İki
gün əvvəl "Bosman” fanklubu olaraq, futbol üzrə XXI ölkə çempionatının təşkili
və matçların teleyayımı məsələsi ilə bağlı bir çox nüanslara "Kölgə” adlı
yazımızla toxunmuşduq. Bütün qabardılan problemlərdə sponsorlar, teleşirkətlər və
xüsusən də çempionatın təşkili və keçirilməsində məsul olan PFL-in (Peşəkar
Futbol Liqası) daha çox günahının olduğunu göstərmişdik. Həmçinin Azərbaycan futbolunun, göstərilən tərəflərin iddialarının yaratdığı bir üçbucağın kölgəsində qaldığını göstərmişdik. "Kölgə" yazısından bir gün keçməmiş PFL prezidenti Ramin Musayev dərhal burada qaldırılan məsələlərə münasibət bildirib. Ölkədə XXI futbol
mövsümü başlasa da hələ heç bir təşkilati işlərin təqdimatı və çempionatın
açılışı ilə bağlı rəsmi mərasimin (mərasimlərin) olmaması, bu və açılış
matçlarının televiziyalar ilə təqdim olunmaması tənqid olunmuşdu. PFL-in
prezidentinin məhz bütün bunlara aydınlıq gətirən və ölkənin aparıcı idman
saytlarından olan "Apasport.az” saytına müsahibəsi sanki bu məsuliyyətin dərk
edilməsinin göstəricisidir. Düzdür PFL prezidenti məsuliyyətin əsasən
sponsorlar və telekanallarla bağlı olmasını qabardıb. Amma biz hesab edirik
ki, bu məsələdə ölkədə futbolun inkişafına və kütləviləşməsinə əsas
cavabdehlərdən biri olan da elə AFFA və onun nəzdindəki PFL-dir.
Bununla
da bir fanklub olaraq, tək stadionda qışqırmaqla deyil, ölkə idmanına çoxşaxəli
xidmətin nümunəsini göstərmiş olduq. Təbii ki, bununla işin bitdiyini düşünmürük. Məsələlə\r tam real həllini tapana qədər bu mövzunu gündəmdə saxlayacağıq. Ümidvar olduğumuzu bildirmək istərdik ki,
qaldırılan məsələlər daha tez zamanda həllini tapacaq və azarkeşlərimiz futboldan
məhrum olmayacaqlar.
"Bosman” fanklubu
İndi də PFL prezidenti Ramin Musayevin qaldırılan
məsələlərlə bağlı "Apasport.az” saytına müsahibəsini təqdim edirik.
- 3 ildir Premyer Liqanın sponsoru olan "Unibank”la
əməkdaşlığa son qoyuldu. Hazırda vəziyyət necədir?
-
Onu deyə bilərəm ki, danışılıb, zəng gözləyirəm.
- Təfərrüatları barədə geniş danışmağınız
mümkündür?
-
Artıq danışmışıq. Həmin insanlar qəti qərar vermək üçün rəhbərləri ilə
görüşməyə gediblər.
- Deməli, hələ rəsmiləşməyib...
-
Rəsmiləşməyi qalıb.
- Yeni sponsorun adını deyə bilərsiniz?
-
Həll olunsun sonra. Yeni sponsorun kim, hansı sahədə fəaliyyət göstərdiyi haqda
hələ heç nə deyə bilmərəm. Məsələyə yaxın vaxtda aydınlıq gələr.
- "Unibank” kimi, yeni sponsorla da 3 il müddətinə
anlaşma nəzərdə tutulub?
-
Bəli.
- Bəs razılaşmanın şərtlərində hansısa fərqlər
varmı?
-
Fərqlər, üstünlüklər var. Qoy razılaşma olsun, sonra açıqlayım.
- Premyer Liqanın emblemi necə olacaq?
-
Bunu yeni sponsorla birlikdə hazırlayacağıq.
- Həmin qurum həm də Azərbaycan kubokuna sponsorluq
edəcək?
-
İstəmədilər, amma başqa təşkilatla maraqlanırıq.
- Ölkə kubokunun startına 1 aydan çox vaxt var.
Həmin müddətə kimi bu məsələyə aydınlıq gələcək?
-
İstərdik ki, həmin vaxta kimi olsun. Ancaq bu, bizim istəməyimizlə, bizdən
asılı deyil.
- Sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə 17
yaşadək qızlar arasında dünya çempionatının oyunları keçiriləcək ki, bu
səbəbdən Bakıda sıxlıq olacaq. Həmin vaxt paytaxtımızda oyunlar keçirmək mümkün
olacaq?
-
Bəli. Hansı stadionların dünya çempionatına aidiyyatı yoxdursa, orada çempionat
oyunları olacaq.
- Belə çıxır ki, dünya çempionatı olacaq
stadionlarda ev oyunlarını keçirən Bakı klubları özlərinə başqa arena
axtarmalıdırlar...
-
Onlara kömək edəcəyik.
- Optimal variant necədir?
-
Optimal variant odur ki, həmin komandalara kömək eləməliyik və xüsusilə, oyunlara
yer tapmalıyıq. Layihəmizdə belə bir şey var ki, Qəbələ rayonunun
stadionlarından istifadə edək. Çünki orda oyunlar keçirməyə imkan var və bundan
istifadə etməyə çalışacağıq.
