Bakes fevral
ayı kimi tez gəlib getdi. Özü də qəribədi ki, ispan çalışdırıcının birdəfəlik
getməyi elə fevrala düşdü. "Xəzər Lənkəran” da bekar qalmadı, çox əlləşdi,
vuruşdu, axırda ikinci altılığa düşdü. Okeanlarda irəliləmək üçün suya
buraxılan "Xəzər Lənkəran” sısqa çaylara üz tutmağa məcbur oldu. Ya zəlzələdən,
ya vəlvələdən, ya da "Qəbələ”dən "Xəzər Lənkəran” cədvəlin yedəyində sürünməyə
məhkum edildi. Mirça Rednik kimi səviyyəli məşqçini Lənkərandan qovmaq üçün
bütün şərəfsizliyə qol qoyanlar əllərinə və başqa yerlərinə xına yaxa bilərlər.
"Xəzər
Lənkəran”ın bunca miskin bir duruma gətirilməsində hamının günahı var. Fəxri
prezidentdən tutmuş masajçıya qədər hamı günahkardı. Bircə "ağ yaşıllara” könül
verən azarkeşlərdən başqa. Klubu yönətmək üçün maaş alan, bir zamanlar
dişlərini yumaya pasta tapmayan, indi isə Mübariz Mənsimovun hesabına tank
yekəlikdə avtomobil sürənlər "Xəzər Lənkəran”ın bu durumuna görə cavab
verməlidirlər. Heç kim yaxasını kənara çəkə bilməz. İllərdi əsl azarkeşlər
əsəbdən, xəcalətdən tər tökəndə klub yönətiçilərinin saçından yağ damır.
Yerləri dəyişməyin zamanı deyilmi?
Həmişə
çempionluğa, Avropa miqyaslı yarışlara getmək üçün oynayan "Xəzər Lənkəran”
lənətlənmiş bu mövsümün sonuna "Turan”la, "Kəpəz”lə, "Sumqayıt”la qarşılaşmaq
zorundadı. Mərhum şairimiz Şahmar Əkbərzadə demişkən, Utanım yerinə, ay utanmayan.
Bizim
Lənkəranı təmsil edən klub bu miskin vəziyyətə bir gecənin içində düşmədi. Gəmi
yanlış idarəçilik üzündən neçə vaxt idi ki, qəzaya doğru üzürdü. Zəfərdən,
uğurdan başqa heç bir təmənnası olmayan
azarkeşlər, qələmini satlığa çıxarmayan jurnalistlər yazır, "SOS” siqnalı verirdilər.
Amma klub rəhbərliyinin heç dabanına da deyildi. Klubun başında duranlar
həqiqəti yazanlara az qala "Əl-Qaidə” döyüşçüsü gözü ilə baxırdılar.
Normal vaxtda
proqnozlar düz çıxanda sevinərdik. Lakin təəssüf ki, yazdıqlarımız düz çıxdı.
Təəssüf ki, düz çıxdı…
Deyilənə
görə, Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti Teodor Ruzvelt "Ən uğurlu
siyasətçi hamının düşündüklərini imkan daxilində daha tez-tez və daha ucadan
söyləyən siyasətçidir” kəlamını işlətməyi sevərmiş. Obyektiv insanlar "Xəzər
Lənkəran”dakı qəzanı imkan daxilində daha tez-tez və daha ucadan söyləsələr də
klub rəhbərliyindəki adamlar qulaqlarını dincə qoydular. İndi isə batmış
gəminin qalıqlarına ağlayırlar. Özü də heç düz-əməlli ağlamağı da bacarmırlar.
Nəyi bacarırlar ki…
Sonuncu
toplantı da onların becəriksizliyini sübut edir. Nə toplantı? "Sumqayıt”la
oyundan bir gün sonra klubun ofisində rəhbərlik yığışaraq durumu müzakirə edib.
Rəhbərlikdəki adamlar mobil telefonlarını söndürməyi belə bacarmadıqlarından
danışılanlar kənara sızıb. Mühafizə kameraları da toplantının görüntülərini
qeydə alıb. Ofisdə çalışan dostlar sağ olsunlar ki, həmin görüntüləri bizə
ötürüblər.
Deməli belə,
"Xəzər Lənkəran”ın rəhbərliyi toplantıda. Otaqda vitse-prezident Tuyqun
Nadirov, idman direktoru Babək Quliyev, rəis Səməd Mustafayev və icraçı
direktor Höccət Hacıyev oturublar. Prezident Mais Mənsimov içəri daxil olan
kimi hamı ayağa qalxır. Prezident yuxarı başa keçib otağı gözdən keçirir,
tavana baxır, sol əlinin iki barmağı ilə masanın üstündəki əyilmiş gəmi maketini
dikəltməyə çalışır.
Sükutu Tuyqun Nadirov pozur.
