Səbirsizliklə gözlədiyimiz Avropa Kuboklarının 1-ci və
2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi arxada qaldı. Beləliklə, bir
müddət əvvəl avroliqalarda ölkəmizi təmsil edəcək dörd klubumuzun 1-ci mərhələdəki
konkret rəqibləri, həm də 2-ci mərhələyə adlayacaqları təqdirdə potensial rəqibləri
məlum oldu. Belə ki, doğma "Xəzər Lənkəran” ilk təsnifat mərhələsində
Estoniyanın paytaxtı Tallin şəhərinin təmsilçisi, "Nomme Kalyu” ilə
qarşılaşacağını püşk müəyyən etdisə, növbəti mərhələni bir növ komandamızın
ixtiyarına buraxdı. "Xəzər Lənkəran” mübarizədən qalib ayrılacağı təqdirdə,
ikinci təsnifat mərhələsində Polşanın Poznan təmsilçisi "Lex”lə, Qazaxıstan təmsilçisi
"Jetisu” cütünün qalibi ilə oynamalı idi. Gözlənildiyi kimi hər iki cütün
favoriti mübarizədən qalib ayrılaraq bir-birlərinə rəqib oldular.
Digər Estoniya təmsilçisi olan Narvanın "Trans” klubunu
isə püşk paytaxtımızın "İnter” komandasına rəqib etdi ki, bu cütün qalibini də
Yunanıstanın "Asteras” klubu gözləyirdi. Cütün favoriti sayılan Bakının "İnter”
komandası elə səfərdəki ilk qarşılaşmada rəqibindən 0:5 üstün olmaqla demək
olar mərhələnin taleyinə aydınlıq gətirmiş oldu. Dünən keçirilən evdəki cavab
qarşılaşması formal xarakter daşıdığını bir daha sübut etdi. Belə ki, artıq təslim
olmuş "Trans” Narva daha iki qol yeyərək vətəninə döndü.
Avroliqadakı üçüncü təmsilçimiz poaytaxtımızın "Bakı”
klubu isə, ilk təsnifat mərhələsini püşkün göstərişi ilə Sloveniyanın "Mura”
komandasına rəqib olmuşdu. Evdə rəqib qapısına yol tapa bilməyən təmsilçimiz
0:0 bərabərə qalmaqla, xoşbəxtliyini rəqib meydanında axtarmalı olacaqdı. Dünən
cavab oyunları günündə isə "Bakı” klubu ondan gözlənilənlərin əksinə olaraq 2:0
yenilməklə ikinci təsnifat mərhələsində, Bolqarıstan təmsilçisi, Sofiyanın ÇSKA
klubuna rəqib ola bilmədi. Rəqib meydanında oynamasına baxmayaraq böyük ölçüdə
üstün oyun nümayiş etdirən təmsilçimiz heç cür qapı torunu silkələyə bilmədi. Hərçənd
buna bir çox epizodlarda yaxın olsa, belə. Çox təəssüf ki, keçiləsi mümkün olan
"Mura” təmsilçilərimizdən birini yarışlardan kənar etməklə avroliqadakı təmsilçi
sayımızı ikiyə endirdi.
Bir az əvvələ qayıtsaq və püşkatma mərasimindən dərhal
sonrakı mətbuat səhifələrini yada salsaq, əksər informasiya səhifələrində yer
alan münasibətdə hamı ən zəif rəqibin "Bakı”nın bəxtinə düşdüyündən danışırdı.
