Bildiyiniz kimi "Bosman” fanklubu və
"12-ci Oyunçu” azarkeş qrupunun təklifi ilə II təsnifat mərhələsində İsrailin Təl-Əviv
təmsilçisi olan "Makkabi” klubu ilə komandamızın səfərdə keçirəcəyi matçı
azarkeşlərimizin doğma "Fırtınalar Meydanı”ndan monitor vasitəsi ilə birbaşa
izlənməsi ideyası irəli sürülmüşdür. Azarkeşlərimizin isə bu təklifə çox isti
yanaşması və baş tutacağı təqdirdə hamılıqla iştirak edəcəklərini bildirmələri
isə komandamızın azarkeşlərinin həqiqətən də "Xəzər Lənkəran”a nə qədər bağlı olduğunun
göstəricisidir. Bununla da bu layihə baş tutacağı təqdirdə "Xəzər Lənkəran”
azarkeşləri bəlkə də dünyada bir ilkə imza atmış olacaqlar. Lakin bundan daha
vacib olan məsələ isə səfərdə çətin oyun ərəfəsində komanda üzvlərimizin də bu
layihədən xəbər tutaraq özlərini rəqib meydanında o qədər də qərib hiss etməmələri,
doğma azarkeşlərin dəstəyini məsafəcə uzaqda olsa da mənən yaxından hiss edərək,
bütün bacarıqlarını ortaya qoya bilmələri üçün düşünülən bir addımdır. İnşAllah
bunun böyük ruh yüksəkliyi yaradaraq komandamızın bu çətin səfər oyunundan sərfəli
nəticə ilə dönməsində rolu olacağı qənaətindəyik.
Beləliklə,
"Xəzər Lənkəran” azarkeşlərinin bu addımı və əlaqədar olaraq stadion rəhbərliyinə
müraciəti ölkə mətbuatında da yüksək qiymətləndirilərək, öz əksini tapmışdır.
Ölkənin nüfuzlu informasiya agentlikləri komandanın icraçı direktoru, eyni
zamanda "”Xəaər Lənkəran” Mərkəzi Stadionu”nun direktoru Höccət bəy Hacıyevlə əlaqə
saxlayaraq, buna necə qarşılıq verəcəkləri ilə maraqlanmışlar. Məşhur "Futbol+”
qəzeti isə Höccət bəydən bu barədə fikirlərini öyrənmiş və aşağadakı kimi buna
dəyər vermişdir.
Onu da deyək
ki, komandamızın Avstriya təlim-məşq prosesini başa vuraraq, israilə səfəri
zamanı bu xəbəri eşidərkən, başda Mirça Rednik olaraq bütün komanda heyətinin nə
qədər ruh yüksəkliyi ilə qarşıladığı haqda da məlumatımız var.
Aşağıda "Futbol+”
qəzetinin 12-13 iyul tarixlərinə təsadüf edən sayında bu məsələ ilə bağlı
verilmiş məlumatı nəzərinizə çatdırırıq:
"Bildiyiniz
kimi, "Xəzər Lənkəran” azarkeşləri komandalarını dəstəkləmələrinə, müxtəlif
ideyalar irəli sürmələrinə görə ölkə futbolunda xüsusi çıkiyə malikdi. Hər
halda, çempionatda dəfələrlə belə halların şahidi olmuşuq. Lənkəranlı
fanklublar oyunlar zamanı açdığı banner, plakatlarla digər rəqiblərindən fərqlənir.
Belədə, təbii ki, onlardan bu mövsüm avrokuboklardakı ilk matçına hazırlaşan
sevimli komandaları ilə bağlı yenilik gözləməyə dəyərdi. Çünki qitəmiqyaslı
yarışların həyəcanı tam başqa olur. Cənubluların ilk matçı səbirsizliklə gözləməsi
də məlum məsələdi. Hətda onlar klub rəhbərliyinə maraqlı təklif ünvanlayıb. Belə
ki, hər oyunda Lənkəran stadionunu dolduran azarkeşlər bu dəfə də səfərdə baş
tutacaq matçı məhz arenadan canlı izləmək istəyir. Təbii ki, stadionda
quraşdırılmış böyük tablo vasitəsilə. Bəs cənublu fanatlar arzusuna çata biləcəkmi?
Dünən məsələ ilə bağlı klubun direktoru Höccət Hacıyevlə əlaqə saxladıq: "Azarkeşlərimizin
fikirlərinə hörmət edirik. Həmişə onlarla məsləhətləşirik. Bununla bağlı mənə zəng
edib, təkliflərini irəli sürüblər. Mən də fikirləri müsbət dəyərləndirdim. Amma
bu, texniki imkanlarımızdan asılıdı. Oyunu birbaşa ekrana verə biləcəyiksə,
problem olmayacaq. Hazırda operatorlarımız burda yoxdu. Onlarla əlaqə
saxlayacağam və bunun mümkün olub-olmadığını öyrənəcəyəm. Yəni onlar üçün daha
rahatdısa, istədikləri kimi edəcəyik ki, oyunu böyük ekrandan izləsinlər.
Fikrimcə, tablomuzun imkanları buna çatar.”
|