
Biz bu bəyanatı imzalayanlar, "12-ci
Oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlı və "Bosman” fanklubunun rəhbəri
Mirhafiz Babayev "Xəzər Lənkəran” klubunun mövcud vəziyyəti ilə əlaqədar,
klubun fəxri prezidenti və eyni zamanda sahibi, həmçinin təkcə cənub bölgəsinin
deyil, bütün Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görmüş Mübariz
Mənsimov cənablarına 2012-ci il sentyabr ayının 1-də hər iki qurum rəhbərinin
imzası ilə müraciət ünvanlamışıq. Müraciətdə, həmişə iddialı olan bir klubun
indi turnir cədvəlinin aşağı pillələrində yer alması, qənaətbəxş oyun
sərgiləməməsi və bir sıra məqamları qeyd etmişik. Klubun sahibi kimi Mübariz
bəydən, bu enişə səbəb olan faktorların dəqiqləşdirilməsi və aradan
qaldırılmasını, bu komandanın sadiq azarkeş qurumlarının rəhbərləri kimi xahiş etmişik.
Bütün idman ictimaiyyətinin
diqqətinə çatdırmaq istəyirik ki, məhz bu müraciətdən sonra ətrafımızda dolaşan
qəribəliklər hiss etməyə başlamışıq. Düzdür, əvvəllər də komandanın subyektiv
olaraq, qənaətbəxş oyun sərgiləmədiyi dövrlərdə yazdığımız araşdırıcı yazılardan
sonra belə təhdid və hədə-qorxulara rast gəlmişik. Amma indiki məqamda belə
hallar daha çox vüsət alınca, narahatlığımızı çatdırmağı lazım bildik.
Müraciətdən sonrakı son günlərdə "12cioyuncu.info” saytının şərh bölmələrinə
hədə-qorxu dolu təhdidlər, təhqirlər və guya nədəsə mən, İslam Cabbarlını ifşa
edəcəkləri ilə bağlı fikirlər daxil olur. Telefonuma gələn müxtəlif nömrəsi
bilinməyən zənglərdə də eyni şeylər təkrar olunur.
Klubun sahibinə müraciətdən sonrakı
son günlər "Bosman” fanklubunun rəhbəri kimi mənim də ətrafımda qəribəliklərin
baş verdiyini deyə bilərəm. Mənə yaxın hesab etdikləri bəzi şəxslər müxtəlif
adamlar tərəfindən yanıma göndərilir. Müraciətin konkret kim tərəfindən yazıldığı
ilə dolayısı yolla maraqlanırlar. Təbii ki, müraciətin hər iki fanat qurumunun
rəhbərlərinin imzası ilə göndərildiyi məlum olsa da, mən də müəyyən məsələni
dəqiqləşdirmək üçün yanıma göndərilmiş həmin şəxsə bunu mənim yazdığım barədə
bilərəkdən informasiya sızdırdım. İki gün sonra isə klubun yuxarı dairələrində
müraciətin mənim tərəfimdən yazıldığı barədə informasiyalar gəlməyə başladı.
Bunu "12cioyuncu.info” saytının şərh bölmələrində də görmək mümkün idi. Mən bu
informasiyanı yanıma göndərilmiş adama sızdırdıqdan sonra şərhlərdəki
xarakterin də dəyişdiyi aydın görünür. Həmin göndərilən şəxslərin klubda
kimlərə "yaxın” olduğunu bildiyimdən məsələnin kökünə də yəqinliyim var. Daha
sonra bu "yaxın” adamlar məni müxtəlif yerlərə dəvət edir və kimlərləsə birlikdə
görüşmək təkliflərini irəli sürsələr də təbii ki, mən bunların heç birini qəbul
etməmişəm. Həmin şəxslərin dediklərindən həm də o aydın olur ki, rəhbərliyə yaxın bir çox dairələrdə sizin haqqınızda informasiyalar toplanır, müzakirələr gedir və əyilməyən bir şəxs kimi də qiymətləndirilir.
Hər ikimiz, bunu, yəni müraciətin
kim tərəfindən yazılmasını dəqiqləşdirmək məsələsini isə onların konkret kimiunlə
haqq-hesab "çürütmələrini” bilmək cəhdi kimi qiymətləndiririk.
Müraciətimizdən sonra bu kimi hallar
hansısa təhlükənin yaxınlaşdığı barədə siqnallardır. Belə insanların klubda
işləməsi isə heç də yaxşı hal deyil. Onlar bilməlidirlər ki, klubun prezidenti
olan Mais Mənsimov cənabları, həm də qardaş Türkiyə respublikasının ölkəmizin
cənub bölgəsi üzrə fəxri konsuludur. Klubda Mais Mənsimovun tabeliyində çalışan
belə insanlar düşünməlidirlər ki, baş verə biləcək hər hansı narahatlığa görə, həm
ölkəmizi və həm də qardaş Türkiyə respublikasını və onun cənub bölgəsi üzrə
fəxri konsulu Mais Mənsimovu pis vəziyyətdə qoya bilərlər. İnanırıq ki, bu
bəyənatdan sonra Fəxri konsul və eyni zamanda klubumuzun prezidenti olan Mais
bəy qətiyyətlə bunların qarşısını alacaq və lazımi tədbirlərini görəcək ki, hər
hansı narahatlıq baş verməsin. Bununla da əmin olmaq istərdik ki, bizə olan
təhdidlər və telefonumuza gələn gizli zənglər barədə Hüquq Mühafizə orqanlarına
müraciət etməyimizə ehtiyac qalmayacaq.
Onu da bildirək ki, sevimli
komandamız olan "Xəzər Lənkəran”ın bu günki durumu bizim kimi minlərlə azarkeşi
də qane etmir və bu barədə klubun sahibi Mübariz Mənsimov cənablarından
tədbirlər gözləyirik. Biz bütün bunlara baxmayaraq yenə də komandamızı
dəstəkləməkdə davam edəcəyik və onun Azərbauycan futbolunun inkişafında rolunu
görməkdən qürur duyuruq.
İmza: "12-ci
Oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlı
"Bosman” fanklubunun rəhbəri
Mirhafiz Babayev
02
Oktyabr 2012
|