Buna da əsas təlim-məşq toplanışında "Bakı”nın elə bu komandaya böyükhesabla
qalib gəldiyini göstərirdilər. Amma nə oldu, mətbuatmı yanıldı? Bir tərəfdən
"Bakı”nın heyətinə görə rəqibindən çox üstün və bahalı futbolçularla zəngin
olduğunu nəzərə alaraq, belə demək mümkün olmasa da, təlim-məşq çərçivəsində
keçirilən oyunda rəqibinə böyükhesabla qalib gəlməsinə əsaslanaraq belə fikir söyləyənlər əlbətdə ki, yanılmış oldular. Ümumiyyətlə, bizim bir çox komandalarımız təlim-məşq
toplanışlarındakı oyunlara düzgün yanaşma etmirlər. Yalnız hesabla tanış olan mətbuat
isə əlbətdə ki, yanılır. Təlim-məşq toplanışları zamanı keçirilən yoxlama
oyunları xaraktercə tam başqa məna kəsb edir. Amma mütəxəssislərimizin əksəriyyəti
isə burada qazanılmış qələbədən məmnun danışmaqla yanıldıqlarını göstərirlər. Hətta
komandalarımıza rəhbərlik edən bəzi mütəxəssislərimiz belə oyunlardan sonra
uzun-uzadı qələbə qazanmaqdan danışaraq, əsas qalib gəlmək idi ki, biz bunu
bacardıq, deməklərinin də az şahidi olmamışıq. Rəqib yoxlama xarakterində oyun
keçirir, yeni gəlmiş futbolçuları müxtəlif mövqelərdə sınayır, müxtəlif taktiki
formaları yoxlayır deyə, əsas diqqətini də, düşüncəsini də bu yöndə qurur. Belədə
sən nəki var, oyun göstətib onu udursansa, bu qələbədən sevinirsənsə, hətta bu
qələbə haqqında danışırsansa, onda sən nə mütəxəssis oldun? Təlim-məşq
toplanışlarında yoxlama oyunlarındakı qələbədən məmnun qalan mütəxəssisin
ümumiyyətlə mütəxəssisliyi şübhə doğuran bir məsələdir. Məmnun qalmaq üçün
oyunda komandanın zəif cəhətlərini gücləndirib, nəyə isə nail olmaq kimi
anlamlar var. Lap hücum xəttini gücləndirib qol vurma arayışları məqsədi ilə keçirilən
yoxlama oyunu olsa belə, digər özünü doğrultma səbəbindən uğurlu həyata keçirilən
taktiki-texniki-fiziki nailiyyətlərin nəticəsinə sevinmək kimi olmalıdır. Daha filan
hesabla qalib gəldik, əsas qələbə idi və sair düşüncələr bütövlükdə yanlışdır. Bu dünyanın ən bərk qaçan adamı yamaykalı Usain Bolt küçədə yeriyərkən kiminsə, onu qaçaraq keçdiyindən sevinmə hissinə bənzəyir. Yaxud ən sürətli "Buqatti" avtomobili dayandığı məqamda onu sınıq-salxaq araba ilə ötüb keçmənin sevincindən yaranan hisslərə bənzəyir. Mətbuatın da rəqibi aşağılayaraq komandalarımızı arxayın salması artıq neçənci dəfədir ki, öz mənfi təsirini göstərir. Komandalarımız arxayın düşür. Belədə rəqibə hörmətlə yanaşma tərzində zəiflik göstərir. Əlbətdə komandanın məşqçiləri bu yöndə aldanmamalıdır və öz işlərinə diqqətlə yanaşmalıdırlar. Amma yoxlama oyunundakı qəlkəbəyə sevinən məşqçi, bunun öhtəsindən gələ bilərmi? Bunun klublarımıza daha bir mənfi təsiri də var. Belə ki, heç də bütün klublarımızda rəhbərlik tam futbol adamları deyillər. Belədə, mətbuatın hansısa rəqibi, asan keçiləcək rəqib kimi təqdim etməsindən sonra, alınan uğursuz nəticəyə görə, aləm bir-birinə qarışır. Klub rəhbərləri də mətbuatın yanaşmasına arxayın olaraq və onu əsas gətirərək, bəzən istedadlı mütəxəssisi belə göndərir. Daha nə rəqibi analiz edir, nə də mövcud durumu. Və fikirləşmir ki, bu futboldur... Bu oyunda bəzən ən güclü komandalar belə uğursuzluqlar yaşaya bilir.
|