"Ağasəlim Mircavadovun "dostları” və ya bu
torbanın ilmələri iynə ilə deyil "qıyıq"la vurulur.”
"12-ci oyuncu.com” saytında gedən bu
başlıqlı yazını mən də elə həmin gün oxudum. Yazıya ilkin olaraq münasibət
bildirmək istəsəm də, şəxsi işimlə əlaqədar, bu heç cür mümkün olmadı. Lakin bu
gün imkan tapıb (2-gün sonra), öz münasibətimi bildirirəm.
Hörmətli İslam bəy, bu mövzu ətrafında
araşdırmalar aparmış və baş məşqçiyə münasibətdə
müəyyən nəticələrə gələrək, həmçinin "Xəzər Lənkəran” tərəfdarlarını bir neçə
kateqoriyaya bölmüşdür.
Həmçinin İslam bəy, öz fanat
qurumları olan "12-ci oyunçu”nun necə ərsəyə gəldiyi haqda və şəxsən özünün bu
işlərdə nələr etdiyinin az bir hissəsini yada salaraq, bəzi məqamlara
toxunmuşdur.
Əvvəla, onu deyim ki, hörmətli İslam
bəy, şəxsən mənim, kimsəni üzünə tərif
edib mədhiyyəçilik etməklə aram yoxdur. O cümlədən bunun əksi olan, kiminsə
arxasınca nələrsə demək, əqidəmə zidd olan şeylərdir. Amma buna baxmayaraq,
söhbət bizim qururumuz olan "Xəzər Lənkəran”dan gedirsə, və onun yolunda kimlərsə
əziyyət çəkirsə, hamısının qiymətlənririlməsinin tərəfdarıyam. Bu baxımdan həqiqətən
də sizin çəkdiyiniz əziyyət və bu əziyyətləri çəkərkən, yalnız elinə, obasına,
onun adını daşıyan bir futbol klubu olan, "Xəzər Lənkəran”a bağlılığınız, sizi
heç bir maddi olaraq deyil, yalnız mənəvi tərəfdən gələn bir maraq olaraq bu
yöndə çalışmalarınıza təkan vermişdir. Bu yöndə çalışanların hamısını mən də
alqışlayıram və onların önündə getdiyinizi deyə bilərəm.
Söhbət Ağasəlim Mircavadovun, "Xəzər
Lənkəran”a ikinci qayıdışından gedirsə, mən də bu qayıdışın lehinə olmuşam və
deməyə sözüm, bu qayıdışı əsaslandırmağa əlbəttə fikirlərim var. O da məlumdur
ki, Ağasəlim Mircavadovun, "Xəzər Lənkəran”a
ikinci qayıdışı zamanı klub rəhbərliyinin, şəxsən klub prezidenti Mais Mənsimovun
fanatlarla görüşünün nəticəsi olaraq, bu baş vermişdi. Yadındadırsa, Mais Mənsimov
həmin görüş zamanı adlı-sanlı məşqçilərlə danışıqlar apardıqlarını, hətta maddi
tərəflər razılaşdırılsa belə onlar biləndə
ki, Azərbaycana, onun heç paytaxtına da deyil, başqa bir kiçik şəhərinə gəlib fəaliyyət
göstərməlidirlər, elə o andaca
danışıqları yarımçıq saxlayırdılar deməsi, şəxsən mənim, "Əgər belədirsə, onda
belə çıxır ki, ümidimiz yerli məşqçiyə qalır. Belədə də bizim bir namizədimiz
var” deməyimin ardından,”Doktor hər şey ola bilər” söyləməsi və digər
iştirakçıların da etiraz etməməsi, iki gün sonra bu təyinatın rəsmiləşməsi ilə
başa çatdı.
Bu namizədliyi irəli sürərkən, biz
havadan deyil, faktlara söykənmişdik. Məhz , Ağasəlim Mircavadovun, "Xəzər Lənkəran”da
əvvəl də işləməsini, onun komandamıza neçə-neçə titul qazandırması, fərqli və
baxımlı oyun üslubu gətirməsi, buna əsasən bütün oyunlar zamanı tribunaların
ağzınacan dolmasını və s. kimi müsbət arqumentləri əsas götürmüşdük. Hər bir
normal insan bu faktların heç birini inkar edə bilməz.
O cümlədən, Ağasəlim Mircavadovun,
"Xəzər Lənkəran”dan əvvəl də digər klublarla da qazandığı uğurları nəzərə
aldıqda, onun necə bir mütəxəssis olduğu aydın görünür. Əlbəttə SSRİ
dağıldıqdan sonra, hələ müstəqil olaraq təşəkkül tapmayan Azərbaycan
futbolundakı uğursuzluqlar bu baxımdan istisnadır.
Yeni dövr üçün isə Ağasəlim
Mircavadovun ölkədə birnömrəli mütəxəssislərdən olması danılmazdır. Məhz onun
dönəmində "Neftçi” komandası uğurlu çıxışları ilə yadda qalmışdır. Onun
"Neftçi”dən gedişinə baxmayaraq, qurduğu heyət dağılana qədər, az çox uğurlu
çıxış etmiş, lakin bu heyətdən sonra başqaları tərəfindən qurulan heyətlə hələ
ki, bu komanda da titullara həsrətdir desək yanılmarıq.
