Sizə bu dəfə
bir məhəllənin sakinləri olan qonşulardan danışacağıq. Hər yerdə olduğu kimi bu
qonşular da gah mehriban olur, gah da araları müəyyən məsələlərə görə dəyirdi.
Əvvəl-axır görürsən ki, barışmalı olurdular. Bu barışıqda gah onların dostları
rol oynayırdı, gah da məhəllənin bir ağsaqqalı olan Ramin kişi fəallıq göstərirdi.
Belə ki, qonşulardan biri Rəvan adında bir gənc idisə, o biri qonşular Turan
kişi, Neftulla baba, Xəzər müəllim, Kəpəz kişi, gürcülərlə dostluqda seçilən İNTiqam,
dərdli Qarababa kişi, Qəbələli dayı, sehirli quşlardan danışmağı sevən Simurq
əmi, təyyarə sürməyi xoşlayan, lakin maaşının getdikcə AZALması ucbatından
təqaüdə çıxmağa hazırlaşan və buna görə də AZALan ləqəbi qazanmış AZAL kişi və
digər iki qonşu da bir məhəllədə yaşayırdılar. O biri iki qonşu isə şəhər uşağı
ləqəbi daşıyırdılar ki, aralarında da həmişə atmacalar olurdu. Biri o birinə
deyirdi ki, sən həm çox gəncsən, həm də əsasən ordan-burdan gələnlərin hesabına
şəhər olmusan. Bu gənc şəhərli də dil boğaza qoymayıb ona cavab verirdi ki, bəs
yaxşı sən haçandan şəhərli oldun? Adına şəhər adı qoymaqla deyil ki...
Nə
isə bunların arasında daim belə kiçikli-böyüklü mübahisələr düşürdü. Birinin
evi var idi, digəri kirayədə yaşayırdı. Neftulla babanın da bu məhəllədə əvvəldən
imarəti olsa da daim orda burda qalırdı. Ona söz vermişdilər ki, sən məhəllənin
ən yaşlısısan. Ona görə də ya sənin evini təmir elətdirib, səni ora
köçürəcəyik, ya da 65 otaqlıq yeni böyük imarət tikəcəyik sənin üçün. Yazıq Neftulla
baba da o günü səbirsizliklə gözləməkdən az qala beli əyilib. O qədər gücsüzləşib
ki, bəzən başqa məhəllələrin lap zəifləri ilə dava da edəndə, onlara gücü
çatmır. Belədə məhəllə ağsaqqalı Ramin kişinin də onu müdafiə etməyə gücü
çatmır. Belə olanda Neftulla baba acizanə baxışlarla Ramin kişiyə sual dolu
nəzərlərlə baxır ki, bəs nə oldu?
Sizə
Xəzər müəllimdən də danışım. Adının böyüklüyünə baxma, neçə ildir başqa
məhəllənin uşaqları ilə dava edəndə həmişə döyülür. Düzdür bir-iki dəfə az
qalıb ki, onlara güc gəlsin, amma nə olsun yenə də gücü çatmayıb. Bu il o biri
məhəllədən lap bir uşaq-muşaq cüssəsində biri ilə dava elədi. Uşaq o qədər
cocuq idi ki, anası hələ ona ozünü necə yumağı öyrədirdi. Ona deyirdi ki, bax
belə qal, belə yu... Türk demişkən "Kal-yu”. Nə isə bu tifillə davada birtəhər
Xəzər müəllim qalib gəldi. Amma Xəzər müəllimin ata-anası, bəzi qohum-əqrəbası
o qədər sevindilər ki, lap bayram etdilər. Nağıllarda olduğu kimi az qala qırx
gün, qırx gecə bayram edəcəkdilər. Amma di gəl mərdimazar qoydu ki... Bir
həftəlik bayramı əvvəli Lex olmuş, indi isə loxun biri azzar etdi də...
