Dünən
fanklubumuza qarşı iki diqqətsizlik qeydə alınıb ki, bu da xüsusən gənc üzvlərimiz
tərəfindən birmənalı qarşılanmayıb.
Bu
məqamlardan birincisi "Birlik Kuboku”nu üçüncü dəfə Azərbaycana gətirmiş olan
"İnter” klubunun vətəndə qarşılanması ilə əlaqədardır. Kubokun finalı bitər-bitməz
komandanın Azərbaycana nə vaxt dönəcəyi və qarşılanma mərasimində hansı formada
iştirak edəcəyimiz haqda müzakirələrə başladıq. Çünki "İnter”in bu turnirdə Azərbaycanı
layiqincə təmsil etməsi, həm də bu klubun azarkeşləri ilə dost münasibətdə
olmağımız bu müvəffəqiyyətə biganə qala bilməməyimizdən qarşılanma mərasimində
iştirak edib, dost azarkeşlərlə sevincimizi bölüşmək istəyində idik. Elə bu məqsədlə
"İnter”in tanınmış azarkeşlərindən Oqtay Ağazadə ilə əlaqə saxlayıb komandanın
nə vaxt hava limanında olacağı vaxtı dəqiqləşdirdik və qarşılanma mərasimində
onlarla birlikdə iştirak etmək istədiyimizi bildirdik. Düzü Oqtay bəy bundan
"İnter” azarkeşlərinin çox sevinəcəyini belə ifadə etdi:-"Bir dost fanklub kimi
həmişə bizim yanımızda olmusunuz, bu tədbirdə də bizimlə birlikdə olmanızdan
qürur duyarıq”. Sonra Oqtay bəy aldığı məlumatla bizi də tanış etdi. Onun məlumatına
görə komanda Rusiya vaxtı ilə saat 08.30-da Sankt-Peterburq şəhərindən təyyarə
ilə havaya qalxacaq və təxminən yerli vaxtla 13:00 radələrində Bakıda H. Əliyev adına
hava limanında yerə enəcəyinin proqnozlaşdırıldığını dedi. Bu məqsədlə onlar
24.01.2011 tarixində səhər saat 10:00-da "Əzizbəyov dairəsi”ndə toplaşaraq,
sonra hava limanına tərəf gedəcəklərini söylədi və bizi də orada yığışmağa dəvət
etdi. Lakin biz öz xəttimizlə göstərilən vaxtda hava limanına birbaşa getməyimizin
bizim üçün daha əlverişli olduğunu Oqtay bəyin nəzərinə çatdırdıq və "hava
limanında görüşənədək” deyib sağollaşdıq.
Danışdığımız
vaxtdan da yarım saat tez, bizim "Bosman” fanklubunun dörd nəfərdən ibarət nümayəndə
heyəti Mirhafiz Babayev, Samil Rəcəbov, Hafiz Rəcəbli və Kazım Muradov artıq
hava limanının ərazisində idik. Bu vaxt bizdən başqa qarşılama mərasiminə gələcək
olan heç kimsə gözə dəymirdi. Təxminən yarım saat sonra "İnter”li azarkeşlər də
yavaş-yavaş toplaşmağa başladılar. Azarkeşlərə Oqtay bəy rəhbərlik edirdi.
Oqtay bəyin başçılıq etdiyi azarkeşlərlə bir-bir salamlaşıb səmimi təbriklərimizi
çatdırdıq. Həmçinin biz burada "Xəzər Lənkəran” azarkeşlərini təmsil etdiyimizi
və bütün azarkeşlərimiz adından onlara çatacaq təbrikləri də çatdırmağı
unutmadıq. Onu da deyək ki, "12-ci oyunçu” azarkeş qrupu, bizə bu qarşılama mərasimində onları da təmsil
etməmiz üçün bir növ səlahiyyət vermişdi.
