Dünən
Avropa-2012 seçmə mərhələsində Azərbaycan-Almaniya millilərinin oyunu xüsusən
ölkəmizdə böyük maraqla gözlənilməkdə idi. Oyunun təşkili və azarkeşlərin Tofiq
Bəhramov adına stadionu tam doldurması çox gözəl görüntülər idi. Çoxdan idi ki,
bu arena bu qədər azarkeşi ağuşuna almamışdı. Bəli, ölkə futbolsevərləri gözəl
futbolu anlayır və onun canlı izləyicisi olmaq üçün heç nəyini əsirgəmir.
Oyunun
başlama şərtləri, hakim tərəfindən hansı komandanın hansı tərəfdə və oyuna
başlayacaq komandanın hansı olacağını təyin etmək üçün komandaların kapitanları
da daxil olmaqla atılan püşk anının işıqlandırılmasından tutmuş, himnlərin futbolçular
tərəfindən oxunmasını lap yaxından izləyicilərə təqdim edən, həmçinin texniki
imkanlardan istifadə edərək ofsayt vəziyyətlərindəki "xətti-kölgəli aydınlatma”nın
tətbiqi nəticəsində epizodların daha dəqiq araşdırılmasına kömək edən bir usta
teleyayım, sanki Avropa meydanlarını və bu meydanlardan canlı teleyayımı
xatırladırdı. Təşkilat məsələləri çox ürəkaçan idi.
Oyuna
ilk olaraq başlayan Almaniya millisi bir neçə dəqiqə ərzində topu özlərində
saxlayaraq sanki "top bizimdir” demək istəyirdilər. Dəqiqələr ötdükcə isə Azərbaycan
millisində azarkeşlərin də dəstəyi sayəsində psixoloji gərginlik aradan
qalxmağa başladı və yavaş-yavaş təşəbbüsu ələ almağa başladılar. İnsafən bu dəqiqələrdən
sonra millimiz ardıcıl hücumlar təşkil etməyə başladı və hətta Almaniya
millisinin qapısı ağzında bir neçə real qol vəziyyətləri yaratmağa nail oldu. Lakin
ya rəqib qapıçının inamlı oyunu, ya qapı tiri, ya da futbolçularımızın azca dəqiq
olmamalarının xətası ucbatından hesabı açmaq mümkün olmadı. Bu birinci hissənin
ortalarına qədər davam etdi. Burada alman futbolçularının zəif oyununu və qeyri
dəqiq ötürmələrlə yadda qalmalarını da qeyd etmək lazımdır. Sanki onlar rəsmi
oyuna yox, ya yoldaşlıq oyununa və yaxud məşqə çıxmışdılar. Çünki az sonra
hesabı açsalar da qol sevincini ötəri formada yaşadılar. Gərgin oyunlarda isə
kombinasiyalar qurub qol vurmaq üçün alışıb yanan futbolçunun qol sevinci ilə
bu qol sevinci arasındakı fərqi, diqqətli izləyicilər rahat fərqləndirə bilirlər.
Daha sonra ikinci qolu vuran almanlar yenə eyni süstlüklə sevindilər.
Hakimlərə
gəlincə fikrimizcə, Yunanıstanı təmsil edən hakimlər briqadası, baş hakim
Mixail Koukoulakis, köməkçiləri Xristos Baltas, Leonidas Vasileidais və ehtiyat
hakim Vasilios Pamporidis ümumiyyətlə oyunu normal idarə etdilər. Lakin bəlkə də
buraxdıqları yeganə səhv qismən də olsa oyunun gedişatına təsir etməmiş
deyildi. Çünki hələ hesab açılmamışdan ötürmə alan Vüqar Nadirov heç də ofsayt
vəziyyətində deyildi və bu ötürməni qolla tamamladığına görə hətta baş hakim Mixail
Koukoulakis tərəfindən sarı vərəqə belə aldı. Sonradan "xətti-kölgəli
aydınlatma” vasitəsi olan texniki imkandan
da aydın görünürdü ki Vüqar Nadirov heç də ofsayt vəziyyətində olmayıb və
çıxdığı təkbətək epizodunda hakimlər, xüsusən yan xətt hakimi bayrağı havaya
qaldırmaqla səhvə yol veribmiş.
Milli
komandamız əvvəlkilərə nisbətən daha hazırlıqlı görünürdü və daha baxımlı oyun
göstərə bilmə imkanlarının olduğunu ortaya qoya bildi. Burada Almaniya millisi əsas
fiqurlarsız oyuna çıxmışdı və sonradan bir-iki əsas heyət oyunçusunu da gənclərlə,
Podolski və Özili Götzelərlə əvəzləməsi də onların oyuna nə dərəcədə ciddi
yanaşmalarının göstəricisi idi. Buna baxmayaraq komandamızın futbolçularına,
sanki qarşılarındakının Almaniya yığması olmasının fərqinə varmadan
bacardıqları mübarizəni apardıqları üçün təşəkkür etməyə dəyər. Əvvəllər qeyd
etdiyimiz beynəlxalq oyunlardakı psixoloji durum çatmamazlığı aradan qalxmış
kimi görünürdü ki, burada azarkeşlərin tribunaları tam doldurması və bu dolu
tribunaların komandaya verdiyi dəstək böyük rol oynayırdı. Ümumiyyətlə
komandamız adətən güclü rəqiblərə qarşı daha yaxşı motivə olunur deyə bilərik.
Sonda
Almaniya millisinin olduqca zəif çıxışına görə hətta azarkeşlərimiz Yoahim Löv
üçün bir neçə dəfə onun başa düşmədiyi dildə istefa şüarı da səsləndirdilər.
Kim bilir bəlkə də Vüqar Nadirovun vurduğu qol hesaba alınsaydı futbolçularımız
ruhdan düşməz, nəinki heç-heçə, hətta qələbə də qazana bilərdilər. Bu məğlubiyyəti
də yunanıstanlı hakimlər briqadasının ayağına yazmaq olar.
|