
XXVI
turun oyunlarının müzakirəsi bir yana, oyundan sonrakı hadisələrin də necə deyərlər
gündəmi zəbt etməsinin şahidi oluruq. Söhbətin iki istiqaməti var.
Biri
odur ki, "İnter” – "Neftçi” oyunundan sonra Kaxaber Çxadadzenin oyunsonrası mətbuat
konfransına gəlməməsi məsələsidir. Bəzi mətbu orqanları bunu Çxadadze tərəfindən
mətbuata qarşı hörmətsizlik kimi qiymətləndirdilər. Biz də onun mətbuat konfransına
gəlib etirazlarını orada bildirməyin daha məqsədəuyğun olduğunu düşünürük. Amma
"İnter”ə qarşı həmin oyunda Əfqan Həmzəyev tərəfindən xirtdəyəcən haqsızlığın
olduğunu hamı gördü. Bu birinci hal deyildi axı. Nə qədər mətbuat konfransına gəlib
belə eybəcərlikləri söyləmək olar. Sonra da deyirlər ki, məşqçilər oyunu uda
bilməyəndə hakimləri günahlandırır. Mətbuat konfranslarında bunları deməklə iş
düzəlmirsə, onda Çxadadzenin başqa vasitədən istifadə etməklə yəni mətbuat
konfransına gəlməməklə öz etirazını bildirməsini də başa düşmək lazımdı. Onu
günahlandırmağın yeri olduğu kimi məsələnin əsl mahiyyətini aydınlaşdırmağın da
yeri var.
Nə
qədər haqsızlıq olar? Bunu demək olar ki, bütün baş məşqçilər tez-tez mətbuat
konfranslarında hakim haqsızlıqlarından söz açıb, amma düzəlmir ki, düzəlmir.
Komanda qələbə qazanan yerdə hər hansı əsassız qərarla qələbəsini əlindən
almaqla hər kəsi o cümlədən baş məşqçini nə qədər əsəb girdabına "Soxaber
Çxadadze” (ifadəyə görə hər kəsdən o cümlədən Kaxaber Çxadadzenin şəxsindən üzr
istəyirik) edərlər? Bir bunları da
düşünmək lazım deyilmi?
İkinci
məsələ isə həmin turda "Qarabağ” – "Xəzər Lənkəran” oyunundan sonra "Qarabağ”ın
baş məşqçisinin bir neçə şəxslə "Xəzər Lənkəran” azarkeşini vurmağa cəhd etməsidir.
Buna səbəb isə bildiyiniz kimi "Xəzər Lənkəran” azarkeşi Xəlil Hüseynlinin
Qurban Qurbanova yolüstü yaxınlaşaraq: "Bugünki oyunu «Neftçi»ylə də
oynasaydız, xal itirməzdiz!” deməsi olub. Qurban Qurbanov da bu fikri "oyun
alqı-satqısı” mənasında dəyərləndirərək yanındakılarla bərabər onun üstünə
yeriyib və vurmağa cəhd edib.
Biz
də azarkeş olaraq xüsusən "Xəzər Lənkəran” azarkeşinə qarşı olunan bu haqsız hərəkəti
pisləyirik. Gərək Qurban Qurbanov kimi son illərdə futbolumuza böyük xeyirlər
vermiş bir adam ya özünü eşitməməzliyə vuraydı ya da yaxınlaşıb səbrlə normal
izahat verəydi. Biz ondan heç zaman belə bir səhvin edilməsini ağlımıza belə gətirməzdik.
Biz
"Xəzər Lənkəran” azarkeşi olaraq, əlbətdə buna haqq qazandıra bilmərik. Sözlərində
konkret təhqiredici ifadələr olmadığına görə də Xəlil Hüseynlini müdafiə
edirik. Əgər onun sözlərində konkret təhqiredici ifadələr yoxdursa və Qurban
Qurbanov yalnız bu sözlərin başqa məna verəbiləcəyi ilə bağlı belə hərəkət edib
açıqlama da verirsə, onda bir tur əvvəl "Neftçi”yə məğlub olduqları vaxt rəqib
azarkeşlərin "Qarabağ bizimdir, bizim olacaq!” kimi səsləndirdikləri şüarda niyə
başqa məna axtarmamışdı? Onda da kimləri isə vurmalı idi? Əgər "Xəzər Lənkəran”la
oyunda heç-heçə edib iki xal itirməklə əsəbi olduğu deyilən Qurban bəy,
çempionluq yolunda əsas rəqibi olan "Neftçi”yə məğlub olub ondan daha da uzaq
düşərkən əsəbi deyildi?
Biz
Xəlil Hüseynlini müdafiə etməklə bərabər, həm də Qurban Qurbanovun da ilk dəfə belə
hərəkətə yol verdiyindən və onun Azərbaycan adına futbolda olan xidmətlərini nəzərə
alaraq bağışlamaq istərdik. Təki belə şeylər daha təkrarlanmasın. Axı "Xəzər Lənkəran”
azarkeşlərinin belə bir şüarı da var: ""Xəzər Lənkəran” azarkeşi həm də Azərbaycan
futbolunun azarkeşləridir!”
Aşağıda
isə bu məsələ ilə əlaqədar Qurban Qurbanovun "Azerisport.az” saytına verdiyi
açıqlamasını təqdim edirik:
"Mən heç onun lənkəranlı azarkeş
olduğunu da bilmirdim. Bu haqda sonra xəbər tutdum. Xoşagəlməz hadisə idi.
Mübahisə yarandı. Azarkeş yanımdan keçərkən dedi ki, "Neftçi" ilə belə
oynasaydınız yaxşı olardı. Karyeram ərzində oyun alqı-satqısı ilə məşğul
olmamışam ki, ünvanıma belə sözlər eşidim. Bu, mənim xoşuma gəlmədi. Öyrənmək
istədim ki, o, bununla nə demək istəyir. Sonra isə kiçik dava düşdü, hansı ki,
tez ayırdılar. Mən başa düşürəm ki, xoşagəlməz hadisədi. Ancaq azarkeş də bilməlidi
kimlə, nə danışır? Mən və mənim komandam
onun dediyi sözlərə layiq deyildi. Rəşad Sadıqova gəlincə, o, sadəcə bizi
ayırmaq istəyirdi və əlim təsadüfən onun üzünə dəydi”.
|