Ölkəmizdə
çıxan daha bir nüfuzlu idman nəşri olan "Çempion” qəzetinin iddiasına görə
komandamızdan ayrılanların sırasına əski "Roma”lı futbolçu olan rumıniyalı Adrian
Pits də qoşulub. Belə ki, adıçəkilən qəzetin bugünki (17-19 iyun 2011)
sayında bu barədə manşet xəbər dərc olunub. Xəbəri olduğu kimi diqqətinizə
çatdıraraq onu da demək istəyirik ki, Adrian Pits ayrılarkən həm də "Futbolunuz
barədə məndə müsbət fikirlər oyandı” -kimi fikir də səsləndirib.
Ötən
mövsümün qış fasiləsində "Xəzər Lənkəran”ın heyətində köklü dəyişikliklərin
şahidi olduq. Baş məşqçi Mirça Rednikin heyətə cəlb etdiyi futbolçular arasında
Adrian Pits də var idi. Nüfuzuna və karyerasına görə, ölkəmizə gəlmiş ən səviyyəli
legionerlərdən biri olan Pits özünü yaxşı tərəfdən də göstərə bildi. Rumıniyalı
futbolçu meydançaya çıxdığı bütün oyunlarda, demək olar ki, komandasının ən yaxşılarından
biri olmağı bacardı. Hamı sabiq "Roma”lının "Xəzər Lənkəran”da qalacağını gözləsə
də, Rednik fərqli qərar verdi və mövsüm başa çatan kimi yola salınan
futbolçular arasında Pits də yer aldı. Hazırda ölkəsi Rumıniyada olan futbolçu
ilə əlaqə saxlayıb, hazırki durumu ilə maraqlandıq. Yarımmüdafiəçi öz çıxışını
dəyərləndirərkən bir çox mövzuya da toxundu: "Xəzər Lənkəran”da olduğum bu qısa
müddətdə çox şey gördüm. Azərbaycana gələnə kimi sizin futbolunuz barədə heç
bir məlumatım yox idi. Mənə təklif gələrkən, az da olsa tərəddüd edirdim. Ancaq
təklif Mirça Rednikdən gəldiyinə görə "yox” deməmişdim. Azərbaycana gəldim və
qısa müddət ərzində futbolunuz barədə məndə müsbət fikirlər oyandı”.
|