşıdakı oyunlara toxunub:
-Azərbaycan kubokunun finalına
vəsiqə qazanmaq yolunda çox ağır bir matça çıxdıq. Komandamın son oyunları məni
razı salmasa da "Sumqayıt”la matçda futbolçularım məni az da olsa çıxışları ilə
ümidləndirmişdi. Mən onlardan daha da artığını istəyərək "Bakı” ilə cavab
qarşılaşmasında meydanda özlərinə inanıb vuruşmalarını istədim. Biz gözəl
bilirdik ki, artıq çempionat oyunlarında iddiası qalmayan komanda olaraq ölkə
kubokunun finalına vəsiqə qazanmaq komandamız və azarkeşlərimiz üçün nə qədər
vacibdir. Bu mənada cavab qarşılaşmasında "Xəzər Lənkəran”lı futbolçuların
nəhayət ki, verilən tapşırıqları düzgün yerinə yetirmələri, meydanda özlərinə
güvənməklə vuruşmaları öz sözünü dedi. Açığı, mən buna yaxşı mənada təəccübləndim.
Amma məni təəccübləndirən ən böyük hadisə azarkeşlərimizin dəstəyi idi. Son
oyunlarda tərəfdarları üzdüyümüzdən onların da dəstəyini istədiyimiz kimi hiss
etmirdik. Ancaq həmin gün onlar bizi çox vacib oyunda tək buraxmadılar. Mən,
"Liverpul”da futbolçu kimi çıxış edərkən azarkeş dəstəyinin nə olduğunu
yaxından hiss etmişəm. Sirr deyil ki, "Liverpul” tərəfdarları öz mükkəməl
dəstəkləri ilə bütün dünyada seçilirlər. Amma sən demə onlardan geri qalmayan
"Xəzər Lənkəran” azarkeşləri də varmış.
-Sizi
ən çox tərəfdarların dəstəyi baxımından nə təəccübləndirdi?
-Onlarda qəribə bir sirr vardı.
Elə dəstək verirlər ki, futbolçuları irəli atılmağa, qol vurmağa məcbur
edirlər. Yəni arxadan güclü bir fırtına səni rəqib qapısına doğru sürükləyir.
Bu futbolçularım kimi məni də çox məmnun etdi. Bir şey də var ki, onların
tribunada sayı "Liverpul” tərəfdarlarının sayından az olsa da dəstəyin gücü
eyni idi.
-Oyundan sonra keçirilən mətbuat
konfransında komandamızın azarkeşlərinə minnətdarlıq etməyiniz, qələbədə
onların da payının olduğunu söyləməyiniz yəqin ki, söylədiklərinizə işarə idi.
-Yox, yox. Mən həmin gün, onlar
haqqında daha artığını deməklə ənənədən qaça bilməzdim. Yəni ki, yanımda
həmkarım da oturmuşdu və biz əsasən matç haqqında danışdıq. Çıxışımın sonunda
azarkeşlərimizə minnətdarlıq etsəm də bu ürəyimdəkilərin hamısı deyildi. İndi
isə hamısını ümumiləşdirib deyirəm - Siz möhtəşəm idiniz!
-Qarşıda
çempionat oyunları və əlbəttə ki, ölkə kubokunun finalı var. Nələr sizi
qayğılandırır?
-Məni qayğılandıran əsas məqam
zədəli futbolçularla bağlıdır. Dünən komandamızın həkimi bununla bağlı ətraflı
raport hazırlayıb. Əsas futbolçularımızdan 5-i hal-hazıda ciddi zədədən əziyyət
çəkir. Amma biz irəli baxıb bütün çətinliklərə sinə gərməliyik. Tərəfdarlardan
bizə inanmalarını istəyirəm. Artıq futbolçular son oyundakı dəstəkdən sonra çox
ayılıblar və anlayırlar ki, belə azarkeşləri üzmək olmaz. Onlar üçün daha
artığını etməliyik. Bu gün klub rəhbərliyi də komandaya lazım olan bütün
dəstəyi əsirgəmir. Ümid edirəm sonda hər şey bizim hamımızın istədiyi kimi
olacaq.
Mənbə: "Lankaranfc.com”
|