Elə
o biri məhəllə sakinləri də necə deyərlər evdə xoruz, çöldə toyuq kimidirlər.
Ara sıra qonşular bazara da gah bir yerdə gedirlər, gah da ayrı-ayrılıqda.
Bəzən də elə olurdu ki, birinin aldığı mal, o biri qonşunun o qədər xoşuna
gəlirdi ki, birtəhər ya gözdən salmaqla, ya da şirnikləndirməklə onun aldığı
malı ondan qoparmağa müvəffəq olurdu. Belə hallarda əsasən məhəllə ağsaqqalı Ramin
kişinin də, bir yandan üzdə, bir yandan da altdan-altdan gördüyü işlər də
bəhrəsini verirdi. Elə son zamanlarda Xəzər müəllimin ya əfəlliyindən ya da
acgözlüyündən istifadə edən Ranin kişi iki dəfə alınmış mala- Ay Xəzər müəllim
bu nədir almısan? Bu mallar o qədər köhnədir ki, qabığı-dərisi lap qapqara
qaralıb. Əşşi bunları nə qədər xarab olmayıb sat getsin deyə aldada bilmişdi. Daha
Xəzər müəllim də fikirləşməmişdi ki, yaxşı yetişən malın elə öz rəngi olur.
Ümumiyyətlə Xəzər müəllimin ötən il bazara baxan adamı çox ağıllı və mal seçə
bilən biri idi. O, o qədər gözəl mallar bəyənirdi ki, az qala Xəzər müəllim
daha bazara getmədən elə özü yaxınlıqda bir bazar aça bilərdi. Bu zaman da
gözügötürməyənlər peyda oldu. Həm fikirləşdilər ki, daha ən yaxşı bazarı
tanıyırlar. Oradan da malı necə almaq lazımdırsa, onu da öyrəniblər. Daha
bilmirdilər ki, bundan əvvəl bu işlərə baxan şəxsin kifayət qədər bacarığı və
istedadı vardı. O mal hazır olan kimi onun məsələsini həll edə bilirdi və ya
malın hazır olmasına bir il qalsa belə , malın başını bağlayırdı.
Ondan sonra
Afrikanın banan bazarına dediyinə görə bələd olan bir adamı işə götürdülər. Bu
adam da çürümüş afrika bananlarından başqa bir sey ala bilmədi və birini də
hətda yolda atmalı oldu. Nə isə alınan xarab mallar Xəzər müəllimin anbarında
və soyuducusunda başqa sağlam nə var idisə, onları da xarab eləməyə başladı.
Bunu görən Xəzər müəllim daha başqasına bu işi tapşırmağı qərara aldı. Bu arada
Xəzər müəllimin qonşuları onun anbarında olan yaxşı malların da xarab olacağını
görüb, elə öz razılığı ilə bir neçəsini ələ keçirdilər ki, bu barədə yuxarıda
yazmışdıq. Bu işlərdə məhəllə ağsaqqalı ramin kişinin də rolu az olmadı. Yenə
sağ olsun bir neçə yaxşı malı xarab olmağa qoymayaraq, başqa qonşulara onları
alıb satdı. Həm özü pul qazandı, həm mal xarab olmaqdan qurtuldu, həm də
məhəllə adamları istədikləri malı onsuzda axtarırdılar deyə, onların da işi
düzəldi. Sağ olsun ramin kişi ki, belə savab işlər görməklə öz ağsaqqallığından
yararlana bilir.
