Beləliklə, XI
tur oyunları ilə 2011/2012 mövsümünün birinci dövrəsinə yekun vurulur. Bu turda
"Xəzər Lənkəran” doğma divarlar arasında Gəncənin "Kəpəz” komandası ilə
görüşürdü. Onsuz da oyunun nəticəsindən asılı olmayaraq, "Xəzər Lənkəran” klubu
topladığı xal ehtiyatı ilə birinci dövrəni lider kimi başa vuracaqdı. Çünki ən
yaxın izləyicisindən dörd xal irəlidə idi. Lakin komandamız adına layiq olaraq
yenə növbəti qələbəsini qazandı və ilk dövrəni 26 xalla yekunlaşdırdı. Mümkün
olan 33 xaldan 26-sını toplayaraq turnir cədvəlinin lideri kimi ilk dövrəni
bitirmək heç də pis nəticə sayılmamalıdır. Yəni bu 26 xalı komandamız 11 oyunda
8 qələbə (24 xal), 2 heç-heçə (2 xal), 1 məğlubiyyət (0 xal) hesabına qazandı.
Rəqib qapılarına 17 top vurmağı bacaran komandamız, öz qapısında 7 top gördü.
XI tur ərəfəsində
bəzi məqamlar da var idi. Belə ki, ölkə ərazisində və xüsusən cənub regionunda ən
çox da Lənkəranda 4 gündür yağan aramsız yağışlar hətta o dərəcədə idi ki, bu
oyunun təxirə salınması da gözlənilirdi. PFL oyunun keçirilməsində israrlı olsa
da "Xəzər Lənkəran Mərkəzi Stadionu”nun rəhbərliyi oyunun baş tutmaya biləcəyini
də istisna etmirdi. Yalnız 15:00-da başlayan və "İdman Azərbaycan” telekanalı
ilə canlı yayımlanan "Qarabağ”-"Bakı” görüşünün ikinci hissəsində reportajı
aparan diktorun: "indicə aldığımız məlumata görə güclü yağış yağmasına
baxmayaraq "Xəzər Lənkəran”-"Kəpəz” oyunu baş tutacaq” deməsindən sonra hər şeyə
aydınlıq gəldi. Bununla əlaqədar bütün çətinliklərə baxmayaraq gərgin əməyi sayəsində
meydanı oyuna hazır vəziyyətə gətirə bilən "Xəzər Lənkəran Mərkəzi Stadionu”nun
rəhbərliyinə və bütün işçi personalına təşəkkürümüzü bildiririk.
Başqa məqam
isə X turda yaşanmış və bir çox qüvvələrin lazımı həddən çox şişirtdiyi Kamran
Ağayevin cəzalandırılması məsələsi idi. Hətta çoxları onun əvəzedici heyətə
göndərilməsi məsələsindən danışırdı. Ən azı isə ehtiyatda oturub yerini Kamal
Bayramova verəcəyini sanki artıq dəqiqləşdirmişdi. Məsələ gündəmi zəbt etsə də
yenə özünəməxsus siyasəti və ağlı ilə komandamızın baş məşqçisi Mirça Rednik,
Kamranı əsas heyətdə meydana buraxmaqla, sanki həm dedi-qoduçuların və həm də məsələni
şişirdənlərin cavabını vermiş oldu. Bunu zatən biz də belə proqnozlaşdırırdıq.
Əks halda məsələni böyütmək istəyənlərin dəyirmanına bir az da su tökülmüş
olacaqdı. Bununla da Rednik onun əleyhinə danışanların əsassız olduğunu və öz
müdrikliyini göstərə bildi. Burda sanki avropalı taktikasından çox, bizim milli
müdrikliyimizin çalarları belə hiss olundu. Belə çıxır ki, gözəl mütəxəssis
olan Mirça həm də xarakteri ilə mentalitetimizə uyğun, ağıllı bir insandır.
