
27-ci tur Unibank premyer liqasının
oyunlarını çox maraqla gözləyirdik.Rəqib komandaların bu turda, bir gün əvvəl
xal itirməsindən yararlana bilsəydik, indi turnir cədvəlinin şəriksiz lideri
olmaqla bərabər, həm də final mərhələsinin birinci dövrəsini qələbə ilə başa
vurub, ikinci dövrəyə də çox inamla başlayacaqdıq. "İnter”-"Qəbələ” matçı 1:1
bitincə "İnter” daha iki xal itirərək xallarının üstünə cəmi bir xal əlavə edə
bildi ki, bununla da 24-xal toplamış oldu. "Xəzər Lənkəran”, "Bakı” üzərində
qələbə qazanmış olsaydı, 22-xalının üzərinə daha üç xal artıracaqdı ki, bununla
komandamız 25-xalla dediyimiz kimi şəriksiz liderə çevriləcəkdi.
Nəinki bizdə, dünyanın bir çox
çempionatlarında belə məsul matçlar öncəsi bir çox məşhur klubların xal
itkisinin dəfələrlə şahidi olmuşuq. Əfsuslar olsun ki, "Xəzər Lənkəran” da
bazar günü belə bir aqibət yaşadı. Amma belə bir məsul vaxtda, çempionatın
qurtarmasına cəmi beş tur qalmış, bu cür çıxışlara yol vermək əlbəttə ki,
olmaz. Belə olarsa, onda çempionluq bizdən aralı düşə bilər. Heyətinə görə
çempionatımızın ən güclüsü sayıla bilən komandamız belə səhvlərə yol
verməməlidir.
"Bakı” ilə oyunda komandamızın nə
üçün meydana çıxması, nəyə görə belə səbatsız oyun sərgiləməsi hələ də
çoxlarımıza qaranlıqdır. Həm ümümi komanda oyununda, həm də futbolçularımızın
meydanda məqsədsiz gəzişməsi təəssüf doğurmaya bilməz. Son zamanlar bəzi
futbolçularımızın tənbəlliyi bizi narahat etməyə bilməz. Xüsusən, çox böyük
ümid bəslədiyimiz Çvetkov son bir neçə oyunda meydanda çox təmbəl görünməsi ve
demək olar heç kimə ötürmə verməyərək topu itirməsi ilə yadda qalır. Eləcə də
K. Ağayevin bəzi luzumsuz hərəkətləri və s. göstərmək olar. Sizə belə oyun
yaraşırmı? Siz, "Xəzər Lənkəran”ı təmsil
edirsiniz! Biz isə "Xəzər Lənkəran”ı sevirik. "Xəzər Lənkəran”ı sevdiyimizə
görə sizləri, gözəl oyununuzla sevirik. "Xəzər Lənkəran”a layiq oyun göstərib
sonda hamımız Çempionluğu bayram etməliyik.
Bizlərə, sizinlə bərabər yalnız bu
yaraşır. Çünki bizlər buna layiq, sizlərsə buna qadirsiniz. "Xəzər Lənkəran”
ailəsi həmişə ən yuksək zirvələrə layiqdirlər!
|