Ötən mövsüm ölkə
çempionatında müəyyən nəticələr əldə edərək, Avrokuboka vəsiqə qazanan "Xəzər
Lənkəran” bu yarışlara və həm də yeni mövsümə hazırlaşmaq, təlim-məşq, eləcə də
yeni futbolçuları komandaya cəlb etmək üçün Avstriyanı məkan olaraq seçdi. Buna
qədər bir sıra oyunçuları artıq heyətdən kənarlaşdıran komandamız, Avstriya
təlim-məşq prosesində də bir neçə futbolçunu göndərməyi qərara aldı. Buna
qarşılıq isə Mirça Rednikin vaxtında əvvəllər də komandamızın şərəfini qorumuş
olan Rumın futbolçu, Adrian Manuel Skarlatakeni və hələ də adı müxtəlif
komandalarla hallanan "Neftçi”nin yetirməsi olan müdafiəçi Ruslan Abışovu
heyətə qata bilib. Hələlik üç yoxlama xarakterli oyun keçirən "Xəzər Lənkəran” düşərgəyə
müxtəlif mövqelərə dəvət etdiyi, və müxtəlif ölkələrdən olan bir çox
futbolçuları da bəyənməyərək geri göndərib. Belədə gedənlərin yeri dolmayınca,
məcbur olaraq Avrokubok yarışlarında oynayacaq futbolçuların siyahısından
ibarət iştirak ərizəsini də qitənin ali futbol qurumuna artıq göndərib. Düzdü
bu siyahıya hələ də yeni alınacaq futbolçuların adlarını daxil etmək mümkündü,
amma bu qədər zaman boşa verildikdən və anlaşıldığına görə baxışa gələn və baş
məşqçi tərəfindən bəyənilməyərək geri göndərilən futbolçulardan sonra, yeni
heyət qurmaq üçün bir bu gün son yoxlama oyununda sınaqdan keçiriləcək iki, üç
futbolçu var ki, onlar da futbolda o qədər də güclü olmayan ölkələrin ikinci
liqa və ya ümumiyyətlə futbolu zəif olan ölkələrin birinci divizion
təmsilçilərindəndir. Beləliklə, yaxşı mənada nəyə isə ümid etməyin özü belə
riskli vəziyyətə söykənib.
Bu arada
təlim-məşq yekunlaşacaq və komanda İyun ayının 29-da ölkəyə, doğma azarkeşlərin
yanına qayıdacaq. Bundan sonra isə hər hansı güclü futbolçuların Lənkərana
baxışa gələcəyi və komandaya qoşulacağı isə o qədər inandırıcı görünmür. Elə bu
ərəfədə yəqin ki, bütün bu azarkeş narahatlıqlarını nəzərə alan "12cioyuncu.info”
saytı, baş məşqçi ilə azarkeşlərin virtual olaraq ünsiyyətini qurdu və azarkeşlər
tərəfindən ona bir çox suallar, eləcə də təkliflər ünvanlandı. Artılq hamımızın
bildiyi kimi Yunis Hüseynov ümumiləşdirilmiş və qısa formada bunları
cavablandırıb.
Cavabdan və
bir sıra azarkeş şərhlərindən sonra, istər istəməz başlıqdakı "Allahu Əkbər... "Xəzər Lənkəran” yalnız
mərhələ keçmək üçünmü yaşayır?” fikri, adamın beynini silkələyir. Bu ona görədir ki, həm baş
məşqçi və həm də bir sıra azarkeşlər Avrokubokdakı ilk rəqibimiz olan Estoniya
təmsilçisi "Nomme Kalyu” nu keçsək, tarix yazmış olarıq kimi fikirlər səsləndirirlər.
Məgər komandamız o günə qalıb ki, "Nomme Kalyu” səddi bir tarixə çevrilsin?
Bunun ilk olacağını biz də inkar etmirik. Çünki, nə ötən mövsümlər Moldova "Olimpiya”sını
və nə də ondan əvvəllər kimi isə keçə bilməmişik. Bu düşüncə tərzi bizi geriyə
aparır. Amma Ağasəlim Mircavadovun dönəmində Zaqreb "Dinamo”suna qarşı hər iki
oyun, elə bir sıra xəyanət adlandırılacaq hərəkətləri çıxmaqla, Mirça Rednikin
dönəmindəki Təl-Əviv "Makkabi”sinə qarşı oyun və ümumilikdə məğlubiyyətlər, min
"Olimpiya” və "Nomme Kalyu” üzərində ola biləcək qələbələrdən daha şanlı
səhifədir ki, artıq bunu "Xəzər Lənkəran” öz oyunu və azarkeş dəstəyi ilə sübut
edə bilib. Bizə, asan rəqib arzu edib mərhələ adlamaq yaraşır, yoxsa, gözəl və
güclü heyət qurub istənilən komanda ilə döyüşə atılmaq? Tutaq ki, "Nomme Kalyu”nu
birtəhər keçib tarix yazdıq. Bəs ondan sonra, Poznan təmsilçisi "Lex”, daha
sonra nə bilək kim? Bir "Nomme Kalyu”nu keçək deyə gözəl oyun və sağlam komanda
olmaq ənənələrimizimi qurban verməliyik?
