Son zamanlar minlərlə insanın sevgisi olan "Xəzər
Lənkəran” enişə o qədər sürətlə düşür ki, bir növ onu sevən insanlar öyrəncəli
olublar. Deyəsən öyrəncəli olmağın da bir dib nöqtəsi var. Mirça Rednikə
tikilən torba o qədər haqsız və həyasızcasına baş verdi ki, indi həmin torbanı
tikənlər özləri onun dibinə düşüb çapalamaqdaykən, Redniki torbaya salanlarla
mübarizədə olan azarkeşləri də torbanın dibinə doğru çəkirlər. Rednik torbaya
düşmədi, ağıllı insan olduğundan daha da yüksəkliyə qalxdı. Onun üçün torba
tədarük edənlər isə çoxdan torbanın dibində vurnuxurlar və hətta bu torbanın
ağzını kəsdirib Rednikin ora düşməməsi üçün maneə yaradan azarkeşlərin də bir
hissəsini dartıb yaratdıqları çıxılmaz totbanın dərinliklərinə
yuvarlatmaqdadırlar.
Son
böyük oyundan daha da vüsət alan bu yuvarlanma hələ də davam edir. Eşidilən
xəbərlərdə qarşıdakı oyunda bu bir çoxlarını da torbanın dibinə çəkmək planları
var. Bu, ya bilərəkdəndir ya da bilməyərəkdən. Nəticədə "Xəzər Lənkəran” boyda
gəmi, artıq bu torbaya doğru yön alıb və səsləndirilən bəzi şeylər baş versə,
onda o böyüklükdə gəmi balıq tora düşən kimi bu torbanın dərinliyinə elə
yuvarlanacaq ki, oradan çıxıb xilas olması çox müşkülə çevriləcək.
Yaxın
kəndlərdən bir nəfər şəhərdə eşidir ki, şəhərin bir qism adamları dükanlardan
yumurta alır və növbəti oyunda cənab Toşakı yumurta atəşinə tutacaqlar. Oyunda
da olmasa istirahətdən qayıtdıqdan sonra. O, da fikirləşmədən həyətindəki toyuq
hininə girir və toyuqların neçə dənə yumurtladığını sayır. Görür ki, kifayət
qədər yumurta var. Onları yığıb saxlayır. Birdən narahat olur. Axı stadionda
meydana oyun zamanı nə atırsan at, onu yad əşya kimi sayırlar. Bir dostunun
PFL-də tanışları olduğunu yada salıb, məsələni dəqiqləşdirməyi planlayır. Dostu
PFL-ə zəng edir və məsələdən xəbərdar edir. Öyrənmək istəyir ki, yumurta da yad
əşya sayılacaq? PFL-dəki dostu deyir əlbəttə ki. Bu cavabı eşidən yumurta yığan
kəndçi tez trubkanı alıb and aman eləməyə başlayır ki, vallah yad əşya deyil,
ümumiyyətlə yad deyil. Öz hinimizdən yığmışam, özü də öz toyuqlarımız yumurtlayıb.
Bunun harası yad oldu? Bəyəm mən də digərləri kimi yumurtanı dükanlardan almamışam
ki, heç yumurtlayan toyuğu da tanımayım. Əgər elə olsa idi, mənim də topladığım
yumurtalara yad yumurta və ya atılarkən, yad əşya demək olardı. Vallah, billah
öz toyuqlarımızın yumurtasıdır! Onda PFL-dən telefonla danışan deyir ki, elə
isə bəs sən atarsan. Amma kim ki, dükanlardan tanımadığı toyuğun yumurtasını
alıb, biz onu yad əşya sayacağıq. Elə isə sən narahat olma at! Bunu eşidən
yaxın kənddən olan kəs, o biri dostuna da sevinərək deyir ki, eşitdin? Sən də
get yumurtaları yığmağa. Amma fikir ver öz toyuqlarınızın olsun, diqqətli ol!
Beləliklə yumurtaatanlar arasında da ayrıseçkilik salınır.
