30 aprel 2010-cu il tarixində Bakının
"İnter” klubunun təşkilatçılığı ilə saat
17.30-da "Şəfa” stadionunda tədbir keçirildi. Tədbirə Azərbaycan futbol
klublarının demək olar ki, bütün fanat qurumlarının rəhbərləri dəvət edilmişdi.
O cümlədən "Bosman” fanklubunu burada fanklubumuzun rəhbəri Mirhafiz Babayev təmsil
edirdi.
Tədbir, "İnter” futbol klubunun yeni fanat
qurumunun elan olunmasının təqdimat mərasimi idi. Əvvəlcə, tədbirin aparıcısı,
"İnter” klubu adından iştirakçıların hamısını salamlayaraq, onları gündəlikdə
olan məsələ ilə tanış etdi və "Zadəgan” İnter Azarkeş Dərnəyinin təsis
olunmasını elan etdi. Dərnəyin rəhbəri, əvvəllər Oktay İnterli kimi tanıdığımız
Oktay Ağazadəni isə "İnter” fanklubunun prezidenti təqdim etdi.
Sonra "Zadəgan” dərnəyinin rəhbəri Oktay
Ağazadə də görüş iştirakçılarını salamlayıb, bu yenilik haqqında geniş məlumat
verərək, gələcək planlarının bir hissəsini açıqladı. Daha sonra bir neçə görüş
iştirakçılarına da söz verildi.
"Bosman” fanklubunun rəhbərinin çıxışının
qısa məzmununu təqdim edirik:
Mirhafiz Babayev də çıxışına, görüş
iştirakçılarını, bütün "Xəzər Lənkəran”
azarkeşləri o cümlədən fanklublarımızın rəhbərləri adından salamladı. Onların,
tədbirdə hər hansı məsələnin müzakirəsindən asılı olmayaraq, tədbirə uğur
arzuladıqlarını dilə gətirdi. Həmçinin natiq, "Xəzər Lənkəran”la, "İnter”in azarkeşlərinin
dostluq əlaqələrindən danışıb, başqa fanklublarla da belə dost münasibətə həmişə
hazır olduqlarını bildirdi. O cümlədən Azərbaycanda müxtəlif yönlü, yəni
klbların nəzdində fəaliyyət göstərən və müstəqil fəaliyyət göstərən
fanklubların olduğunu bildirərək, bu yeni müstəqil formada yaranan dərnəyin əhəmiyyətli
olacağını bildirdi. Dərnək sözü dilimizdə nəyi isə öyrənən insanların birliyi
olduğundan bunun əhəmiyyətini bir daha qeyd etdi.
Daha sonra "Bosman”ın rəhbəri dünya
futbolundan danışaraq, Braziliya, hətta Avropada müxtəlif ölkələrin müxtəlif
futbol uslublarının, o cümlədən şərq və Afrika futbolunun özünəməxsus üslublarının olduğunu dilə gətirərək,
onlarin fanatlıq üslubunun da fərqindən danışdı. Biz fanatlara bəzən
Avropasayağı ola bilməməyimizi irad tutanların nəzərinə bunları çatdırmağı məsləhət
bildi: Avropada və başqa xarici ölkələrdə əlbəttə yaxşı, bizlərə uyğun nə varsa
onu götürməliyik, lakin onları yamsılamamalıyıq. Yuxarıda göstərdiyi, müxtəlif
ölkələrdə futbol üslubu müxtəlif olduğu kimi, Azərbaycan futbolunun da özünəməxsusluğunu
qeyd edən natiq, bizdə fanat hərəkatının da özunəməxsus formalaşmasını
iştirakçıların diqqətinə çatdirdı.
Bunun onsuz da qaçılmaz olduğunu bildirib,
bu işdə fanklubların üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etdi. Xüsusən,
bu fikirlər digər iştirakçılar tərəfindən də bəyənilərək alqışlarla qarşılandı.
Daha sonra hamı bir birinə müvəffəqiyyət
arzuladı, beləcə tədbirin rəsmi hissəsi qurtardı,hamı çay stolu arxasında söhbətlərini
davam etdirdi. Diqqət çəkən məqamlardan biri də "Flaqman” fanklubunun rəhbəri
Ceyhun Bədəlzadənin bu günki "Futbol +” qəzetindəki fikirlərinə görə Mirhafiz
Babayevə dərin təşəkkür etməsi oldu.
|