"Xəzər Lənkəran”da baş məşqçi postuna gətirilmiş
ispaniyalı, nəzəri futbol sahəsində çalışmış 39 yaşlı mütəxəssis, dünən
professional olaraq ilk praktik sınağa çıxdı. Onun bu vəzifənin öhtəsindən
uğurla gələ biləcəyinə baxışlar da birmənalı deyildi. Düzdür, bir oyunla yeni
ölkədə və yeni komandada hər hansı mütəxəssisin işinə qiymət mənasında qərar
vermək tələskənlik və bu səbəbdən qeyri-obyektiv xarakter daşıyıb yanlışlığa
yol aça bilər. Amma hər hansı hadisə baş verərsə, hadisənin gedişinə və
detallarına qiymət vermək mümkündür. Baş vermiş hadisəyə qiymət verməmək isə
yaxasını kənara çəkmək kimi bir şeydir. Bu mənada dünən "Xəzər Lənkəran”ın səfərdə
"Bakı”ya qarşı oyunu onu sevənlər üçün bir hadisəydi. Hadisə baş verdi və
komandamız gözləmədiyimiz formada oyun nümayiş etdirərək, bu hadisədə məğlub
oldu. Əlbətdə bu hadisənin detallarını müzakirə etmək və ona qiymət vermək
haqqımızdır. Çünki ortada məğlubiyyət var və bu müzakirəmizin komandaya xeyri dəyəcəksə,
bunu etməmək özü bir qəbahət xarakteri daşıyar.
İndi düşünənlər də ola bilər ki, nə
oldu belə futbol bilicisi oldunuz ki, "Barselona” məktəbinə də dərs keçmək
fikrinə düşdünüz? Yaxud da əksinə, klub rəhbərliyi ilə görüşdən sonra onların
baş məşqçi seçiminə dəstək verdiniz, bu necə olur?
Onu deməliyik ki, Bizim Karles Martorell Bakesin təyinatına
münasibətimiz müəyyən araşdırmalarımızdan sonra ortaya qoyulub. Biz heç zaman əsası
olmayan münasibət göstərmək ağılsızlığı ilə yanaşma etmirik. Bu mənada da
Bakesin böyük bir məktəb keçdiyini və əvvəlki futbol biliciliyi işlərindəki
uğurlarını nəzərə alıb belə bir münasibət bildirmişik ki, bu adam baş məşqçi
postunda da uğur qazana bilər və belə tarixi faktların sayı onlarladır. Bu bir
az riskli seçim olsa da adətən özünü doğruldur. Özünü doğrultmayan belə seçimlərin
də olduğunu deməliyik. Amma bu belə olarsa, onun geniş futbol məlumatlarının və
əlaqələrinin olması "Xəzər Lənkəran”a başqa tərəfdən xeyir verə bilər ki, onsuz
da bu sahənin adamı olan bir kadrın yoxluğundan komandanın əziyyət çəkdiyi
ortadadır. Bütün bunları nəzərə alıb, elə əvvəldən Bakesin komandaya xeyri dəyəcəyi
düşncəsində olduğumuzu mövqe kimi ortaya qoymuşuq.
Dünənki hadisənin araşdırmalarını oxucularla bölüşmək
istərkən isə bunları deməliyik ki, bu bir oyunla məşqçinin işinə qiymət vermək
yox, sadəcə dünənki hadisəyə qiymət mənasınnı daşıyır. Bəli, dünən "Xəzər Lənkəran”,
"Bakı”nın qonağı oldu və qapısından iki top buraxaraq məğlub oldu. Nəinki bu
hesabla məğlubiyyət, heç gözlənilən oyunu belə göstərə bilmədi və obyektiv
olaraq onu da deməliyik ki, acı hesab lap böyük də ola bilərdi. Fikrimizcə,
bunun həm obyektiv və həm də subyektiv səbəbləri var. Obyektiv səbəblərdən
bunları göstərə bilərik ki, yeni baş məşqçinin cəmi iki gündür ki, komanda ilə
birgə olması, ehtiyat oturacağın dəhşətli dərəcədə qısa olması, son zamanlar
komandanın hücum xəttində önəmli yer alan Sialmasın çox erkən zədələnməsi nəticəsində
məcburi əvəzlənməsi və başqa faktorlar məğlubiyyətə yol açdı. Bunu hamı bildiyi kimi biz də sadaladıq.
