Qış
fasiləsinin bitməsini və bu fasilədə komandamızın nə qədər güclənəcəyini səbirsizliklə
gözləyirdik. Nəhayət fasilə bitti, gözlənilən gün gəlib çatdı və komandamız
gözümüzün önündə ən prinsipial nəqibinə qarşı qonaq qismində oynadı.
Əvvəla
onu deyək ki, sırf belə bir matçda komandamıza transfer olunan futbolçular özlərini
doğrultmuş oldular. Hələ ilk oyun olduğundan bunun çətinliyi bir yana dursun,
futbolçularımızın da bir-birinə alışmaq baxımından problemləri hiss olunurdu. Bu
tək bizim komandada deyil, dünyanın hansı məşhur klubunda da bu qədər sayda
yeniliklər olsaydı belə futbolçuların anlaşma baxımından elə ən azı bu qədər
problemləri yaşanardı. Bunun zaman-zaman aradan qalxacağı hiss oluna bilir.
Çünki bəzən topu qəbul edən hər hansı futbolçumuz topu ötürdüyü istiqamətə
baxmadan, bu ötürməni edirdi. Bu çox vaxt baş tutsa da bəzən belə bir gözəl
ötürməni qəbul edən olmurdu. Çünki topu ötürmə edən futbolçu öz gümanında həmin
mövqedə komanda yoldaşının olduğunu düşünərək bunu edirdi. Lakin topu qəbul etməli
olan oyundaşının onu başa düşməyərək əvvəlcədən həmin mövqeyə çıxmaması
ucbatından bir neçə əla düşünülmüş həmlələrimiz boşa çıxırdı. Əlbəttə bu çox
qısa zaman ərzində qaydaya düşəcək yəqin. Təki futbolçularımız göstərdiyimiz
düşüncə sahibi olsunlar, bu da ki, var kimi görünür. Onda gözəl oyun və Avropa
futbolu görəcəyimizə əmin ola bilərik. Bura sürətli futbolu da əlavə etsək
artıq "Xəzər Lənkəran” azarkeşi narahat olmaya bilər. Çünki onun qarşısında
bizim komandalar çətin ki, duruş gətirsin.
Sürətdən
söz düşmüşkən xüsusən ikinci hissədə sürəti bir qədər də artıran komandamızın
qarşısında rəqibin necə də pozulduğunu və öz oyun üslubunu itirdiyini deyə bilərik.
Birinci hissədə də gözəl futbol sərgiləyən "Xəzər Lənkəran” artıq rəqibə bələd
olduqdan sonra, ikinci hissədə sürəti artırmağa qərar vermişdi. Dediyimiz kimi,
sürətli oyun epizodlarını "Xəzər Lənkəran” komandası gözəl bacardığını nümayiş
etdirən anlarda rəqib tam pozuntuya gedirdi. "Sağ olsun" baş hakim Vüsal Əliyev
belə hallarda onların dadına çatırdı. Hər dəqiqə fit çalıb oyunun tempini aşağı
salan Vüsal Əliyev bu gün "Neftçi”ni "Xəzər Lənkəran”ın əlindən qurtarmış oldu.
Bu bir çox epizodları pozmaqla futbolun gözəlliyinə də kölgə salmış oldu. Xüsusən
sonda hələ artırılmış üç dəqiqə qurtarmamış komanda yoldaşından ötürmə alan və
sürətlə son rəqibi də arxada qoyan Oparanın qapıçı ilə təkbətək duelə
yollandığı an Vüsal Əliyevin final fitini səsləndirməsi... Epizodu sona qədər
gözləmək lazımdır Vüsal bəy! Axı sən az-çox obyektivliyinə və bacarığına
inandığımız tək-tək hakimlərimizdən biri sayılırsan!
"Xəzər
Lənkəran” qonaq komanda olmasına baxmayaraq bugünki oyunu ilə hələlik "Neftçi”dən
bir baş üstün olduğunu sübut etməyi bacardı. Rəqibinə hansı oyun tərzində necə
davranmalı olmaq haqda dərs keçdi. Artıq bundan sonrakı oyunlarda "Neftçi” "Xəzər
Lənkəran”la oyuna çıxanda yəqin ki, onun yükünün üstünə bir təlaş yükü də əlavə
olundu. Belə çətinlikləri fikirləşərək bundan sonra bizimlə oyuna çıxacaq rəqibin
oyununu bir anda pozmaq və lazımi nəticələri əldə etmək isə "Xəzər Lənkəran”ın
öz işidir.
Əhsən sənə Rednik! Uğurlar sənə "Xəzər Lənkəran"!
|