Nə isə
soruşanda ki, bala yumurtanı kimə atacaqsan? Deyir görmürsən o qocanı? Toşakı
deyirəm də. Gör neçə oyundur qələbə qazana bilmir. Cəmi üç heç-heçədən elə üç xalımız var, onunla da
axırıncı yeri bölüşürük. Buna dözmək olar? Onda sual verirsən ki, bunun yolu
təkcə yumrta atmaqdı? Cavab verir ki, bəs nə edək? Özü uduzur amma istefa
vermir. "İstefa” qışqırırıq, yenə getmir. Məcbur qalmışıq. Hər konfransda da
deyir ki, olanlara çox üzülürəm, nəticələrə əlbəttə baş məşqçi kimi mən
cavabdehəm. Əllərimi yuxarı qaldırıram və deyirəm, nəticələrə görə mən
cavabdehəm. Daha bunları deyincə elə çıxıb getsin də… Bir də gör nə deyir? Heç
vaxt deməyəcəklər ki, Toşak "Real”la kubok alıb, nə bilim kiminlə çempion olub.
Sonuncu nəticələri yada salacaqlar. "Makkabi”yə 0:8 və sair və ilaxır.
Deyəndə
ki, ay qardaş, bilirsən Toşak kimdir? Deyir ki, əşşi day qocalıb. Nə olsun ki, "Real”da,
"Sent Etyendə”, nə bilim "Beşiktaş”da kubok alıb, çempion olub. Heç məşq də
keçmir. Ya istirahət verir komandaya, ya da 40-45 dəqiqə məşq keçir vəssalam.
Belə komanda hazırlamaq olar?
Bax indi də mən deyim sən qulaq as, yaxşı?
Toşak dünya görmüş adamdı. Nəticələrini də özün sadaladın. Belə adamlar heç
vaxt işi kal tutmurlar. O yəqin ki müqaviləyə imza atanda hər şeyi ətraflı
düşünüb. Məsələn, sən maşın ustasısan. Gör neçə ildir ki, bu işlə məşğulsan.
Kimin də maşınının motoru xarab olur, hamı deyir ki, gəlsin sənin yanına. Hələ
elə bir maşın olmayıb ki, sən onu düzəldə bilməyəsən elədir?-Bəli, elədir!
Deməli, sənin də öz sahəndə Toşak kimi uğurların bəs qədərdir. Belə bir misal
gətirim, sən də cavab ver. Toşakı başa düşmək üçün bir az avropasayağı diplomat
olmalısan. Səni gərək loru dildə başa salım. Deyəcəyim missal belədir. Kəndin o
başında yaşayan Həsən kişinin maşını nədir? -"Rand Rover”! Ay, Allah səni
saxlasın! İşdi şayəd onun maşınının motoru "töksə”, onu yığa bilərsən? –Əlbəttə
canın da alaram. Birinci dəfədir bəyəm? Gör neçə "Rand Rover” motoru yığmışam.
Hələ başqa "inomarka”ları demirəm. Yaxşı, necə oldu onları yığa bildin? –Heç…
gəldilər dalımca, mən də getdim maşına baxdım. Sonra siyahı tutdum. Dedim ki, bu
"orginal zapçast”ları alın mən də motoru saat kimi yığım verim sizə. Sağ
olsunlar, onlar da dediyim "zapçast”ların hamısının "orginal”ını gətirdilər,
mən də yığıb verdim, indidə sürürlər. Saat kimi də işləyir.-Ay sağ ol, bu başqa
məsələ.