Bəziləri
Kamranı cəzalandırmaqla onun milli karyerasına da zərbə vurulmuş olduğunu belə
iddia etməkdə idi. Bu cəzadan sonra Rednikin onu ehtiyatda saxlayacağına və
oyun praktikasından məhrum olacağına dair fikir səsləndirənlər Rednikin cəza qərarını
düzgün saymırdılar. Lakin belə fikirlərin sahibləri onu düşünmürdülər ki, komandasında
oynayan milli üzvü istədiyi ərköyünlüyü edə bilməz və ona daim güzəşt
olunmalıdır. Onda daim güzəşt görən futbolçu ərköyünləşib pis xarakterə sahib
olacaq və elə özünü milli komandada da həmin xarakterdə aparacaq. Bununla da
milliyə ərköyün futbolçu verməkdə yenə klub məşqçisi tənqid olunacaqdı və deyiləcəkdi
ki, millini pis vəziyyətə qoyan ərköyün futbolçunun klub məşqçisi hara baxırdı.
Vaxtında klubda onun cəzası verilsəydi, indi o millini də ərköyünlüyü hesabına
pis vəziyyətdə qoymazdı. Bəli, millinin futbolçusu milli üzvü olduğu üçün klubunda
at oynada bilməz. Hamı başa düşməlidir ki, nizam-intizam çox gözəl şeydir və
harada tətbiq olunursa, orada uğur var. Nizam-intizam olmayan yerdə isə xaos
hökmranlıq edər və bu da məlumdur ki, ən azı uğursuzluqla nəticələnər. Bunun həm milliyə və əsasən də cəzadan nəticə çıxaran futbolçunun özünə və gələcək karyerasına daha çox xeyri var. Belə ki, o, gələcəyini şıltaqlığına qurban verməkdən qurtulmuş olur. Bununla da sanki
Mirça Rednik bu məsələdə onun əleyhinə olanların tutarlı cavabını vermiş oldu.
Məhz bütün bu keyfiyyətlərinə görə Mirça Rednik "Xəzər Lənkəran” azarkeşləri və
futbolu anlayanlar tərəfindən sevilir.
Birinci dövrəyə
yekun vurularkən onu da deməliyik ki, keçən bu dövr ərzində ötən mövsümdən fərqli
olaraq Hakimlikdən o qədər də danışılmadı. Çünki əksər matçlarda hakimlərimiz
oyuna çıxıb normal idarəçilik etmək bacarıqlarını nümayiş etdirə bildilər. Zatən
onların əksəriyyəti bunu əvvəllər də bacarırdı. Lakin məlum olan və olmayan səbəblərdən
qərəzçilik halı baş alıb gedirdi. Bunu "Xəzər Lənkəran”nın dövrəni lider kimi
başa vurmasına görə demirik. Elə ötən mövsüm əksər komandaların baş məşqçiləri, hətta rəsmiləri də bunu dəfələrlə
dilə gətirirdi. Lakin bu il hələki belə şikayətlərin eşidilməməsi
hakimliyimizin obyektivliyinin qaydasında olnasından xəbər verir. Düzgün, şəffaf
və obyektiv keçirilən çempionat əlbətdə futbolumuzun səviyyəsinin artması üçün
lazım olan əsas amildir. Təki futbolumuzda hər şey obyektiv olsun və sonda
layiq olan qalib olsun. Bu il də ən layiq olan komanda "Xəzər Lənkəran”dır.
Altılıq
sistemi ilə keçirilən çempionatımızda birinci dövrə ilə ikinci dövrə arasında
böyük fasilə yoxdur. Komandamıza elə ikinci dövrədə də ən azı bu templə davam
etməsini arzulayırıq. Həmçinin hakimliyimizə də həm təşəkkür edib, həm də
obyektiv templərini bundan sonra da davam etdirmələrini arzulayırıq. Qoy keçən
mövsümdəki kimi nə televiziya ekranlarında, nə qəzet səhifələrində, nə internet
saytlarında və nə də hər yerdə hakim
özbaşınalıqlarından və qalmaqallarından danışılmasın. Belə olacağı təqdirdə heç
olmasa bu məsələdə keçənilkinə görə bu il inkişaf etdiyimizlə öyünə bilərik.
Aid olan bütün hər kəsdən futbolumuzla öyünməyi əlimizdən almasınlar deyirik.
Azərbaycan futboluna uğurlar arzu edirik. Mirhafiz M. Babayev
|