Milli
komandaların Avro-2012-yə vəsiqələrini təmin etmək üçün son oyun günü də geridə
qaldı. Düzdür el arasında bir misal var:-"Bu işdən bizə nə?” Çünki püşkatmada
komandalar rəqiblərini incələyir və final mərhələsinə çıxmağın yollarını
arayır. Qruplara "güclü səbətlərdən” təşrif buyurmuş milli komandalar elə əvvəlcədən
qrupların favoriti sayılır. Qalan ortabablar da nəyəsə ümid edərək vəsiqə
uğrunda mübarizə aparır, bəzən buna nail də olurlar. Bir də qaldı "zəif səbətlərdən”
qrupa təşrif buyuran autsayderlər. Onların da işi heç olmasa sonuncu yeri
tutmamaqdan ibarət olur. Nə yazıq ki, biz də ancaq bu məqsəd üçün "mübarizə”
aparırıq. Hətta bu il bəzi şəxslərin dediyinə görə sensasiyaya da imza atdıq. Yəni
indiyə qədər qrup mərhələləri ərzində özümüzə görə ən çox xal toplaya bildik,
7-xal. Bununlada Qazaxıstanı son pilləyə sıxışdıraraq, ondan yuxarıda qərarlaşdıq.
Axırdan ikinci yer və "sensasion 7-xal”.
Ümidlərimizi
qırmasaq, türklər demişkən, "Bu da geçər!”. Daha ha vaxt keçər, hara keçər, bu
gələcəyin işidir. Oturub bu keçmənin zamanını gözləməkdən başqa çarəmiz yoxdur.
Odur ki, qrupumuzda baş verən bəzi məqamlara diqqət edək. Alman millisi
maksimum xalla, yəni 8-oyuna, 24-xal toplaya bildi. Bu da o deməkdir ki, onlar
nə ev, nə də səfər oyunu bilmədən keçirdikləri bütün matçlardan qalib
ayrılaraq, hər dəfə meydanı 3-xalla tərk etdilər. Türkiyə ilə səfərdə
oynamalarına və artıq qrupun liderliyi məsələsini həll etmələrinə baxmayaraq
1:3 hesabı ilə qalib gəldilər. Son turda isə onlar Belçika millisini qəbul edirdilər
və qrupdan çıxma baxımından bu oyunun onlar üçün heç bir əhəmiyyəti yox idi.
Buna baxmayaraq onlar imic xatirinə də olsa 3:1 qələbə qazanaraq Belçikanın
belini qırdılar və final mərhələsinə çıxmaq şanslarını puça çevirilər.
Səfərdə isə
millimiz Türkiyənin qonağı idi. Bunun bizim üçün əhəmiyyəti olmasa da türklər
üçün həyati əhəmiyyəti var idi. Onlar mütləq qələbə qazanmalı idilər ki,
Almaniyadakı hesabın başqa cür olması hər seyi alt-üst edə bilərdi. Özü də
bakıda millimizə qol vura bilmədən minimal hesabla uduzmaları onlara bu məsul
oyunda əlavə güc verməli idi. Əks halda öz meydanlarında da Azərbaycana məğlubiyyət
onların final mərhələyə yollarını bağlaya bilərdi. Bir tərəfdən Bakıdakı
prinsipin əvəzini çıxmaq məsələsi var idi. Digər tərəfdənsə, bu fiaskonu bir
daha yaşamaq qorxusu var idi. "Dədə Qorqud” filmində Qazan xanın məşhur bir
sözü yada düşürdü:”Bu gün öz qılıncımız, öz başımızı kəsəcək”di.
Bəlkə də bu
üzdən tarix bizə yardımçı oldu. Nə Azərbaycan Türkiyəyə qalib gəlib, onu
yolundan saxlaya bildi, nə də Türkiyə yığması bizə divan tuta bildi. Türkiyə də
Azərbaycana az vurdu. Cəmi bir top onları final mərhələsinə çıxardı. Düzdür
türklər böyük hesablı qələbə üçün çox çalışsalar da, buna müvəffəq ola bilməilər.
Çünki Azərbaycan yığması müdafiədə çox gözəl oyun nümayiş etdirirdi. Bu Avstriya millisi ilə son ev oyunumuzdakı bərbad müdafiədən sonra daha açıq-aydın hiss olunurdu. Bütün 90-dəqiqəni
inamla və yorulmadan müdafiə olunan millimiz bəlkə də ilk dəfə idi ki, belə səhvsiz oynadı və rəqibin
bütün təzyiqlərinə davam gətirə bildi. Bu gördüyümüz oyunların müdafiə olunma
baxımından bəlkə də ən savadlısı idi. Qalır orta xəttlə, hücum xəttinin mükəmməl
oyunu ki, bunları da düzəltməyə nail olsaq, onda bəlkə gələcəkdə nəyəsə ümid
etmək olar. Bu dəfəki, Almaniyanın Belçikanın belini qırması və Türkiyənin Azərbaycana
az vurması bəlkə də hamımızın işinə yaradı. Növbəti tsikllərdə millimizə
uğurlar arzu edirik. Bunun üçün ölkə çempionatımızın da şəffaf və ədalətli
keçirilməsinin əsaslı payı var. Bu olmadan digəri də olmayacaq ki, bu da gün
kimi aydındır.
Mirhafiz M.
Babayev
|