21 Oktyabr 2012-ci il müstəqil Azərbaycanın ilk
müstəqil idman nəşrlərindən olan "Futbol+” qəzetinin təsis edilməsindən və ilk
sayının işıq üzü görməsindən 15 il ötür. Əvvəllər, sovet dönəmində idman
ictimaiyyətini Azərbaycan dilində məlumatlandıran sovet Azərbaycanının yeganə nəşri
"Идман” qəzeti idisə, yeni dövrə ölkədə öz xüsusi yanaşma tərzi ilə "Futbol+” qəzeti
öz möhürünü vurdu. Doğurdan da elektrotexnikanın və davamı kimi internet xidmətinin
belə bir inkişaf səviyyəsinə çatdığı bir dövrdə bir qəzet nəşrinin informasiya
aktuallığını necə saxlaya bildiyi, sözün əsl mənasında təəccüb doğurur. Bu qəzetlə
bərabər və ondan sonrakı dövrlərdə də neçə-neçə belə idman nəşrləri fəaliyyətə
başlasa da onların çoxunun ömrü qısa oldu. Lakin "Futbol+” qəzeti artıq bu gün
15 ildir ki, nəşr olunur və oxucuların çox intizarla gözlədiyi növbəti sayını
onların ixtiyarına həvəslə təqdim edir.
"Futbol+” qəzetinin bir çox özəllikləri də var ki,
bunların biri elə onların idmanda baş verənlərə obyektiv yanaşma tərzidir. Müxtəlif
fikirlilik kimi əsl demokratik yol seçən bu qəzetin sevilmə səbəblərindən biri
də onun hər hansı məsələdə qarşı tərəflərin hamısına eyni tribuna yaratma
ustalığıdır. Müxtəlif araşdırmalarla əsl həqiqəti ortaya çıxarmaq bacarığı bu qəzetin
ömrünü uzatdıqca, uzadacaq deyə bilərik.
Bir çox üstünlüklərindən biri də onun azarkeş
mövqeyinə ciddi önəm verməsidir ki, bunun da əsasını elə bu qəzet qoyub ki, bu
gün də bu işi lazımi səviyyədə davam etdirməkdədir.
Bu 15 ildə gözəl və peşəkar kadrları bir "Futbol+”
ailəsində toplamaq və yetişdirməklə, əsl peşəkarlıq nümunəsi göstərən bu qəzetin,
oxucular tərəfindən niyə belə sevilməsinin səbəbi hamıya aydındır.
Biz "Bosman” fanklubu olaraq bu qəzeti həqiqətən də
yüksək dəyərləndirir, qəzetin kollektivinə can sağlığı, uzun ömür, həmişəki
kimi peşəkarlıqda və sağlam ruhda davam etmələrini arzu edirik. Məhz bunun nəticəsi
olan "Fdutbol+” qəzetinin növbəti saylarını həvəslə gözləməkdə davam edirik.
Bir daha 15 yaşın mübarək olsun "Futbol+”! Hörmətlə: "Bosman” fanklubu 20 Oktyabr 2012
|