04 Noyabr 2012-ci il, saat 16:00 da Lənkəran şəhərində
başsız atlı görünüb. Əhali bu başsız atlı haqqında müəyyən xəbərlər eşitsə də
onu gözü ilə görmək, məhz həmin tarixdə müəyyən qism tərəfindən mümkün olub. İnsanları
təşvişə salan bu başsız atlı haqqında çoxdan söhbətlər gəzsə də, deyilən tarixdə
onun Lənkəran şəhərinin cənub-şərq tərəfində Lənkərançay sahillərinin Sütəmurdov
ərazisində görünəcəyi bir çoxlarına məlum olduğundan bu mənzərəni seyr etmək
üçün müxtəlif yerlərdən insanlar axışıb gəlmişdilər. Düzdür Mayn Ridin bəhs
etdiyi başsız atlı XIX əsrin 50-ci illərində Amerikada Texas ştatının çöllərində
tez-tez görünüb əhalini təşvişə salırdısa, indi bu başsız atlı Lənkəran əhalisini
təşvişə salmaqdadır.
Təxminən bir ilə yaxındır ki, bu dəhşətli mənzərə Lənkəran
əhalisini bu müddət ərzində bərk narahat edir. Minlərlə insanın gün-gündən
artan narahatlığı hələ də davam edir. Bu təhlükəyə birdəfəlik son qoymaq üçün
Mayn Ridin qəhrəmanı, Zebulon Stump işin üstünü açırsa, Morris Mustanger nəhayət
başsız atlını kəməndlə tutmağa nail olur və Kapitan Kassi Kolxauna məxsus üzərində
K.K.K həkk olunmuş güllə cəsədin bədənindən çıxarılınca, Kapitan Kassi
Kolxaunun qatil olduğu və başı kəsilib əlinə verilmiş və at üzərində otuzdurulmuş
Henrini nə məqsədlə öldürdüyü meydana çıxır. Əlbəttə haqq yerini tapır və
Kapitan Kassi Kolxaun ifşa edilərək cəzasını alır. Bizim əhalini təşvişə salan
bu başsız atlı görək əsərin qəhrəmanları tərəfindən necə yoluna qoyulacaq? Hərçənd
ki, Zebulon Stumplar işin üstünü mümkün qədər aça biliblər. Qalır, Morris
Mustangerin başsız atlını tutub gətirməsi və Kassi Kolxaunların cəzalandırılması.
Lənkəran əhalisinin Gözəl bir mustanqı və onu idarə
edən bacarıqlı bir mustangeri vardı ki, onu da Rumıniyadan gətirmişdilər. Bu
mustanger bizim mustanqın üstundən yerə salındıqdan sonra, yəhərə ardıcıl iki
mustanger əyləşdirildisə də onlar başsız, quru cism kimi, başsız atlını
xatırlatdılar. Nə atı idarə edə bildilər nə də özlərini. Başsız bədənlərin
mustanqın üzərində əyləşməsi ilə mustanq da öz məharətini nə göstərə bilirdi, nə
də yolunu səlist gedə bilirdi. Başıpozuq halda çöllərdə gəzişməklə, əhalini də
təşvişə salırdı.
"Xəzər Lənkəran”
bu son bir ilə yaxın müddətdə mənəvi
olaraq başsız idisə, dünənki oyuna faktiki olaraq başsız çıxmışdı. Yəhərdəki
baş məşqçinin, sonuncusu da düşürüldükdən və yerinə yenisi əyləşdirilmədiyindən,
dünənki komandanı başsız atlıya bənzətmək mümkündür. Amma bu başsız atlı dünənki
sıçrayışıyla çox mətləblərə aydınlıq gətirdi. Başsız Mustanq dünən elə çapıb,
elə şahə qalxırdı ki, onun çox gözəl bir
mustanq olduğu ortaya çıxdı. Həmçinin o da ortaya çıxdı ki, doğurdan da təxminən
bu bir ilə yaxın bir müddətdə onu idarə edənlər nə ki, professional mustangerlər,
heç həvəskar çapıcı da deyilmişlər. Meydanda şahə qalxıb, müxtəlif istiqamətlərə
sürətlə çapan başsız atlımız, dünən "Rəvan” kimi heç zaman qalib gələ bilmədiyi
rəqibini də dörd dəfə tapdalayıb cəzalandıra bildi. Qorxuya düşmüş əhali isə
onlara məxsus bu şahanə mustanqdan daha çox məharətlər gözləməyə başladı. Əksinə
onu başsız vəziyyətə gətirənlər qorxuya düşməli oldular. Həm də indi mustanq rəqibləri
də qorxuya sala bildi. Yetər ki, bizim Mayn Ridimiz Bu mustanqın üstünə əvvəlki
kimi at çapmağı və onu idarə etməyi gözəl bilən bir mustangeri əyləşdirsin. Bunun
üçün Kassi Kolxaunları yolun üstündən kənarlaşdırmaq lazımdır ki, bu mənada da
Zebulon Stumpların köməyinə arxayın ola bilər. Haydı, bizim Mayn Rid! əsərdə dəyişikliklər
etməyə başlamısınız və əsərin sonluğunu özünə və əhaliyə uyğun tamamlayın!
|