Yanvar ayının 13-dən Antalyada
təlim-məşq düşərgəsi qurmuş "Xəzər Lənkəran”, hətta ondan da bir neçə gün əvvəl,
yeni il qabağı istirahətə buraxılmışdı. Deməli, elə o vaxtdan mənəvi olmasa da
komanda fiziki baxımdan öz sevimli azarkeşlərindən təxminən 1 aydan da çox bir
müddətdə uzaq düşüb. Antalyadakı təlim-məşq toplanışını başa vuraraq artıq
vətənə dönən komandamız, Premyer Liqada altılıq öncəsi məsul görüşlərindən
birini fevralın 11-də doğma meydanda keçirəcək.
Yenilənmiş komandanın oyununu görmək
həvəsi ilə alışıb yanan və bu məsul matçda komandaya qələbə qazanması üçün
bütün sivil formalarda dəstək vermək istəyən onlarla azarkeşimiz, böyük azarkeş
qrupları adından bizə zəng edərək, klub rəhbərliyinə onların xahişini
çatdırmağımızı istəyirlər. Əsasən müəyyən müəsisələrdə çalışan bu azarkeşlərin
istəyi ondan ibarətdir ki, oyunun başlama vaxtı mümkün olarsa, iş vaxtının
bitməsindən sonra, yəni təxminən 18:00 radələrində olsun. Belə olan təqdirdə
belə qrup azarkeşlər özlərini vaxtında stadiona çatdıra bilərlər və komandanın
oyununu görmək və cani-dildən dəstək vermək imkanları yaranar.
Bizimlə bu mövzuda əlaqə saxlayan
azarkeşlərimizə elə telefon danışığı zamanı, bu məsələnin təlim-məşq öncəsi
klub rəhbərliyi ilə son görüşümüzdə "Bosman” fanklubunun üzvü Malik Muradovun
tərəfindən qaldırıldığını və əksər iştirakşıların da bu fikrə dəstək olduqlarını bir daha xatırladıb,
həm də onu deyirik ki, bu barədə də klubu həmin görüşdə təmsil edən Tuyqun
Nadirov qeydlərini götürdü və bu məsələnin tam olaraq klubun səlahiyyətində
olmasa da müsbət həllinə çalışılacağını dedi.
Ümid edirik ki, transfer
məsələlərinin və çempionata davamın hazırlıqlarının bu qızğın vaxtında klub
rəhbərliyi azarkeşlərimizin istəyinə uyğun olaraq bu məsələnin də həllində
müsbət dəyişikliyə nail olacaq. QEYD: Yazının mətni "Xəzər Lənkəran” klubunun rəhbərliyinə rəsmi məktubla göndərilmişdir.
|