Stadionlara azarkeşlərimiz niyə gəlmir?
Bu sual
düşündürücüdür və məncə araşdırmalara ehtiyacı olan mövzudur.Bu baxımdan "Fanat.az”
saytı çox yerində olan bir mövzu açmışdır.
Araşdırmalar
saytda davam edir,mən də öz fikirlərimi bölüşmək istəyirəm:
1. Klublarımızın əksəriyyətinin göz
oxşayan,səviyyəli oyun göstərə bilməməsi.Axı azarkeş baxımlı, prinsipial oyun
izləməyi sevir.
Burada stadionların ot örtüyünün
qənaətbəxş olmaması, bəzən isə bərbad halda olması öz sözünü deyir. Guya ən
yaxşı meydanı olan T.Bəhramov adına stadionun ot örtüyü idealdır. Amma bura
oynamağa gələn müxtəlif yığma komandalar və Avropa klubları demək olar həmişə
ot örtüyündən şikayət etmişlər və oyunlarının yaxşı alınmamasını həmçinin
bununla əlaqələndirmişlər.
O cümlədən Azərbaycanın
klublarında zaman-zaman çıxış etmiş məşhur legioner futbolçular da olmuşdur və
onların meydanda bu səbəbdən zədə almamaq üçün çox ehtiyyatla oynaması, bunun
da onların oyun keyfiyyətinə necə mənfi təsir etdiyinin hamımız şahidi olmuşuq.
2. İkinci səbəb məncə hakimliklə bağlıdır.
Hakimlərimiz ya qərəzli və ya da işlərini yaxşı bilməmələrindən oyunu idarə
edərkən yol verdikləri səhvlər, oyunları bərbad hala salır.
Yeri gəldi gəlmədi tez-tez fit çalmaq oyunun
sürətinə necə pis təsir edirsə, lazımsız kart göstərmələr də oyunçunun 2ci
kartı almasın deyə, matçın qalan dəqiqələərindən çox ehtiyatla və ölgün bir
tərzdə keçirir. Bu da baxımsız oyuna gətirib çıxarır ki, azarkeş belə oyunu heç
sevmir.
3. Matça təsir edən digər amillərdən "meydandan
kənar amillərin” oyunların nəticəsinə təsir etməsi və ya nəticənin əvvəlcədən
həll olunması kimi düşüncələri də (hərçənd buna əsas da var) azarkeşlərin
stadiona gəlməməsinə təsir edən amillərdir.
4. Subyektiv amillər də var ki, Məs:
Oyunların iş günlərinə təsadüf etməsi, erkən saatlarda matçların keçirilməsi, azarkeşlərlə
klub arasında lazımi əlaqələrin olmaması, dolanışıq ucbatından oyunlara gələ
bilməmə və s. kimi hallardır ki, bu amillər az da olsa tamaşaçı sayına təsir
edə bilir.
Yuxarıda
sadaladığım obyektiv və subyektiv amillər həmçinin gülcü klubların
yaranmamasına və onların Avropada məlumdur ki, uğursuzluğuna gətirib çıxarınca,
bizdə futbol yoxdur və olmayacaq kimi fikirlərin formalaşmasına gətirib
çıxarır. Lakin məncə bu və bunun kimi səbəblər aradan qalxdıqca azarkeş marağı onu
stadiona gəlməyə sövq edəcək.
Obyektiv
keçiriləcəyinə inanılan matçlara, Məs: Milli komandamızın beynəlxalq
matçlarına, klublarımızın Avropa miqyaslı turnirlərdəki matçlarında kifayət
qədər azarkeş sayı qeydə alınıb. Hətta T.Bəhramov adına stadionun dəfələrlə "ağzına
kimi” dolduğunun şahidi olmuşuq.
Daha
bir misal da çəkmək olar və ya bu sualı bir az başqa cür qoymaq olar:
Kinoteatrlara niyə tamaşaçı gəlmir? Çünki əvvəllər yeni, maraqlı filmlərə
yalnız kinoteatrlarda baxmaq mümkün idi, sonralar video aparatlar, DVD-lər və
s. hər evdə olandan sonra hamı öz evində istədiyi filmə baxmağa imkan tapdıqca
kinoteatrlar "əziyyət çəkməyə” başladı. İndi gəlin görək yeni və maraqlı filmin
əvvəlcə kaset və disklərdə satışa çıxması deyil, premyerası kinoteatrlarda
olarsa onda əlbəttə ki, tamaşaçı marağı yenə də kinoteatrları doldurmağa
başlayacaq.
Futbol
da belədir. Yuxarıda göstərdiyim obyektiv və subyektiv səbəblərdən "meydanlarımızda”
zəif oyuna baxmaqdansa, əlbəttə, evdə müxtəlif kanallar vasitəsilə daha maraqlı
matçları izləmək daha yaxşı hesab olunur.
Ona
görə də bu kimi səbəblər futbolumuzdan kənarlaşdıra bilsək, öz klublarımızın
oyunları da səviyyə etibarı ilə yüksələcək və azarkeş sayı artmış olacaq. Çünki
hər birimizi bir çox səbəblər bir kluba bağlayır, klub güclüdürsə, oyun göstərə
bilirsə, əlbəttə onu bilavasitə meydanda izləmək və qələbəyə həvəsləndirmək hər
birimizin arzusudur. Ondan sonra isə gedib evdə televizorda digər matçları
izləyib öz klubumuzla müqayisə etmək nə qədər xoş bir arzu olar.
Onu
da bildirim ki, "Xəzər Lənkəran” bu sarıdan öyünməyə layiq olan bir klubdur.
Müəllif: Dr. Mirhafiz M. Babayev
|