Görüş
zamanı Oqtay bəy həmişə olduğu kimi bu an da onlarla birlikdə olmamız üçün təşəkkür
edərkən, turnir ərzində "12cioyuncu.com” və "Bosman.at.ua” saytlarında gedən
ardıcıl yazılara görə də təşəkkür etməyi unutmadı. Sonra komanda hava limanında
yerə enməklə başlayan qarşılama mərasiminin sonuna qədər biz də "İnter”li
qardaşlarımızla birlikdə olduq. Həmçinin digər klublarımızın fanatlarının da bu
mərasimdə iştirakının şahidi olduq. Beləcə "İnter”in bu uğuru tək "İnter”
fanatları tərəfindən deyil, bir çox klublarımızın azarkeşləri ilə birlikdə qeyd
olunaraq tarixə qovuşdu.
Lakin
"Bosman” fanklubuna qarşı diqqətsizlik gənc üzvlərimiz tərəfindən birmənalı
qarşılanmadı. Belə ki, ölkənin idman mediasında bu diqqətsizlik nəzərə
çarpdı. Xüsusən ölkənin bir nömrəli idman nəşri olan "Futbol+” qəzetinin 25-26
yanvar 2011-ci il nəşrində ((N:15 (2198) sayının 5-ci səhifəsində bu qarşılanma
mərasimi ilə bağlı, "İnter”i "Qarabağ” və "Kəpəz” qarşıladı” başlıqlı yazısında
gördüyünüz kimi nə başlıqda və nə də yazının özündə "Bosman”ın adına rast gəlinmir.
Biz
heç də burada reklam olunmaq üçün iştirak etməmişik. Lakin gileyimiz belə bir
mötəbər qəzetin diqqətsizliyinə görədir. Çünki, ölkənin futbol ictimaiyyətində
və böyük sayda azarkeşlərində bəs hanı dediyiniz qardaş "Xəzər Lənkəran”
azarkeşləri? Görəsən nə olub ki, onlar bu mərasimdə iştirak etməyiblər? Kimi
suallar yarana bilər deyə narahatlığımızı ifadə edirik.
"Bosman”
fanklubuna elə həmin gün daha bir diqqətsizlik "Xəzər Lənkəran” tərəfindən göstərildi.
Belə ki, Antalyanın Bələk bölgəsində təlim-məşq toplanışında olan komandamızın
baş məşqçisi Mirça Rednikin təlim-məşq toplanışının gedişi, orada keçirilən
yoxlama oyunlarının nəticələrinə görə komandanın burdakı azarkeşlərinə:-"Onlara
deyin ki, narahat olmasınlar, biz burda təlim-məşq toplanışını tam gücümüzlə, məsuliyyətimizlə
davam etdiririk. Sonda güclü bir komanda ilə vətənə dönəcəyik” deyə xəbər göndərməsi,
digər fanklublarımıza çatdırılsa da, nədənsə "Bosman” fanklubu yada düşməyib.
Digər
azarkeşlərimiz kimi biz də bu təlim-məşq prosesini nigarançılıqla izləməyimizə
baxmayaraq, bütün ölkə mediasını, o cümlədən digər, əsasən də Rumıniya mediasını
hər an diqqətdə saxlamağımıza, burada lazımi xəbərlərə rast gələn kimi onu tərcümə
edərək saytımızda oxuculara çatdırmağımıza baxmayaraq, diqqətdən kənar
qalmağımızla əmələ gələn münasibətə özümüzü heç də layiq bilmirik. Düzdür biz araşdırma apardıq və bunu bizim elektron ünvanımızın komandada olmaması üzündən bizə
xəbər göndərə bilməmələri ilə izah edən komanda rəsmisi, özünü bu işdə günahkar
sayaraq bunu heç də özünə bağışlaya bilmədiyini də etiraf etdi. Biz bunu normal
qəbul etməyə çalışdıq. Eyni zamanda komandamıza və baş məşqçimiz Mirça Rednikə
sonsuz inam ifadə edərək onun gözəl bir heyət quracağına inanırıq. Biz "Bosman” fanklubu olaraq onu demək istəyirik ki, daim
fikrimiz, düşüncələrimiz və cismimizlə "Xəzər Lənkəran”ımızın yanındayıq.
|