- Zaqatala və Yevlax stadionlarından da istifadə
nəzərdə tutulub?
-
Bunu da reallaşdırmaq olar. Hava şəraitinə baxarıq. Nə lazım olacaqsa, onu da
edəcəyik.
- Bəs teleyayım? İlk turda heç bir oyun canlı efirə
getmədi...
-
İnşallah, bir şey alınmalıdır. Çünki televiziyalarımız yəqin bir qərara
gəlməlidirlər. Əgər bu ölkənin çörəyini yeyib, suyunu içib, havasını udurlarsa,
bunu etməlidirlər. Bu futbol tək bizim üçün deyil. Məqsədimiz odur ki,
komandalarımıza kömək edək. Burda bəzi şeylər var ki, açıqlamaq olmur. Onu siz
də bilirsiniz.
- Məsələnin həllinin yubanması maddi məsələlərdə
razılığa gələ bilməməklə bağlıdır? Bəlkə televiziyalar istədiyiniz pulu ödəmək
istəmirlər?
-
Bəli, televiziyalar pul vermək istəmirlər.
- PFL ilkin məbləğ kimi bir mövsümə 500 min manat
qiymət qoysa da, siz qiymətdə güzəşt olunacağına işarə vurmuşdunuz. Nə qədər
güzəşt etmisiniz ki, televiziyalar bu məbləğə də yaxın durmurlar?
-
Danışığa gələn olur, ancaq konkret işləmək istəyən görməmişik.
- "İdman Azərbaycan” və "Xəzər TV” rəhbərliyi ilə
görüşdünüz. Onlar yenə çempionatı yayımlamaqda maraqlı olmadılar?
-
"İdman Azərbaycan” yayım hüququnu əldə etməyə daha çox maraq göstərdi. Ancaq
sonda alınmadı.
- Əgər belədirsə, məsələ necə müsbət həll oluna
bilər?
-
Yəqin ki, onlar razılığa gəlməlidir, biz yox.
- İş ondadır ki, vaxt gedir, turlar bir-birini
əvəzləyir və oyunları izləmək mümkün olmayacaq...
-
Çempionata baxmaq istəyənlər ən azından bizim saytda oyunları izləyə
biləcəklər.
- Bu, ilk turda mümkün olmamışdı. Problemin texniki
tərəfi həllini tapıb?
-
Bəli, artıq izləmək mümkün olacaq.
- Bəs televiziyada?
-
Maraqlanmalıdır. Televiziyalar oyunları pulsuz yayımlamaq istəyirlər.
- Sizcə, vəziyyətdən çıxış yolu nədir?
-
Elə düşünürəm ki, televiziya şirkətlərinin rəhbərləri klub prezidentlərinin, sponsorların
ümumi dövlət, respublika, idman naminə pul xərclədiyini fikirləşməlidirlər.
Klublar oyunçular alırlar, futbolun inkişafı üçün şərait yaradırlar. Ancaq
televiziyalar bunun qarşılığında qonşu ölkələrdən bir örnək götürməlidirlər və
bəzi qeyri-qanuni hərəkətlərə yol verməməlidirlər, vəssalam.
- Aydın məsələdir ki, qeyri-qanuni hərəkət deyəndə,
televiziyaların yayıma görə klublardan pul istəməsi nəzərdə tutulur...
-
Bəli. Əfsuslar olsun ki, klub rəhbərləri hamısı gizləyir. Ancaq belə
olmamalıdır. Klub var ki, imkanı yoxdur. Klub da var imkanı çoxdur. İmkanı olan
nəyinsə xatirinə məcbur olmadan nəyisə edir. Bəs imkanı zəif olan nə
eləməlidir? O da pulu hardansa tapmalıdır. Biz də belə olmasın deyə tələb
edirik ki, yayıma görə televiziyalar pul ödəməlidir. Gəl, pulunu ver, oyunları
göstər. Azərbaycanda əvvəl-axır bu addım atılmalıdır. İndi bu addımı atmışıq və
buna axıra kimi getməyə çalışırıq ki, klublara yük düşməsin. Televiziya
tərəfindən futbola diqqət ayrılsın. İnşallah, bunun alınacağına inanıram.
- Belə çıxır ki, xəbərlər, idman, futbol
proqramları üçün oyunları çəkməyə gedən televiziyalar da bu imkana malik
olmayacaqlar?
-
Olmayacaqlar. Siz də bir azarkeşsiniz. Oyunları göstərməyə razı olma, ancaq
gəl, 5 dəqiqə çək, get göstər. Niyə? Niyə telekanallar vurulan qolları
göstərib, özlərinə reytinq yığmalıdır, ancaq futbola diqqət ayırmamalıdır?
Kubokun finalından öncə telekanalların birində reklam verməyi xahiş eləmişdik,
1 dəqiqəyə minimum 800 manat pul istədilər. Bəs mən niyə 5 dəqiqəlik oyunu
onlara havayı verim? Yəni futbol belə ucuzdur?
Mehman SÜLEYMANOV
|