FİFA DÇ-2010-un II turun bir sıra oyunlarına hakim təyinatlarını açıqlayıb. Verilən məlumatlarda, CAR və Meksika yığmaları arasında açılış oyununu idarə etmiş özbəkistanlı Rövşən İrmatov yenə etimad qazanıb. İdarəçiliyi yaxşı hesab olunan 32 yaşlı referi bu dəfə İngiltərə və Əlcəzair yığmaları arasında görüşün baş hakimi təyin olunub. II turda Massimo Buzakka (İsveçrə) CAR – Uruqvay, Həlil Əl-Qəmdi (Səudiyyə Ərəbistanı) Fransa – Meksika, Oskar Xulian Ruis Akosta (Kolumbiya) Yunanıstan – Nigeriya, Frank de Blekere (Belçika) Argentina – Cənubi Koreya, Koman Kulibali (Mali) ABŞ – Sloveniya, Alberto Undiano Malyenka (İspaniya) Almaniya – Serbiya, Roberto Rozetti (İtaliya) Qana - Avstraliya görüşünü idarə edəcək. II turun qalan oyunlarına təyinatlar hələ açıqlanmayıb.
Qeyd edək ki, İrmatov milli komandamızın Özbəkistan yığması ilə bir neçə yoldaşlıq görüşünü idarə edib. Biz
də bütün dünya futbolsevərləri kimi CAR-da keçirilən Futbol üzrə dünya
çempionatının final mərhələsini böyük maraqla izləyirik. Öz növbəmizdə biz də hər bir şeyə diqqət etməyə çalışırıq. Çempionatın
açılış matçında, CAR-Meksika millilərinin oyununda hakim məsələsi diqqətimizi cəlb
etdi. Görüşün baş hakimi özbəkistanlı Rövşən İrmatov idi. Ümumiyyətlə həmin
oyunun digər hakimləri də Orta Asiya ölkələrini təmsil edirdilər.
Açığı
onlar görüşü demək olar tam nöqsansız idarə etdilər. Bu həm sevindirici və həm
də pərişanedici bir hal idi. Ona görə sevindik ki, geridə qalmış hesab olunan əski
sovet respublikalarında futbol inkişaf edir ki, həmin ölkənin hakimlərinə FİFA
belə bir məsul oyunu etibar edir. Daha çox sevindirici hal, onların idarəçiliyinin
bir daha FİFA tərəfindən bəyənilərək, gördüyümüz kimi növbəti təyinatlar
almalarıdır.
Çox
təəssüf ki, bütün dünyanın diqqət mərkəzində olan belə bir mötəbər futbol
turnirində nə Azərbaycan millisi və nə də heç olmasa ölkəmizi təmsil edən bircə
hakim belə yoxdur. Hakimlərimizin bacarığından danışan, onlara yanlış olaraq
çox yüksək "qiymətlər” verən Hakimlər
Komitəsi görəsən bundan bir narahatçılıq keçirir? Keçirirsə, onda, Hakimlər Komitəsi üzümüzə gələn
çempionatda bu işlərlə ciddi məşğul olmalıdır ki, heç olmasa növbəti belə
turnirlərdə bizim hakimlərin də fit səsi eşidilsin, bizdə də hakimlərin olduğunu dünya görmüş olsun.
Orta
Asiya Respublikalarına və onların Futbol Çempionatlarına zəif gözlə baxan, bizdə
futbol onlardan daha çox inkişaf eləyib deyən futbol başbilənlərimiz, bu haqda
da fikirləşin!
|