
"Xəzər Lənkəran” klubu özü ilə
bərabər Azərbaycan futboluna bir çox yeniliklər gətirib. Futbolu, onun ayrılmaz
hissəsi olan azarkeşləri olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan da
"Xəzər Lənkəran” ölkə futboluna azarkeşlərinin simasında daha bir yenilik
gətirdi.
Belə ki,
"Xəzər Lənkəran” azarkeşlərindən ibarət ilk olaraq müstəqil fəaliyyət göstərən
fanat klubları yarandı ki, bu addımı da ilk olaraq "12ci oyunçu” MFK atmış
oldu. 2008-ci ilin 22 fevralında 12 nəfərdən ibarət təsis yığıncağı keçirən
"12ci oyunçu” MFK fəaliyyətini bu adla da rəsmiləşdirdi və ölkə tarixinə
ilk müstəqil fanat klubu kimi düşdü.
Artıq təsis
yığıncağından 10 gün sonra onların sayı 35 nəfərə, üç ay sonra isə 105 nəfərə
çatdı. Beləcə inkişafda olan "12-ci”lər 1 il sonra öz rəsmi saytları olan
http://12cioyuncu.moy.su saytı ilə də fəaliyyətlərini genişləndirmiş oldular. Son
zamanlar isə "12cioyuncu.info” saytı ilə daha geniş fəaliyyətə başladılar.
22 fevral
günü Respublikamızın ilk müstəqil fanklubu olan "12ci oyunçu” 4 yaşını qeyd
edir. Bu 4 ildə doğrudan da çox işlər görmüş, çox layihələr həyata keçirmiş,
Respublikamızda və onun hüdudlarından kənarda belə tanınmağa müvəffəq olmuşlar.
Bu gün də öz
fəaliyyətlərində yeniliklər etməklə çoxlarımızı yaxşı mənada, təəccübləndirməkdə
davam edirlər. Onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
Bu ildönümü
münasibəti ilə biz "Bosman” fanklubu olaraq yeni təşəbbüsdə bulunmaq istərdik.
Belə ki, ölkəmizdə dövlət səviyyəsində 2005-2015-ci illəri əhatə edən "Futbolun
inkişaf proqramı”nı, ölkə prezidentinin idmana qayğısını və Azərbaycan idmanına
necə bir azarkeşlik nümunəsi göstərməsini əldə əsas götürərək, Azərbaycanda futbolun
inkişafında azarkeşlərin rolunu qiymətləndirmək, həvəsləndirmək və bununla da
Avropa səviyyəsi ilə ayaqlaşmaq üçün ölkənin ilk müstəqil futbol fanatları
klubunun təsis günü olan 22 fevralı, "Azərbaycanda futbol fanatları günü” kimi
qeyd edək. Bunun üçün ölkəmizdə fəaliyyət göstərən bütün fanat qurumlarını və
müstəqil azarkeşləri bu layihəyə tərəfdar çıxıb, səs verməyə çağırırıq. Yalnız
bundan sonra təkliflər paketi hazırlayıb aidiyyətli dövlət orqanlarına müraciət
edə bilərik. Bununla da dövlətimizin futbol azarkeşlərinə, futbolun inkişafı
naminə töhfə olaraq 22 fevralı Azərbaycanda futbol fanatları günü kimi qeyd etməmiz
üçün şərait yarada bilərik.
Bir daha təbrik
edirik!
"Bosman” fanklubunun idarə heyəti 22
Fevral 2012-ci il
|