
Bu,
2010-cu il futbolsevərlər üçün heç də maraqsız keçmir. Onsuz da futbolsevərlər,
hər dörd ildən bir dünya çempionatı, yenə hər dörd ildən bir Avropa çempionatı
(eyni vaxtda keçirilən digər Qitələrin çempionatları) və Olimpiya oyunlarına
çoxdan daxil edilmiş futbol oyunları üzrə, olimpiya çempionluğu uğrunda
keçirilən yarışları izləməklə, növbələşərək hər iki ildən bir düşən bu futbol
bayramlarını izləməklə darıxmırlar. Bura, hər il keçirilən ölkə
birinciliklərini, ölkə kuboku uğrunda yarışları, ardınca azarkeşlərinin bəxti
gətirmiş klubların qitə miqyaslı turnirlərdə çıxışını izləməyi də əlavə etsək
futbolsevərlərin kifayət qədər bu ehtiyaclarının ödəndiyini deyə bilərik.
Bəli, bu il elə bu ərəfələrdə, Cənubi Afrika
Respublikasında keçirilən 19-cu dünya çempionatının final mərhələsinin sonu
yaxınlaşdıqca, bütün dünya futbolsevərləri, sonuncu dünya çempionunun
Hollandiya, Uruqvay, Almaniya və ya İspaniya millilərindən hansının olacağı düşündürürkən
( yazi yazılan ərəfədə DÇ-nın ½ final oyunları sabah keçiriləcəkdi), biz "Xəzər
Lənkəran” azarkeşləri daha bir önəmli matç haqda düşünürük. Bayaq dediyim kimi,
axı bəxti gətirmiş azarkeşlərdən olan bizlərin doğma komandası Avropa liqasında
çıxış edir və hətta ilk oyununu iyul ayının 1-də Moldovada "Olimpiya” Beltsı
klubu ilə 0-0 bərabərə qalmaqla, sərfəli səfər nəticəsi ilə doğma şəhərə
dönmüşdür.
Avropanın dörd bir yanını əhatə edən bu
kubok yarışlarına iyul ayının 8-də biz də qoşuluruq. Coğrafi olaraq Mərkəzi
Asiyada qərarlaşan Qazaxıstanın da idman növlərində Avropada təmsil olunması bu
idman ərazisinin nə qədər böyük bir coğrafi sahəni əhatə etməsi doğrudan da nə
qədər möhtəşəmdir. Əsasən, həftənin 2-ci, 3-cü günləri Çempionlar Liqasının və
4-cü, 5-ci günləri isə Avropa Liqasının oyunları keçirilən günlərə, "bu gün
Avropa meydanlarında futbol bayramıdır” deyirlər.
İyul ayının 8-də bu böyük və futbolu kifayət
qədər inkişaf etmiş qoca qitənin futbol bayramına biz də qoşulacaq, və
Avropanın ən cənub şəhəri olan Lənkəran şəhəri, bizim qürurumuz olan, öz
komandası ilə, yəni "Xəzər Lənkəran”la təmsil olunacaq. Avropanın müxtəlif
şəhərlərində qitə kuboku həyəcanı yaşandı dedikdə əlbəttə burada Lənkəran da
nəzərdə tutulacaq. Bu xəbərlər Avropanın bütün informasiya vasitələrində, bütün
telekanallarında səslənəcək, kadrlar nümayiş etdiriləcək.
Bəli, bu bəlkə də bir çoxları üçün
adiləşibsə, bizim üçün isə bir ilk olacaq. Bu Lənkəran şəhəri, o cümlədən
ölkənin cənubu üçün bir ilk olacaq. "Xəzər Lənkəran”ı tək Lənkəran deyil, bütün
cənub regionu dəstəkləyir. Bunları nəzərə aldıqda, həmin bu tarixi gündə doğma
arenamızda ilk avropalı qonağımız olan "Olimpiya” Beltsı klubunun işinin heç də
asan olmayacağını düşünmək o qədər də çətin deyil. Bütün Cənub regionu nə qədər
qonaqpərvər olsa da, biz birlikdə, komandamıza inanılmaz bir dəstək verməklə,
idman dili ilə desək, bu avropalı qonağımızı əliboş yola salacağıq.
Həmin gün UEFA şəhərimizə nümayəndələrini
göndərəcək, çəkilişlərini aparacaq, öz rəsmi saytları vasitəsi ilə operativ
olaraq oyundakı hesabı yayımlayacaq, bütün dünyada izlənən "Livescore.com” və
s. kimi internet nəhəngləri, Lənkərandan məlumatlar alaraq dünyaya yayacaq. Bütün
dünya telekanalları iyulun 8-i Avropa futbol meydanları deyəndə doğma Lənkəran
şəhərini də nəzərdə tutacaq və videogörüntülər nümayiş etdirəcək. Bir sözlə
həmin gün Avropa Liqası həyəcanını Lənkəran şəhəri, onun sevimli komandası olan
"Xəzər Lənkəran”la birgə yaşayacaq. Lənkəran şəhəri Avropada ilk rəsmi oyununu
qələbə ilə başa vurmaqla tarixin yaddaşına köçürəcək.
Bəlkə də 10 və ya 20 ildən sonra "Xəzər
Lənkəran” Avropanın adlı-sanlı klublarını doğma
meydanda məğlub edərkən, biz 8-iyul 2010-cu ildə qazanılan ilk Avropa
qələbəsindən həvəslə danışacağıq. Bu tarixi gündə komandamızı birlikdə
dəstəkləyək, komandamızla birlikdə tarixə düşək, gələcəkdə inşallah 50-60
minlik stadionumuzda, bu 15-minlik stadionumuzun ilk beynəlxalq qələbəsinin
canlı şahidləri kimi danışaq. Bu böyük tarixin iştirakçıları olmaq istəyənlər,
siz də bizimlə bu anları yaşamağa necə baxırsınız?
P.S. Aldığımız məlumata görə bu oyunu canlı
olaraq izləmək üçün Moskvadan, Sankt-Peterburqdan, Kiyevdən, Moldovadan və
yaxın xaricdən əslən bölgəmizdən olan "Xəzər Lənkəran” azarkeşləri həmin gün
doğma komandalarını tək buraxmamaq üçün stadiona gələcəklər.
"Bosman.at.ua” Müəllif: Mirhafiz M. Babayev "Bosman” fanklubu 05.07.2010.
|