FIFA prezidenti cənab Yozef Blatterə və
UEFA prezidenti cənab Mişel Platiniyə
Bilirik ki, hər iki qurum və onun rəhbərləri
olan sizlər, yorulmadan dünyada və Avropada futbolun inkişafına çalışır və daim öz
töhfələrinizi verirsiniz. Bunların sübutu üçün çoxlu misallar göstərmək olar.
Dünyada futbol yarandığı gündən bu yana çox qayda və qanunların tətbiqi
nəticəsində müasir dövrünə qədəm qoymuşdur ki, indi sivil futbol qaydaları
dünyanın hər hansı yerində eyni formada tətbiq olunur.
İnkişaf edərək bu günlərə gəlib çixmış
futbol qaydalarından başqa, FİFA və UEFA-nın "No Racism” , "Fair Play” və s.
kimi tövsiyyələri də bu məşhur oyuna bir gözəllik və centlmenlik gətirmişdir.
Bütün bunlarla futbol daha çox sevilir və kütləviləşir desək yanılmarıq.
Futbola daha bir gözəllik gətirən onun
milyonlarla azarkeşləridir. Onlar futboldan zövq alır, bununla yaşayırlar.
Biz "Xəzər Lənkəran” azarkeşləri də doğma
klubumuzu sevir, onun həmişə var olmasını qəlbən arzulayırıq. Lakin doğma
klubumuz zaman-zaman hakimlər tərəfindən və başqa təzyiqlərə məruz qalaraq
layiq olduğu nəticələri əldə edə bilmir. Çoxlu misallar çəkib vaxtınızı almaq
istəmirik. Ancaq son 2009/2010 mövsümünün son matçında, "Bakı”-"Xəzər Lənkəran”
klubları arasında keçirilən Azərbaycan kubokunun final oyununda "Fair Play”
qaydalarının pozulması nəticəsində doğma klubumuza daha bir haqsızlıq edildi.
Aidiyyətli qurumların və şəxslərin isə burada heç bir "Fair Play”
pozuntularının olmamasını bəyan etmələri sizlərə müraciət etməyimizə səbəb
oldu.
Sizlərə müraciət edib bildirmək istəyirik
ki, aidiyyətli qurumlar kimi tərəfinizdən, bütün dünyada stadionları bəzəyən və
əməl edilən "Fair Play” şüarları, onsuz da buna məhəl qoyulmayan Azərbaycan
stadionlarından yığışdırılsın. Onda biz də hansı qaydalar çərçivəsində futbol
oynadığımızı bilərək narahat olmarıq.
Sizlərə futbolun gələcək inkişafında uğurlar
arzusu ilə bir qrup "Xəzər Lənkəran” azarkeşləri. 5000 imza.
QEYD: Bu müraciət artıq ingilis dilinə
tərcümə olunaraq,FİFA və UEFA prezidentlərinə göndərilmişdir.Bundan əlavə
Azərbaycan kubokunun final oyununda "Bakı” klubunun futbolçusunun FAİR- PLAY
qaydalıarına saymazyana yanaşaraq "Xəzər Lənkəran”ın qapısına qol vurması və
qol sonrası futbolçuların,həmçinin tribunalara toplaşan ağ-göy rəngli geyimdə
olan azarkeşlərin qol sevincini əks etditrən video görüntülər də futbol
qurumlarına təqdim olunub.
|