
Azərbaycanın futbol tarixində yeni bir səhifə
açıldı. Bu səhifəni, dünən ölkənin ən yaşlı futbol klubu olan "Neftçi”, Kiprin "APOEL” Nikosiya klubuna səfərdə 1-3
hesablı səfər qələbəsi ilə yazmış oldu. Son illər Avropa klub turnirlərində heç
bir böyük uğura imza ata bilməyən klublarımız, bu il "Neftçi” klubunun
timsalında adını Avropa Ligası yarışlarının qrup mərhələsinə yazdırdı. Çempionlar
Liqasında Gürcüstanın "Zestafoni”si üzərindəki qələbə ilə başlayan "Neftçi”,
növbəti mərhələdə İsrail təmsilçisi "Hapoel” Kiryat Şimona klubuna məğlub
olaraq bu liqa yarışlarını tərk etsə də, reqlamentə uyğun Avropa Liqasının
pley-of mərhələsinə qədəm qoysa da, görünür əvvəlki məğlubiyyətdən düzgün nəticə
çıxararaq, bu mərhələdə Kipr təmsilçisi "APOEL”ə qarşı kifayət qədər ciddi
düşünmüşdü.
Elə bu ciddi düçüncə kifayət qədər
imkan vermişdi ki, "Neftçi” klubu bu son şansı dəyərləndirə bilsin. Baxmayaraq ki,
evdəki oyunda 1-1 hesablı o qədər də sərf etməyən nəticə ardından rəqib
meydanında inanılmaz futbol sərgiləməklə, 1-3 hesablı qələbə qazanmaqla özünə "Play”,
rəqibə "Off” deyə bildi. Bununla da Azərbaycan tarixində ilk olaraq, Avropa
Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla bir növ Azərbaycan bayrağını, qitənin
tam ortasına sanca bildi.
Biz, "Bosman” fan klubu olaraq, həm "Xəzər
Lənkəran”ın, eyni zamanda Azərbaycan futbolunun azarkeşləri kimi "Neftçi”nin
ölkə futbolu adına bu böyük ilkə imza atmasına görə, sevinc duyğuları içindəyik,
eyni zamanda "Neftçi” klubunun fanatlarının sevincini dərk edir və sevinlərinə
qoşuluruq. Doğrudan da, Azərbaycan bayrağını bir ölkə futbolunun Flaqmanı kimi,
futbolu yaradan qitənin mərkəzinə sancmaqla o bu adı daşımağa layiq olduğunu
sübut etməyi bacardı. Bir daha "Neftçi” azarkeşlərini və ölkə futbol ictimaiyyətini,
bu böyük uğur münasibəti ilə təbrik edir, artıq qrup mərhələsinin oyunlarında
onlara bol-bol qələbə sevincləri arzulayırıq.
|