
25 sentyabr 2010-cu ildə baş tutacaq
"Xəzər Lənkəran” – "Neftçi” matçı ilə əlaqədar ''Xəzər
Lənkəran” azarkeşlərinin AFFA prezidentinə
M Ü R A C İ Ə T İ
Son dövrlər Azərbaycanda futbolun ildən ilə
inkişafı göz qabağındadır. Klublarımızın
güclənməsi hesabına milli çempionatın səviyyəsinin yüksəlməsi, Avropa turnirlərində
nəzərə çarpan irəliləyişə nail olmamız, beynəlxalq reytinq cədvəllərində irəliləyiş
və digər göstəricilər buna əyani sübutdur.
Çempionatımızda iştirak edən
klubların arasında keçirilən matçlar səviyyə və maraq baxımından xeyli yüksəlsə
də, hələki cəmi bir matç "Böyük oyun” kimi həm media, həm futbol ictimaiyyəti və
həm də azarkeşlər tərəfindən qəbul olunur. Bu matçın hər iki iştirakçısı olan
komandalar, "Xəzər Lənkəran” və "Neftçi” Azərbaycan futbolu tarixində özünəməxsusluğu
ilə seçilir. Bu komandalar arasında keçirilən bütün matçlar öz idmana xas olan
gərginliyi ilə yadda qalır. Bəzən isə bu gərginlik, xoşa gəlməyən nəticələrlə də
yadda qalmış və futbolsevərlərin üzüntüsünə gətirib çıxarmışdır. 2009/2010
futbol mövsümünün 25-ci turu çərçivəsində, 27 mart 2010-cu il tarixində bu
komandalar arasında Lənkəranda keçirilmiş matçda bəzi xoşagəlməyən halları buna
misal göstərmək olar. "Xəzər Lənkəran” azarkeşləri olaraq, biz belə halları
pisləyir və bundan sonra da buna bənzər halların baş verməməsini arzulayırıq.
Həmin matçda baş verənlərlə bağlı baş
hakimin, matçın təşkili və keçirilməsinə məsul şəxslərin cəzalandırılması,
sizin obyektiv imicinizi daha da möhkəmləndirdi. Məhz bu obyektivliyinizi əsas
götürərək, bu il sentyabr ayının 25-də, 7-ci tur çərçivəsində Lənkəran şəhərində
bu komandalar arasında keçiriləcək matçı öz nəzarətinizdə saxlayaraq, hər hansı
meydandankənar amillərin bu oyuna müdaxiləsinin qarşısını alacağınıza əminlik
ifadə edirik və matçın sağlam idman mübarizəsi şəraitində keçəcəyinə inanırıq.
- "Bosman” Fanklubu
- "12-ci oyunçu” Azarkeş qrupu
24 sentyabr 2010.
|