
VI turun bir
neçə maraqlı matçları olacaqdı ki, bunlardan "Qarabağ”-"”Xəzər Lənkəran” matçı
və ya "Neftçi”-"Qəbələ” matçı mərkəzi oyun kimi dəyərləndirilə bilərdi. Belə
ki, VI tur iki ayrı-ayrı günlərdə keçirildiyindən Şənbə gününün mərkəzi matçı
"Qarabağ”-"Xəzər Lənkəran”, bazar gününün mərkəzi matçı isə "Neftçi” ilə "Qəbələ”
arasında keçirilən oyunu hesab etmək olar.
Turnir cədvəli
baxımından "Xəzər Lənkəran” ilk pillənin sahibi kimi ikinci yerdə qərarlaşan "Qəbələ”qən
iki xal öndə VI tura qədəm qoyurdu. Şəriksiz liderliyini və məğlubedilməzliyini
davam etdirmək üçün komandamıza digər görüşlərin nəticəsindən asılı olmayaraq,
mütləq qələbə lazım idi. Şükürlər olsun ki, çətin "Qarabağ” səfərində bir il
öncəki rumın Konstantin Arbanasın uzaqdan vurduğu yeganə qol kimi, bu dəfə də
digər bir rumın Adrian Pitsin yeganə oxşar qolu sayəsində, komandamız üç xal
qazanaraq, qələbəylə bizi sevindirdi və şəriksiz liderliyini qorumuş oldu.
Lakin mərkəzi matç kimi komandamızın qələbəsi bizi nə qədər sevindirdisə, oyunu
bir o qədər ürəkaçan olmadı. Biz "Xəzər Lənkəran”dan daha məzmunlu oyun gözləyirik
və hər hansı təsadüfi qələbə uzunömürlü liderlik demək deyil. Güman edirik ki,
oyun baxımından yüksəliş hələ qabaqdadır və beləliklə komandamızın qarşısına
çıxacaq hər hansı bir rəqibi silkələyərək, böyükhesablı qələbələrimiz və
zövqverən əsl futbolu qarşıdakı turlarda görə biləcəyik.
VI turun
ikinci gününün mərkəzi oyunu isə Tofiq Bəhramov adına stadionda keçirilən "Neftçi”-"Qəbələ”
görüşü idi. Bu görüşün də nəticəsinin bizim üçün az-çox əhəmiyyəti var idi. Belə
ki, ikinci yerdə qərarlaşmış "Qəbələ” klubu bizdən iki xal geridə idisə, "Neftçi”
komandasını isə müəyyən qədər geridə olmasına baxmayaraq, hesabdan silmək
olmaz. "Xəzər Lənkəran” "Qarabağ” üzərindəki qələbə sayəsində xal ehtiyatını
16-ya yüksəltmişdisə, "Qəbələ” bu oyunda qələbə qazanacağı təqdirdə yenə iki
xal geridə olmaqla, ən yaxın izləyicimiz olacaqdı. "Neftçi” komandası isə qələbə
qazanacağı halda xal ehtiyatını 9-a yüksəldəcək və bir oyun ehtiyatı olduğundan
daha da komandamızı yaxından izləmə şansı əldə edəcəkdi.
Bu tur
yuxarıda dediyimiz kimi komandamızın qələbəsinə sevinsək də, oyunundan bir o qədər
razı qalmadıq. "Neftçi”-"Qəbələ” oyunu isə ümumiyyətlə bərbad tribunalar önündə
keçirilən bərbad bir oyun idi. Bildiyiniz kimi, Tofiq Bəhramov adına stadionda
yenidənqurma işlərinə start verilib. Külli miqdarda vəsait ayrılıb və hətta bu
iş ölkə rəhbərliyi səviyyəsində aparılır. Buna görə bu işləri aparan ən sadə fəhlə
işi görənlərdən tutmuş ən yuxarı səviyyədə bu işlərə himayədarlıq edənlərə
bütün azarkeşlər adından təşəkkür edirik. Ölkə arenalarının yüksək səviyyədə
qurulması bizi ancaq sevindirir. Lakin məsələnin
başqa bir tərəfi müqayisə üçün önəmlidir. Belə ki, hal-hazırda adıçəkilən
stadionda təmir işləri yenicə başlayıb deyə, bütün sektorların oturacaqları
sökülüb. Belə vəziyyət stadionda bərbad görüntü yaradır. Lakin bu bərbad
görüntü yaxın zamanlarda gözəl görüntülərlə əvəz olunacaq deyə, adamı o qədər də
sarsıtmır. Adamı sarsıdan bu tribunalar qarşısında mərkəzi oyun dediyimiz bərbad
bir futboldur. Hər iki komanda adına yaraşmayan bir futbol sərgiləmiş oldu.
Ardıcıl iki düzgün ötürmə verə bilməyən belə bir oyuna nə ad vermək olar? Hər
iki komandanın futbolçuları bundan daha artığını bacara biləcək bir komanda
halında olmalarına baxmayaraq, ölkə futboluna yaraşmayan (hərçənd futbolumuz
çox yüksək səviyyədə olmasa da) bərbad futbol nümayiş etdirdilər. Bu bərbad
futbolun hakimliyi də elə özü kimi bərbad idi. Düzdür, "Neftçi” komandasının
vurduğu ikinci qol, Araz Abdullayevin ifasında çox gözəl alındı. Amma ilk qol
isə Anar Salmanovun ənənəvi simpatiyası hesabına vuruldu. Payız yarpağı kimi xəfif
mehdən yerə düşən Flavinyo bu dəfə də Anar Salmanovla gözəl "anlaşırdı”. İlk qola səbəb olan cərimə zərbəsi də məhz belə
yarandı. Həmin epizodda özünü düz cərimə meydançasının önündə, təhlükəli nöqtədə
hiyləgərcəsinə yerə atan Flavinyooyunun "fəndi” bu dəfə də baş tutdu. Oyunun gedişini
avantaja buraxan Anar Salmanov zərbənin qol olmadığını görüb, rəqibə sarı vərəqə
göstərdi və cərimə zərbəsi təyin etdi. Bax budur Anar Salmanovun "simpatiyası”.
Oyunu ləngitməmək üçün əgər avantaja buraxırsansa və burada qayda pozuntusu
olubsa, (hərçənd burada qayda pozuntusu da yox kimi göründü) epizod bitdikdən
sonra yalnız vərəqə göstərə bilərsən! Yoxsa qol olmadı deyə təkrar cərimə zərbəsi
təyin etməklə yeni kəşfmi etmək istəyirsən Anar Salmanov? Hansı ki, Rəşad abdullayevin
zərbəsi də, xoşbəxtçilikdənmi, yoxsa, bədbəxtçilikdənmi, qolla nəticələndi. Bax
budur sənin üzdəniraq simpatiyan. Bəlkə də Araz Abdullayevin gözəl qolundan sonra
onsuz da "Neftçi”nin qələbəsi ilə bitəcək oyundan sonra Anar Salmanov:-”Bilsəydim
belə olacaq, o epizodda cərimə zərbəsi təyin etməzdim”-deyə fikirləşib. Amma nə
olsun bərbad oyunu bir də bərbad edən hakimlik ki, yaddaşlarda qaldı. Beləliklə nəinki stadionlarımızın, futbolumuzun və hətta hakimliyimizin də təmirə ehtiyacı var.
|