İndi təsəvvür elə
ki, Həsən kişinin "Rand Rover”inin motoru "töküb”. Həsən kişi də səni çağırıb həyətinə deyir ki
bunu düzəldə bilərsən? Sən də baxdın maşına və dedin ki, bu, bu "zapçast”ları
gətizdir, 15 günə maşını saat kimi verim sənə. Siyahını verdin, özün də oturub
gözləyəcəksən də, elə deyil? Toşak da gözləyir də…
Həsən kişi də sən
verdiyin siyahıyla əvvəlcə razı olur, sən də gözləyirsən. Hərdən bir 40-45
dəqiqə maşınla maraqlanacaqsan, sonra da həyətdə gəzəcəksən, elə deyil? –Bəli, yəqin
ki, elədir dostum. Mənim işim dediyim "zapçast”lar gələndən sonra başlayır da…
-10 gün sonra Həsən
kişi birdən gəlib dedi ki, ay usta sənin dediyin "zapçast”lar bir az çox
götürüre… Gəl sən get "ölüxana”ya (Bakıda yararsız vəziyyətə düşmüş maşınlardan
çıxarılan ehtiyyat hissələrinin satıldığı bazar), ordan bu "zapçast”lardan bax
hansını taparsan, tapmadığını da "peredelka” edərsən bir təhər. Onda sən ona nə
deyərsən? Deməzsən ki, biz söz danışmışıq. "Ölüxana” "zapçast”larından, özü də "peredelka”
ilə yığılan motor ya işləməz, ya da bir az səs-küylü işləyib, səni yarıyolda
qoyar! Deməzlər ki, bunu kim yığıb? Məni biabır etmək istəyirsən? Ondan sonra
kim mənə iş gördürər? Biabırçılıq olar! Mənə həm mənəvi zərbə olar, həm də
maddi. Çünki ondan sonra mənə iş verən olmaz. Toşak da təcrübəli birisidir. O,
hara gəldiyini də yaxşı bilir. Bəlkə də şərtlər daxilində alacağı pulun,
şərtləri yerinə yetmədiyi halda, olacaq mənəvi zərbəyə görə, ikiqatını,
beşqatını almaqla müqaviləyə qol çəkib?
Əslində Toşak 3-4
oyunda nəyə qadir olduğunu elə bu oyunçularla da göstərib. Amma bu oyunçularla
ondan tələb olunan hədəflərə çatmağın mümkün olmadığını o, yaxşı bilir. Ona
görə də təqdim etdiyi və razılaşdırdığı siyahıdakı bahalı futbolçuları gətirməmiş,
qollarını çırmalamayacaq, elə istirahət verib komandaya, özü də gəzəcək. Bax
buna görə ona yumurta atmağa və başqa hörmətsizlik etməyə haqqımız çatırmı?
Onda gərək Həsən kişi də onun maşınını düzəltmədiyin üçün, girib hindəki
yumurtaları sənə atsın. Belədə Həsən kişi düzmü edər? Onda sən də "kapot”u
çıxardıb keçirərsən onun başına. Sonra da dava-dalaş, iş düşər məhkəməyə. İndi
də sən bu yumurtaları haqsız yerə Toşaka atsan, vay bizim camiənin və "Xəzər
Lənkəran”ın halına. Dunyada biabir olarıq. Onda AFFA yox ha… UEFA da, FİFA da
bizi yer üzündən silər. Dünya futbol ictimaiyyəti bizim camiəyə vəhşi adı verər…
Belədə dostum usta
yumurtaları tez-tələsik evə verdi və qayğanaq hazırlamalarını tapşırdı.
P.S. Toşakla bağlı
müraciətə könülsüz imza qoymaq, çoxdan bəri gəzən bu yumurta biabırçılığından
onu və camiəni qurtarmaq fikri idi. Axı hamını bizim bu maşın ustası kimi başa
salmaq olmur. İnşallah camiəmizdə bu və bu kimi fikirdə olanlar, camiəmizin
biabır olmaması üçün heç bir artıq hərəkətə yol verməz.
P.P.S Məsələnin xırdalıqlarına qədər ona görə getdim
ki, çünki fanatlar arasında çoxlu gənc və belə şeyləri çılğınlıq kimi qavrayanlar
var. Ümidvaram ki, bunların heç biri baş verməyəcək.
P.P.P.S Bəlkə də Toşakın
klubla problemi heç də burda yazılanlar kimi deyil, daha asan həll olunandır.
Hər halda buna ümid etmək istərdim.
Mirhafiz Babayev
|