Xəzər müəllim
məktəbdə idman dərsi dediyindən həmişə bazara getməyə vaxtı olmur deyə bu dəfə
də bazarlıq məsələsini bir başqasına tapşırmalı oldu. Əvvəl özü də ona kömək
göstərirdi ki, bir az işini yüngülləşdirə bilsin. Lakin təzə bazarlıq edən elə
hey Xəzər müəllimdən səhv tutmağa başlayırdı ki, bu nədir alırsan? Bu ki, xarab
maldır. Yaxud bu malın vaxtı keçmişini alma sütülünü seçmək lazımdır. Yeni
bazarlıqçının səriştəli danışığını görən Xəzər müəllim bu işi məcbur bütünlüklə
ona həvalə etməli oldu. Çünki o deyirdi ki, mən bazarlıq edəndə mütləq malı
dişimə çəkib onun kal və ya yetişmiş olduğuna baxmalıyam. Nə olsun ki, bazara
gələn adlı-sanlı müştərilər həmin mal üçün növbəyə düzülür. Onlar nə bilirlər
bazarlıq nədir? Hətda bəzən dişləyib dadına da baxıram. Özü də bazarın
nə gur vaxtı nə də səhər-səhər oralara getmək lazım
deyil. Hava qaralana yaxın satıcılar evə dönən vaxtı getmək lazımdır ki, onda
da malı dəyər-dəyməzinə, ucuz almaq olur. Beləcə köhnə bazara təzə dəb qoymaq
istəyən Xəzər müəllimin bazarlıqçısı hər gün axşambazarına çıxsa da orada
çürümüş mallardan başqa bir şey görmürdü. Çünki işini bilən bazarlıqçılar səhər
tezdən bazarın ən yaxşı mallarını çoxdan alıb qurtarmışdılar. Anbarlarını,
soyuducularını təravətli mallarla doldurmuşdular.
İşi belə
görən Xəzər müəllimin bazarlıqçısı öz-özünə düşünürdü. Fikirləşirdi ki, mən
nahaq belə kal iş tuturam. Sonra Xəzər müəllim məndən soruşanda ki, nəsə ala
bildin? Bəs mən nə cavab verəcəyəm? Bundan sonra özünə soz verdi ki, o da başqa
məhəllə adamları kimi bazara səhər-səhər getsin. Belə də elədi. Lakin artıq
bazarda ölü mallar qaldığından çıxılmaz vəziyyətini başa düşdü. Bir gün səhər
bazara gedən, daha doğrusu bazarın yolunu tanımadığından qonşulara qoşulan,
Xəzər müəllimin bazarkeşi bazarda qəribə mallara rast gəldi. Satıcıdan soruşanda
ki, bu nə maldır, haranındır belə? Satıcı da əsl bazar adamı olduğundan malını
tərifləməyə başladı. Bəh, bəh, bəh... bilirsən nə maldır?! əladır. Bunu çox
adam istəyib verməmişəm. Gəl götür. Birini 26 dəfə dişləyirsən, cəmi dörd dənə
tumu çıxır. Birinin də toxumunu Braziliyadan gətirib Yunanıstanda əkiblər, hələ
bilinmir bu necə möcüzəli olacaq?! İkisində də Yunanıstanın etigeti var,
görmürsən? Yunanıstan malları da ki, özün bilirsən də... Onsuz da naəlac qalan bazarlıqçı
bir mala baxdı, bir də etigetə. Fikirləşdi ki, əşşi qoy götürüm də pulunu ki,
mən vermirəm, Xəzər müəllim verir də... Ordan burdan Yunanıstan tarixindən və
mifologiyasından eşitdikləri də yadına düşdü. Malı gah Herakla bənzətdi, gah da
Axillesə. Hətda gözündə Poseidonu üçqardaş Hadesləri də canlandırdı. Sonda baş
allah Zevsi canlandırınca, -satıcıya, ver gəlsin dedi. Satıcı da xam müştərini
yaxşı həriflədiyini başa düşüb, birə-beş qiymətə malları qablaşdırdı ki, götür
apar. Amma heç kimə demə ki, bu qiymətə almısan! Yenə gələrsən bir-iki günə
daha yaxşı mallarım olacaq. Bazarlıqçını da Yaşıl Bazarda belə aldadıb yola
saldılar... Amma vay Xəzər müəllimin halına.
|