Bu gün Azərbaycan futbolunda xüsusi yeri olan və futbola qədəm basdığı gündən
daha çox tanınaraq ictimaiyyətin böyük sevgisini qazanan, "Xəzər Lənkəran”ın fəxri prezidenti, "Palmali” Şirkətlər Qrupunun
prezidenti Mübariz Mənsimovun doğum günüdür. Hər bir azərbaycanlının qürur mənbəyinə çevrilən Mübariz bəyi sevmək üçün kifayət qədər səbəb
var. Vətənpərvər, bacarıqlı iş adamı, ölkə xaricində yaşayıb, fəaliyyət
göstərsə də demək olar aldığı hər bir nəfəslə belə Azərbaycanla yaşayır. O,
dünyada böyük gəmiçilik şirkətinin sahibi olsa da Azərbaycanı və onun qəhrəman
övladlarını unutmur və əlində olan bütün imkanlarla, ölkəmizi tərənnüm edir.
Belə ki, dünya sularında üzən iritutumlu tankerlərinə Azərbaycanın igid və
qəhrəmanlarının, böyük şair və yazıçılarımızın, ictimai xadimlərimizin,
düşmənlərimizin vəhşiliklərini dünyaya tanıdılması vacib olan Xocalı kimi
şəhərlərimizin adlarını verməklə, böyük bir təbliğat və ölkə həqiqətlərinin
dünyaya çatdırılması kimi vətənpərvər iş görməkdə davam edir.
Digər bir tərəfdən ölkəmizdə futbola gətirilən
yeni nəfəs isə onun başçılığı altında yaradılan "Xəzər Lənkəran”ın ölkə
birinciliyində çıxışı ilə başlayıb. Məhz onun dünya futbolunda tanınmış
isimləri "Xəzər Lənkəran”a gətirməklə gördüyü işlər, ölkə futbolunun da
nüfuzuna ciddi mənada xoş təsirlərini buraxmış məqamlardır. Zəngin futbol
tarixi olan Lənkərana, ümumilikdə cənub bölgəsinə böyük futbolu, elə böyük
səviyyədə qaytaran və bununla da biz futbolsevərlərə maddi dəyərlə deyil, böyük
mənəvi dəyərlərlə sevinc bəxş edən bir şəxs olan Mübariz bəy haqqında geniş nələri
isə yazmağa ehtiyac qalmır. Çünki onun gördüyü böyük vətənpərvər işlərdən
azacıq məlumat, onun böyüklüyü haqqında lazımi təsəvvür yaradır. Hər halda onun
haqqında ölkəmizin idman mediasında Mübariz bəyi sevənlərin də, tənqid edənlərin də qəbul
etdiyi bir fikir var- O, ölkə xaricində qazandığı pulları Azərbaycan futboluna
xərcləyən və xərclədiyi paraların maddi olaraq geri gəlməyəcəyini bilə-bilə
yenə xərcləməkdə davam edən yeganə şəxs, yeganə klub prezidenti, yeganə iş
adamıdır.
Azarkeşlərlə birbaşa əlaqədə
olmasa belə, onların tələbləri ilə birbaşa tanış olan və bu tələbləri lazımınca
dəyərləndirən bir klub sahibi olan Mübariz bəy, az öncə dünyaca ünlü mütəxəssis
Con Benjamin Toşakı "Xəzər Lənkəran”ın başına gətirməklə, azarkeşlərə və
komandaya nə qədər önəm verdiyini bir daha sübut etmiş oldu. Maraqlı
məqamlardan biri də elə odur ki, elə yeni uelsli çalışdırıçımızın da bu gün
doğum günüdür. İki böyük simanın yəqin ki, arzuları arasında ən öndə olanı "Xəzər
Lənkəran”ı layiq olduğu məqamda görməkdir. Bizdə bu arzunun tezliklə
gerçəkləşəcəyinə inanır, həm fəxri prezidentimizə, həm də sevimli komandamızın
baş məşqçisinə can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər
arzulayırıq.