
Bu
gün komandamız daha bir sınaqdan çıxmış oldu. Əslində əvvəlki illərdən fərqli
olaraq, builki vəziyyətinə görə elitada qalmaq üçün mübarizə aparan "Simurq”la
oyunu "Xəzər Lənkəran” üçün sınaq adlandırmaq düzgün olmazdı. Amma nə yazıq ki,
əsasən hücumçularımızın xəstə və zədəli olmaları bunu deməyə əsas verir. "Simurq”la
oyunda legioner hücumçularımızdan cəmi biri, Allan Lalin meydana çıxa bilmişdi.
O, da keçən tur oyununda xəstə olduğu üçün meydanda deyildi. Həmin "Qəbələ” ilə
oyunda yeganə hücumçumuz, Uinston Parks da beyin silkələnməsi diaqnozu ilə
sağlamlığında problem əmələ gələrək o biri zədəlilərə qoşuldu. Beləliklə, "Simurq”la
oyun üçün təcrübəli sayılan hücumçularımızdan biri Allan Lalin xəstəlikdən
sonra hazır vəziyyətə gəlmişdi. Nə Emeka Opara, nə Uinston Parks, həmçinin
komandadan ayrılan Dieqo Ruisin yoxluğunda "Simurq”la bu tur oyununu sınaq
adlandırmaq olardı.
Bugünki
oyun bunun, yəni hücumçu probleminin olduğunu bir daha göstərmiş oldu. Bütün
komponentlərdə rəqibini böyük ölçüdə üstələməsinə, çoxlu real qol
vəziyyətlərinin yaradılmasına baxmayaraq, bunlardan cəmi birindən istifadə edə
bildi. Amma təcrübəli hücumçularımız "iş başında” olsaydılar, kim bilir hesab
neçə olardı. Komanda meydan boyu oynayır, ustunluk qazanır, qol vəziyyətləri
bir-birinin ardınca gəlir, lakin qol olmur ki, olmur. Nəhayət üç xalı gətirən
Alim Qurbanovun qolu hamını sevindirir, turnir cədvəlindəki yerimiz qorunur,
cədvəldəki qonşularımızın bizdən daha da aralanmasına imkan vermir. Əvvəla
zədəli hücumçularımız sağalaraq meydana dönənə qədər, daha sonra qış
transferlərinin uğurlu alınması ümidiylə biz sevimli "Xəzər Lənkəran”ımızın
belə çətin qələbələrinə şahidlik etmək zorundayıq. Təki qələbə olsun. Belə
çətin vəziyyətlərdə qazanılan qələbə asan qələbələrdən qat-qat şirindir. Başqa
bir məsələ də "Simurq” tərəfinin də "Xəzər Lənkəran”ın bu dediyimiz problemli
tərəflərini çox yaxşı bilmələri idi. Onsuz da Lənkəran səfərindən bir xalla
dönmək qonaqlar üçün sərfəli nəticə sayılırdı. Həm də bizim bu problemlərimizi
bildiklərindən onlar xal aparmaq üçün bütünlüklə müdafiədə oturmağı üstün
bilmişdilər. Belə müdafiədə oturan komandaya qol vurmağın özü də asan iş deyil,
hətta tam heyətlə çıxış etdikdə belə.
Bütün
bunlara baxmayaraq, "Xəzər Lənkəran” azarkeşlərini təbrik edirik. Komandamız
çətin vəziyyətdə də olsa azarkeşlərini sevindirməyi bacardı. Elə azarkeşlər də
bu komandanı sevməyi bacarır. Çünki, "Xəzər Lənkəran” bu sevgiyə layiqdir, necə
ki, azarkeşləri sevinməyə layiqdir.
|