Tuyqun
Nadirov: – Son illər ölkədə geniş miqyaslı abadlıq quruculuq işləri həyata
keçirilir. Körpülər, tikilir, yollar salınır. Təəssüf ki, bəzi qüvvələr buna
mane olur, əngəl törətməyə çalışır. Məndə olan məlumata görə Ramin Musayevin
iki qohumu "Xəzər Lənkəran” avtobusu keçən körpülərdə cadu basdırıb. Ona görə
də klub yaxşı nəticələr göstərə bilmir. Bakes gələn gündən neçə dəfə kabinetə
çağırıb söhbət etdim. Hətta şeir də oxudum
Apardı könlümü bir xoş, qəmərüz,
canfəza dilbər
Nə dilbər? Dilbəri-şahid. Nə
şahid? Şahidi-sərvər.
Mən ölsəm sən büti-şəngül, sürahi
eyləmə qülqül
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər
Şaha şirin sözün qılır Misirdə bir zaman
kasid,
Nə kasid? Kasidi-qiymət. Nə
qiymət? Qiyməti-şəkkər.
Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş. Nə suziş?
Suzişi-məcmər.
Həsənoğlu sənə gərgçi duaçıdır,
vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə?
Bəndeyi-çakər.
Hər dəfə bu
şeiri oxuyanda görürdüm ki, ispan məşqçi gözlərini döyür. Bu şeiri anlamayan
adam necə baş məşqçi ola bilər, futbolçularla dil tapa bilərdi? Ona görə də
yola salındı. Amma problemlər həll olunmayıb. Venesuela prezidenti Uqo Çaves
xəstələndiyinə görə argentinalı futbolçu Olgin qatıq yemir, pendir içmir.
Höccət
Hacıyev Səməd Mustafayevə tərəf əyilərək: – Venesuelanın icra başçısı Fidel
Kastronu işdən çıxarıblar?
Tuyqun
Nadirov: – Yerdən danışmayın, səbət dalından gübrə tökülmür.
Höccət
Hacıyev əsəblə ayağa qalxır: – Bəziləri deyir ki, guya mən gübrə yemişəm.
Səməd, sən mənim dişlərimə bax, heç gübrə yeyənə oxşayıram?
Tuyqun
Nadirov: – Müslüm Gursəsin ölümü heç yerinə düşmədi. Gökhan Güləş nə yerdədi,
nə göydə.
Səməd Mustafayev: – Bayaq barda
idi.
Höccət Hacıyev: – Müğənni İbrahim
Pekkana nə olub?
Tuyqun
Nadirov: – Rusiya Qəbələ RLS-dən imtina etməyə vaxt tapdı? Bəşər Əsədə sadiq
qüvvələr yaxşı müdafiə olunur.
Höccət Hacıyev Səməd Mustafayevə
tərəf əyilərək : – Doktor deyəsən xəstələnib.
Babək Quliyev
ayağa qalxır: – Azadlıq aşiqi Babək "Babək” filmində deyir ki, 4 gün idman
direktoru işləmək 40 il hakim işləməkdən yaxşıdı.
Höccət
Hacıyev bu dəfə öz-özünə: – Bu sözü Babək "Babək” filmində demir e, "Uzaq
sahillərdə” kinosunda deyir.
Səməd
Mustafayev ayağa qalxır: – Bəzi ağzıgöyçəklər deyir ki, mən niyə maşın sürürəm.
Bəs nə edim, əvvəllər olduğu kimi yenə "sanka” sürüm? Antalyada olanda dedilər
ki, təzə oyunçu Lüvəsərdə gözləyir. Mən də getdim ora. Sonra məlum oldu ki, mən
Lüvəsərə gedəndə təzə oyunçu Havzavada gözləyib. "Qəbələ” ilə oyunda Bakes telefonda
Skarpadapenin istədiyi qıza mesaj yazırdı. Torbasını…
Höccət
Hacıyev onun sözün kəsir: – Torbasında pişik olanın dədəsi ölsün. Stadionda iki
dənə pişik var idi, satdım getdi də. Hamı mənim üstümə düşüb. O gün Tuyqun bəyə
dedim ki, krossvord yazıram, mənə bir qız futbolçu adı de. O da dedi ki,
Dimariya. Bu gün səhər öyrənmişəm ki, Dimariya qız deyil, oğlandı, bəlkə də lap
kişidi, özü də "Talke-05”də oynayır.
Prezident
Mais Mənsimov yenicə axırına çıxdığı "Beloçka” qutusunu zibil qabına tullayaraq
otaqdan çıxır. Otaqdakılar masanın üstündə qalan 1 manat 70 qəpik üstündə
dalaşırlar. Söyüş söyən, bir-birinə mobil telefon tullayan kim. Göydə uçan
mobil telefonlardan biri güvənlik kamerasına dəyib sıradan çıxardığından
toplantının nə ilə bitdiyini tam öyrənə bilmədim.
Bildiyim odur
ki, milyonlar içində üzən "Xəzər Lənkəran”ın ilk altılığa düşməməsi, acından
günorta duran klublarla qarşılaşması dünyanın sonu demək deyil. Amma klubun
səriştəsiz idarəçiliyinə son verilməlidir. Əks halda "Xəzər Lənkəran”ın sonu
olacaq…