Sözu bura təsadüfən istiqamətləndirmədim.
Ölkə mətbuatı da həmişə bu mütəxəssisin oyunçu seçiminə hörmətlə yanaşıb, bu
işdə onu həmişə "Oyunçu sərrafı” kimi təqdim edir. Misallar çəkmək bəlkə də
yersizdir.
Burdan bir sıra başqa məsələlərə
keçid alıram. İslam bəy, sizin göstərdiyiniz kimi, son çempionat və kubok oyunu
ərəfəsində hətta bi az da ondan əvvəlki vaxtların bəzi məsələlərinə toxunmamaq
mümkün deyil. Mən adlar çəkmədən həmin ərəfədə bəziləri tərəfindən bu oyunlarda
nəticədən asılı olmayaraq, Ağasəlim Mircavadovun istefaya səslənməsinin
vacibliyinin sadə azarkeşlər arasında təbliğatının aparılmasının şahidi
olmuşdum. Amma əlbəttə belə məsul oyunlar ərəfəsində buna mümkün qədər bir
fanklub olaraq müqavimət göstərməyə çalışmışdıq.
Bəziləri deyə bilər ki, son matçda qalib gələrək
çempion olacaq bir komandanın baş məşqçisini istefaya səsləmək nə qədər məntiqə
uyğundur? Belədə yada salmaq lazım gəlir ki, "Xəzər Lənkəran” son bir neçə
turda tam çempionluğa yaxın ikən, demək mümkünsə çempionluğun öz əlində olduğu son
iki-üç tur ərəfəsində artıq bu üzdəniraq qüvvələr öz fəaliyyətlərinə start vermişdilər
və getdikcə komandaya təsir etməyə başlamışdılar. Nəticədə onların istəkləri "Xəzər
Lənkəran”a zərbə vurmaqla yekunlaşdı. Amma məşqçinin istefasına hələ ki, nail
ola bilmədilər. Deyilənə görə, mayın 15-də son çempionat oyununa fəxri
prezidentin gəlişi nəzərdə tutulmamışdı. Bunu stadionda həmişə onun gəlişi ərəfəsində
görülən səliqə-səhman işlərinin yetərincə olmaması və xüsusi hazırlığın
olmaması da göstərirdi. Bunu klubdakı nümayəndələrin birinin dediyincə, "bizim əsas
hazırlığımız kubokun final oyununadır”, deməsi bir daha sübut edir. Lakin fəxri
prezident son çempionat oyununa bəlkə də xəbərsiz gəlib olanları özü görmək istədi.
Mən yenə o qənaətdəyəm ki, oyundan sonra onun dediyi acı sözlər və "Mircavadov
postunda qalır” fikri, az sayda istefa qışqıran azarkeşlərə yox, onları öyrədənlərə
qarşı bir mesaj idi.
İndi də seçimdə oyunçu sərrafı olan Ağasəlim
Mircavadovun avroliqa öncəsi baxışa gələnlərin heç birini bəyənməməsi sual
doğurur. Bəlkə də baxışa zəif oyunçular çağırıb, Ağasəlim Mircavadovu pis vəziyyətdə
qoymaq istəyən, elə bununla işlərindən hələ əl çəkmədiklərini və nəyəsə nail
olmaq istədiklərinin iddiasını davam etdirirlər.
Sizlərin yadına, artıq komandamızdan getmiş
D.Kalinkovun avroliqaöncəsi "Olimpiya” – "Xəzər Lənkəran” matçı ilə bağlı bir
fikrini çatdımaq istərdim. Komandalardan hansı şanslıdır sualına D. Kalinkov
belə cavab verir: - "Xəzər Lənkəran”ın
güclü heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş ordusu var. Məncə bunlara
görə "Xəzər Lənkəran” daha şanslıdır. Özünüz fikir verin, Ağasəlim Mircavadovun
didərgin saldığı deyilən, D. Kalinkov, əgər belə olsaydı yəqin ki, başqa cür
danışardı.
Sonda bunu demək istəyirəm. D. Kalinkovun
dediyi kimi: - "Xəzər Lənkəran”ın güclü
heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş ordusu, həmçinin klubuna can
yandıran rəhbərliyi var. Bunlar birlikdə - "Xəzər Lənkəran” ailəsini təşkil
edir. "Xəzər Lənkəran” ailəsi hər cəhətdən möhkəm bir ailə olmuş və bu gün də
belədir. Bunun gələcəkdə də belə olması üçün göstərilən bütün ailə üzvləri daha
da bir birinə bağlılığını həmişə nümayiş etdirməlidir ki, İndi bizim üçün,
"başqa komanda lazımdır” və ya "Azercell”, "Xəzər Lənkəran”ı alır kimi şayiələr
uydurmasınlar.
"Xəzər Lənkəran” bizim qururumuzdur və
olaraq da qalacaq! Bilməyənlər, şübhə edənlər, mane olmaq istəyənlər bu
izdihamın ayaqları altında qalacaqlar.
Çətin günlərsiz həyat olmur, bunu yalnız
yaşamağı bacaranlar dəf edə bilir!
Uğurlar sənə və səni sevənlərə - "Xəzər Lənkəran”
!
Mirhafiz M. Babayev 27.06.2010
|