Subyektiv səbəbləri isə təbii ki, öz baxışlarımıza əsasən
söyləyəcəyik. Əvvəla onu deməliyik ki, vaxtın azlığını nəzərə almalı olan
Bakes, qızıl kimi qiymətli dəqiqələrin hamısını yeni komandası ilə tanış olmaq, onlara öz futbol fəlsəfəsini aşılamaq,
bir idmançı kimliklərinə həm fiziki, həm psixoloji cəhətdən dəyər vermək işinə
diqqət yetirsəydi daha yaxşı olardı, nəinki gələcəyin işi olan potensial rəqiblərimizi
gedib stadiondan izləməyə sərf etdiyi vaxt itirmə ilə.
Daha sonra, göründüyü kimi futboluna tam bələd
olmadığın bir ölkədə rəqibi nə qədər yaxşı analiz etsən belə, oyunu müdafiədən
qurmaq, top buraxmamağı əsas götürmək və yalnız imkan düşdüyü halda, oyunun
gedişi də buna xeyir-dua verərsə, ya əks hücumlar və ya müəyyən taktiki gedişlər
etməklə oyun üslubunda dəyişiklik etməyin lazımlılığı, yəni heç bir riskə getməmək
şərti ilə öz oyununu oymama düşüncəsi olmalı idi. Özü də bu dünən daha vacib
olan bir məsələ idi ki, müdafiəçilərin zədəli olduğu bir vaxtda futbolçu
tapmayaraq, alışmadığı mövqedə Rahid Əmirquliyevi sağ kənar müdafiəçisi kimi məcbur
oynatmaq və ona alışmadığı mövqedə ağır bir iş tapşırmaq. Bunun ikinci ziyanlı
tərəfi isə Rahidin alışdığı və ana mövqe kimi effekt verdiyi, sol və orta sahənin
iflic olması. Bundansa, daha yaxşı, vəziyyətin tələb etdiyi kimi komandanın bir
çox üzvlərini müdafiəyə kömək üçün yaxın və ya sıx oynatmaq. Yəni özünün də əvvəl
dediyi kimi, taktika komandanın potensialına uyğun qurulur fikrini əsas götürərək
oynatmaq. Göründüyü kimi bunu nəzəri olaraq düzgün qiymətləndirir, lakin
praktik olaraq yanılır. Bu Sialmasın erkən əvəzolunmasından sonra daha çox
lazımlı seçim olsa da nədənsə bunun da şahidi olmadıq. Subaşiçin rəqibin cərimə
meydançasında qapıçıya yaxın oynadılması da bir tərəfdən düzgün analizin nəticəsi
olsa da burada tətbiqi bir az yerinə düşmürdü. Çünki fikir vermisinizsə,
"Bakı”nın qapıçısı adətən üzərinə gələn topları nə tutur, nə də xətdən çölə
göndərir. Bir qayda olaraq, gələn topları cərimə meydançasına doğru özündən
uzaqlaşdırır. Belədə dönən topları təkrar qapıya göndərmək üçün gözəl şans
yaranır ki, bu işin də öhtəsindən deyəsən Subaşiş gəlməli idi. Belədə fikir
düzdürsə, tətbiqi yanlışdır. Gərək qapıya zərbə vurasan ki, qapıçı da onu dəf
etsin və sən də imkandan yararlanasan. Sialmasın yoxluğunda isə demək olar "Xəzər
Lənkəran” elə bir əməlli-başlı qapıya zərbə də endirmədi ki, Subaşiç də pusquda
vaxt itirməsin. Ondansa, müdafiə xəttinə qoşulub sıxlıq yaratması bizcə daha
effektli olardı və rəqibə qol şansları paylanılmazdı.
Birinci hissədən sonra bu deyilənləri və sair
çatmamazlıqları görərək oyunun davamında taktiki dəyişikliklər ustası kimi
tanımaq istədiyimiz Bakesdən daha faydalı üslub gözləsək də, demək olar bu da
baş vermədi. Komandanın potensialına uyğun öz oyununu qurub oynamaqdansa, Bakes
deyəsən rəqibin təhlilinə çox fikir verib oyun qurmaqla "Bakı”nı dişə çəkib
yoxlamaq istədi. Nəticədə də dişə çəkilən "Bakı” çox acı dadla yadda qaldı.
Amma misal üçün onu da deyək ki, iti ağıllı və təcrübəli
Rednik dəfələrlə oyunun gedişində apardığı dəyişikliklər hesabına həm oyunun
axarını dəyişir və komandaya sərfəli nəticələr qazandırırdı. Buna isə bəziləri
praqmatik futbol adı kimi bir ad da uydurmuşdular. Ümid edirik ki, növbəti
oyunlarda Bakes də nəzəri biliklərini düzgün tətbiq etməklə praktiki olaraq nəticələr
verəcək. Hər halda ən azı üç oyuna görə nə isə demək mümkün olacaq ki, bu
limitin də artıq biri xərclənmiş sayılır.
|