Komandamızın "Nomme
Kalyu”nu keçməsini əlbəttə biz də hamı kimi istəyirik. Amma əsasən Mirça Rednikdən
miras qalan, Cüneyt Biçər və Yunis Hüseynov tərəfindən bir sıra işlək hissələri
xarab edilən bir maşınlamı? Siz bir düşünün görək bu heyətlə, hücumçu faktiki
sıfır səviyyəsində olan bir komanda ilə "Nomme Kalyu”dan sonra nəyə ümid etmək
olar? Bəlkə futbolçu alınması problemi heç baş məşqçi ilə də əlaqədar deyil.
Amma vəziyyət belədirsə, onda baş məşqçi niyə özünə hörmət etməyərək, günlərini
sayır? Bizə günlərini sayaraq, "Nomme Kalyu”nu tarixi bir qələbə hədəfi sayan
komandamı lazımdır? Bəs hanı o güclü, möhtəşəm və rəqibini silkələyən "Xəzər
Lənkəran”?
Mövsümün
sonlarında Avrokuboklara hazırlaşan "Xəzər Lənkəran”a və rəhbərliyinə "Hər kəsə
sübut edək ki...” adlı bir yazıyla müraciət etmişdik. Müraciətdə bu fikirlər də
yer almışdı: "Hörmətli klub rəhbərliyi,
klubumuzun maddi imkanları buna uyğundursa, onda qurun gözəl və güclü bir
"Xəzər Lənkəran”. Qurun ki, heç vaxt Avropada uğur qazanmamısınız
deyənləri yerindəcə oturdaq. Qurun ki, Avropaya səs salaq. Qurun ki, möhtəşəm
azarkeşlərimiz bu komanda ilə nəfəs alır deyə. Qurun ki, ölkədə yeganə olan
"Fırtınalar Meydanı”nın divarları alqış səsələrindən titrəsin. Qurun ki,
bəzi üzdəniraqların bu gurultudan qulaqları batsın və nəhayət qurun ki, bu
doğma Lənkəranın, həm də sizin adınızdır.
Mais müəllim, klubumuzun imkanı çatırsa, cənc
istedadları, təcrübəsi Avropa yarışlarında uğur qazanmağa kifayət edəcək
futbolçuları alın. Alın, axı siz "Xəzər Lənkəran”a belə, qiymətindən asılı
olmayaraq çox futbolçular bəxş etmisiz. Bu il isə daha güclülərini alıb,
möhtəşəm "Xəzər Lənkəran” qurun. Alnımız açıq, məramımız düz, birlikdə
Avropa macərasına çıxaq. Alqışlamaqla ayağa qalxaq, sevməyənləri yerində
oturdaq.
Bu yuxu deyil. Bu sizin, bizlərlə bacaracağımız
həqiqətdir. Allah amanında... "
Bəli,
məqsədlər yaxın və uzaq və ya minimum və maksimum olmaqla həyata keçirilir. Bu
gün minimum məqsədimiz əlbəttə "Nomme Kalyu” səddini aşmaqdır. Bəs ondan sonra?
Bəs maksimim məqsəd? Bu Avstriya təlim-məşq prosesi külli vaxt aldı. Burada yalnız
itirdiyimiz oyunçulardan başqa heç bir oyunçu qazanmadıq. Əlbəttə, oyunçu
qazanmaq üçün 15-20 günlük təlim-məşq prosesi yetətli deyil. Keçdi o dövrlər.
İndi başqa zamandır. İndi oyunçu qazanmaq istəyən, il və ya illər boyu gözaltı
etdikləri futbolçuları uyğun məqamda əldə edə bilmək bacarığıdır. Bunun üçün
isə daxili çempionatın bol oyunları vaxtı müxtəlif mövqelərin daha da
gücləndirilməsini qətiləşdirməli və uyğun futbolçu gözaltı edib daimi
maraqlanmaq gərəkdir. Dünya praktikasına fikir verin. Hər hansı mütəşəkkil
komanda təlim-məşq zamanı futbolçu baxışa çağırır fikrinə bəlkə də oralarda
gülürlər. Sənin bəyəndiyin futbolçu, elə öz komandasında oynadığı vaxt sənin
üçün baxışda olmuş sayılmalıdır. Bunun üçün isə Avropa və dünya klublarına, orada
çıxış edən futbolçulara və onların potensialına dəqiq bələd olmalısan. Yoxsa,
Biçər kimi yox! Malidən bir neçə oyunçunu iki ildir izləyirəm deyirdi. Amma
baxışa çağırıb, birini elə oradan geri göndərdi ki, xəstədir. Bu necə
maraqlanmaqdır ki, onun xəstəliyindən xəbərin olmasın?
Heyif,
görəsən komandamızda, Rednik kimi Avropa və dünya futboluna bələd olan həqiqi
məşqçi tanıyırıqmı? "Ax, xəyanətkar Rednik, bizi niyə atıb getdin? Sən ki, "ölüləri”
də dirildə bilirdin!” P.S. Əgər hər hansı tutarlı səbəb varsa, onda bu ittihamların günahını üzərimizə götürmək istəməzdik. Amma göründüyü qədər bu birinci hal deyil. Yenə də hər hansı bir tutarlı səbəb var isə bu haqda klub, heç olmasa, azarkeşlərinə nəyi isə müəyyən formada sızdırmağa borcludur ki, belə ittihamlara səbəb olan anlaşılmazlıqlar da olmasın. Belə olan halda, azarkeşlərin köməyinə həmişəki kimi arxalana bilərlər.
|