Son
günlər komandalarımızın, o cümlədən də doğma "Xəzər Lənkəran”ımızın qış
hazırlıq dövrü ilə əlaqədar xəbərlərə və yeniliklərə başımızın qarışdığı vaxt,
azarkeşlərlə bağlı yeniləşmiş bir köhnə xəbərə görə narahatlıq yarandığını deyə
bilərik.
Belə ki, "Neftçi” ilə son ev
qarşılaşması zamanı azarkeşlər arasında münasibət gərginliyinin olduğu haqda xəbərlər
yayılmışdı. Videogörüntülərdən işin nə yerdə olduğu görünsə də asayiş keşikçiləri
olan polislər birtərəfli qaydada hərəkət edərək "Xəzər Lənkəran” azarkeş qrupu
olan "Caspian Ultras” fanat qrupunun bir neçə üzvünü Lənkəran şəhər Polis İdarəsinə
aparıblar. Orada adışəkilən fanat qurumu üzvlərinin bəzilərindən izahat alaraq sonra
sərbəst buraxıblar.Sərbəst buraxılmaya səbəblərdən biri kimi də "Xəzər Lənkəran”ın
icraçı direktoru Höccət Hacıyevin işə qarışması olub. Beləliklə, "Caspian
Ultras” fanklubunun üzvü Bakı şəhərində yaşayan Ağadadaş Tağızadə polis bölməsindən
ayrılaraq, elə həmin gün Bakıya qayıdıb.
Lakin son günlər, köhnə ittiham
kimi, üstündə"Məşəl” tapıldığına görə Ağadadaş Tağızadəni müxtəlif yollarla
maraqlanıb tapmağa nail olan polis əməkdaşları onu yenidən Lənkəran şəhər Polis
İdarəsinə israrla dəvət edirlər. Ona deyilən "Məşəl” məsələsinin terrorçuluqla
bağlı olduğundan yenidən məsələni aktuallaşdırmalarıdır. "Caspian Ultras” fəallarından,
bilavasitə hadisələrin iştirakçısı olan və fanqurumda "M-te-te” ləqəbi ilə
tanınan Əlizadə Ceyhun Afiq oğlundan aldığımız məlumata görə, həmin vaxt
Ağadadaş Tağızadənin üstündə olan həmin "məşəl”, əslində batareya ilə işləyən,
yəni işıqlanan bir təhlükəsiz vasitə olub. Məhz Polis tərəfindən də tam təhlükəsizliyi
bilinən belə oyuncaq vasitəsinin, hansı terror əməlinə səbəb olacağına təəccübünü
ifadə edən "M-te-te” ləqəbli Ceyhun Əlizadə həm də Ağadadaş Tağızadənin ilk
izahatında bunu naməlum bir adamdan aldığını da vurğulayıb.
Biz "Bosman” fanklubu və "12-ci Oyunçu”
azarkeş qrupu olaraq, stadionlarda və ondan kənarda azarkeşlərin daim bir-birlərinə
hörmətlə yanaşmasının tərəfdarı olmuşuq və bunu daim sülhə çağırış fəaliyyətimizlə
sübut etmişik. Polis orqanlarından da xahişimiz budur ki, müasir dünya futbolunun "zənginliklərini” nəzərə
alıb, belə sadə və batareya ilə işləyən hər hansı təhlükəsiz vasitəyə görə
Ağadadaş Tağızadənin bu məsələsinin üstündən keçsinlər. Azarkeşlərin
komandalarını dəstəkləmələri yolunda hər hansı təhlükəsiz predmetlərə görə
narahat olmasınlar.
Bildiyimiz kimi bütün dünyada "futbol
azarkeşlər üçün oynanılır” deyilən məşhur bir ifadə var. Elə "Caspian Ultras”
fanklubunun rəhbəri Ramal Novruzovun bu barədə informasiya vasitələrinə verdiyi
müsahibəni də yada salsaq, görərik ki, bu məsələdən sonra həmin fanat qurumunda
nə qədər ruh düşkünlüyü hiss olunmaqdadır və belə getsə, fanklubun fəaliyyətinə
son verəcəyik, deyə o bildirib.
Biz isə onu demək istəyirik ki,
onsuz da azarkeş sarıdan əziyyət çəkən stadionlarımız belə bir qrupu da itirməklə
daha da sönükləşə bilər. Ölkə futbolunun geriyə deyil, yalnız irəliyə getməsini
arzulayan insanlarımız çoxdur. Elə polislərimizin arasında da bu gözəl idman
növünü sevənlər az deyil.
"12-ci
Oyunçu” azarkeş qrupunun təşkilat komitəsi
"Bosman”
fanklubunun idarə heyəti
11 Yanvar 2013